“Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Elxan bəy, Praqa görüşünün nəticəsini “France-Press” agentliyi belə Azərbaycanın növbəti diplomatik uğuru kimi qeyd edib. Ölkəmizin ərazi bütövlüyünün tanınması ilə bağlı əldə edilən bu razılaşmanı necə şərh etmək olar?
- Hər görüşdən real nəticə gözləmək də doğru deyil. Praqa görüşündə bizim üçün önəmli olan Ermənistanın rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanımasıdır. Bu faktiki olaraq Qarabağın Azərbaycanın ərazisi kimi qəbul edilməsi deməkdir. Bu sözsüz ki, şifahi razılaşmadır. Ortada hüquqi bir sənəd mövcud deyil. Ermənistan tərəfinin fikirlərindən imtinası da təəcüblü olan hal deyil. Əvvəllər onlar bu cür mövqe sərgiləyiblər. Bu baxımdan da çox müsbət nəticələrdən danışmaq da olmur. Ümumilikdə isə Azərbyacanın ərazi bütövlüyünün tanınması müsbət haldır.
- Sizcə, prosesin ardıcıllığı üçün hansı vacib şərtlər icra edilməlidir?
- Sözsüz ki, bunun davamı olmalıdır. Çünki burada üç vacib məsələ həll olunmamış qalıb. Bu, Ermənistanla Azərbaycan arasında sərhəd xəttlərinin dəqiqləşməsi ilə bağlı olan məsələdir. Eyni zamanda Zəngəzur dəhlizi məsələsi həll edilməlidir. Ən vacibi isə yekun sülh sazişinin imzalanmasıdır. Müəyyən fikirlər var ki, ilin sonuna kimi iki ölkə arasında sülh sazişi imzalana bilər. Amma bu proseslərin irəliləməsi üçün real addımlar atılmalıdır.
- Belə çıxır ki, Praqa görüşünü sülh müstəvisində mümkün dönüş nöqtəsi kimi qiymətləndirmək hələ tezdir ...
- Bu görüşdən sonra müəyən müsbət fikirlər səslənsə də biz real nəticələrin şahidi olmamışıq. Avropa İttifaqı Ermənistana mülki missiya göndərməyi planlaşdırır. Bu missiya iki ölkə arasında sərhəd xəttində monitorinq aparacaq. İki aylıq missiyanın nəticəsindən sonra biz deyə bilərik ki, biz sülh sazişinə nə qədər yaxınlaşmışıq. Amma reallıq odur ki, hələ heç bir hüquqi sənədin imzalanmasına yaxınlaşmamışıq.
- Ermənistan cəmiyyətində Praqa razılaşması gərgin, psixoloji durum yaradıb. Baş nazir Nikol Paşinyanı xəyanətdə ittiham edilir. Yenidən Ermənistanda 1999-cu ilin hadisələrinin təkrarlanması ehtimalı varmı?
- Seçki yolu ilə N.Paşinyanın devrilməsi mümkün görünmür. Çünki müxalifətin bunun üçün kifayət qədər sosial bazası yoxdur. Küçə yürüşləri ilə də bunu etmək mümkün olmadı. Artıq erməni müxalifəti də etiraf etdi ki, N.Paşinyanı küçə yürüşləri ilə devirmək mümkün olmadı. N.Paşinyan özü küçə yürüşləri yolu ilə hakimiyyətə gəldiyi üçün bu keçərli olmadı. Onun vaxtilə Serj Sarkisyanı küçə yürüşləri vasitəsi ilə hakimiyyətdən salaraq sonrakı iki seçkidə cəmiyyətin dəstəyini alması da faktdır. Beləliklə də, parlament yolu ilə də N.Paşinyanı devirmək alınmır. Burada yeganə yol çevriliş və sui-qəsddir. Bunu da ermənilər yaxşı bacarır. Ona görə də, N.Paşinyana qarşı terrorun olması istisna olmadığını da nəzərdən qaçırmaq olmaz. Erməni baş nazir özü də bunu anlamamış deyil.
- Terror və yaxud sui-qəsdlə N.Paşinyanın devrilməsi fonunda Azərbaycanla əldə edilmiş razılaşmaların aqibəti necə olacaq?
- Təbii ki, terror olacaqsa Ermənistan daha çox qarışacaq. Terror və sui-qəsdlə kimsə hakimiyyətə gəlib Azərbaycanla əldə edilən bütün razılaşmalardan imtina edərsə bu Ermənistan üçün daha pis nəticələr verə bilər. Azərbaycan əksinə olaraq yerdə qalan məsələləri də çox rahat şəkildə həll edəcək. Bütün bunlarla yanaşı Ermənistandakı prosesləri diqqətlə izləməliyik. Bizim üçün önəmli olan odur ki, kapitulyasiya aktını N.Paşinyan imzalayıbsa, digər razılaşmaları da o qəbul etsin. Çünki artıq o reallığı qəbul edib. Amma onu devirib kiminsə, onun yerinə gəlməsi də bizim üçün heç bir narahatlıq yarada bilməz. Radikalların Ermənistanda hakimiyyətə gəlib bizə qarşı nə edə biləcəyi belə absurddur. Onların əlində heç bir protensial olmadığı halda bu mümkün deyil.
- Azərbaycanın Qərb və Asiya ölkələri arasında əlaqələrində yeni bir mərhələni izləyirik. Türk dövlətləri ilə münasibətlərin tarixi dönəm üçün əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Asiya bu saat sürətlə inkişaf edən bir bölgədir. Burada böyük dövlətlər var. İlk sırada bizim üçün də qardaş dövlətlər olan Qazaxıstan, Qırğızıstan, Özbəkistan dayanır. Son illər Azərbaycanla Qazaxıstan və Özbəkistanla qarşılqı iqtisadi əlaqələrin genişlənməsi ilə bağlı mühüm razılaşmalar var. Azərbaycacanın haqlı mübarizəsində Özbəkistan və Qazaxıstan hər zaman vacib dəstək verib. Bu baxımdan Prezident İlham Əliyevin Asiya ölkələrinə səfərləri çox mühüm əhəmiyyətə malikdir. Burada həmçinin mühüm nəqliyyat layihələri mövcuddur ki, Özbəkistan, Azərbaycan və Qazaxıstanla bunun birgə reallaşdırılması nəzərdə tutulur. Azərbaycan üzərindən Türkiyə və Avropaya istiqamətlənən bu nəqliyyat layihəsinin reallaşdırılması planlaşdırılır. Bu baxımdan Zəngəzur dəhlizinin əhəmiyyəti daha çox gündəmə gəlib. Burada həmçinin Çin və Hindistanın da yer alaması mümkündür. Çinin tarixi İpək Yolu xətti ilə Azərbaycanla əlaqələrə böyük önəm verməsi heç də təsadüfi deyil. Hindistanın Ermənistana silah satmasına baxmayaraq ölkəmizlə iqtisadi əlaqələr xüsusən də ticarət mübadiləsi artan xəttlə inkişaf edir. Azərbaycan həmçinin Qoşulmama Hərəkatı çərçivəsində bu ölkələrlə əməkdaşlığını genişləndirir.