Ermənistanla Azərbaycan arasında hər hansı bir divarın çəkilməsi və yaxud onlarla yumşaq dillə danışmaq olmur. Çünki bu, Ermənistanın anlayacağı bir tərz deyil. Praqada, ondan əvvəl isə Brüsseldə erməni tərəfi Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edib. Amma bu görüşlər başa çatan kimi Ermənistan növbəti təxribatlara əl atır. Bu, onu göstərir ki, Ermənistanı idarə edirlər.
Bunu Teleqraf.com-a hərbi ekspert Üzeyir Cəfərov deyib.
O hesab edir ki, bu məsələlərdə Ermənistanın öz iradəsi yoxdur: “Belə olan halda biz özümüzə, ordumuza arxalanaraq qarşıya qoyduğumuz məqsədlərə nail olmalıyıq. Hətta inandırıcı da deyil ki, yaxın yüz ildə Ermənistan dövləti, cəmiyyəti bu xəstəlikdən, xülyalardan xilas olan deyillər. İllərdir onlar qonşulara qarşı ərazi iddiası ilə çıxış edirlər. Azərbaycandan öncə qardaş Türkiyəyə qarşı Ermənistan tərəfindən torpaq iddiası var idi. Daha sonra Azərbaycana qarşı olan iddialarını gerçəkləşdirmək üçün ərazilərimizin 20 faizini 30 ilə yaxın işğalda saxladılar. Onların hətta qonşu Gürcüstana qarşı da ərazi iddiaları var. Bütün bunlar erməni toplumunun xəstə xəyallarından qaynaqlanan bir haldır”.
Hərbi ekspertin fikrincə, Ermənistana güc dili ilə şərtləri icra etməyə məcbur etmək lazımdır: “Bəlkə gec də olsa onlar anlayar ki, bu cür absurd iddiaların sonu yoxdur. Məntiqlə də Ermənistanın insan və hərbi resursları, dövlət büdcəsi Azərbaycanla müqayisə edilməyəcək dərəcədədir. 2020-ci ilin sentyabrın 27-də Ermənistan tərəfinin az qala “elit ordu” adlandırdığı silahlı qüvvələri Azərbaycan tərəfindən darmadağın edildi. Ona görə də, Ermənistan ordusunun yenidən bərpası üçün böyük bir zaman lazımdır. Bu səbəbdən də Ermənistanın təxribatlara əl atarkən kimə və nəyə arxalanması suallar yaradır. Təbii olaraq erməni təxribatı ilə bağlı formalaşan mənzərə tamam başqa mətləblərdən xəbər verir. Eyni zamanda Ermənistan tərəfi anlamalıdır ki, gec-tez yenidən Azərbaycanla baş-başa qalacaq və bu zaman da onların sonu heç də yaxşı olmayacaq”.