Ağ partiyanın sədri Tural Abbaslı Teleqraf.com-a müsahibə verib.
Onunla müsahibəni təqdim edirik.
- Fransa Prezidenti Emmanuel Makron yenə Azərbaycana qarşı absurd iddia ilə gündəmdədir. Makron Dağlıq Qarabağı “beynəlxalq səviyyədə tanınmayan ərazi” adlandırır və Azərbaycanı buranı “işğal etməkdə”, üstəgəl, Ermənistana “təcavüz”də ittiham edir. Sizcə, iki ölkə arasında vasitəçi olmaq istəyən Makron niyə balansı qorumur?
- Makron bununla obyektiv vasitəçi ola bilməyəcəyini bəyan etmiş oldu. Zatən, Fransanın bu məsələyə yanaşmada qərəzli mövqeyi hər kəsə məlumdur. Ağ Partiyanın Fransanın Azərbaycandakı səfiri ilə görüşü olmuşdu. Biz Fransanın bu mövqeyini irad kimi səfirə bildirdik. Yəni Fransa hakimiyyəti bu məsələdə birmənalı olaraq qərəzlidir və bu ölkədə fəaliyyət göstərən erməni lobbisinin tam təsiri altındadır.
Təbii ki, Azərbaycan birmənalı şəkildə Fransanın belə bəyanatlarına etiraz etməlidir. Hətta rəsmi qaydada Fransanın bu prosesdə vasitəçi ola bilməyəcəyini açıqlamalıdır. Əgər vasitəçi lazımdırsa, Avropa Şurasının prezidenti Şarl Mişel var. O, bu prosesdə Avropa Birliyini təmsil edir. Şarl Mişelin vasitəçiliyinə bir etirazımız yoxdur. Amma Makron buna uyğun deyil.
Makron Fransanın müasir tarixinin ən uğursuz prezidentidir. İndi guya bir beynəlxalq əhəmiyyətli konfliktin həllində rol oynamaqla siyasi karyerasında çalar əldə etmək istəyir. Amma bu, ermənilərin mövqelərini kor-koranə müdafiə etməklə, “ermənilər nə edirsə, düz, azərbaycanlılar nə edirsə, səhv edir” deməklə olmaz. Əminəm ki, Azərbaycan Makrona öz iradlarını çatdırır və son açıqlamasına da öz adekvat reaksiyasını verəcək. Ölkənin hər bir partiyası və ya təşkilatı da öz çapında iradlarını bildirməlidir.
Hələ sərhəd müəyyən edilməyibsə, necə iddia etmək olar ki, Azərbaycan ordusu Ermənistanın suveren ərazisindədir? Bunu heç Ermənistanın özü deyə bilmir. Makron Paşinyandan daha çox ermənilik edir.
- Makrondan fərqli olaraq, Azərbaycan Prezidenti İlham Əliyev tezliklə sülh müqaviləsinin imzalana biləcəyini deyir. Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da dilə gətirdi. Sizin sülh danışıqlarından gözləntiniz necədir?
- Həm Azərbaycan, həm də Ermənistan sülh müqaviləsinin imzalanmasının tərəfdarı olduğunu bildirir. Amma görünən budur ki, hər iki tərəfin sülhlə bağlı ayrı təsəvvürləri var. Hətta bəzi terminlərə yanaşma belə fərqlidir. Məsələn, ərazi bütövlüyünün qarşılıqlı tanınmasında. Ermənistan deyir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyıram, amma Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi görmürəm. Bu, Ermənistan tərəfindən səmimi sülh axtarışı deyil. Çünki Ermənistan müharibədə uduzub və bu fonda danışıqlar masasında zəif tərəf olduğunu bildiyi üçün prosesi uzatmağa çalışır. Məsələn, Ermənistan hələ də 10 noyabr anlaşmasının bir sıra bəndlərini hələ də yerinə yetirməyib. Belə insanlarla necə razılıq əldə edə bilərik?
Hələ də Qarabağın dağlıq hissəsində əli silahlı erməni terrorçuları var. Onlar rusların kölgələrində Azərbaycan ərazilərində öz varlıqlarını davam etdirirlər. Buna görə də Ermənistanın sülhə yanaşmasını səmimi hesab etmirəm. Ümumilikdə isə Ermənistanın sülhə məcbur edilməli olduğunu düşünürəm. Çünki o, sülh müqaviləsi imzalamağa hazır deyil. Ermənistanı dəstəkləyən dövlətlər Ermənistana sülh danışıqlarında konstruktiv mövqe tutmağa icazə vermirlər.
- ABŞ və Avopa Birliyinin fəallaşmasına adekvat olaraq, Rusiya da aktivliyini artırıb. Maraqlıdır, indiyədək bölgədə münaqişəli vəziyyətin qalmasında maraqlı olan Rusiya fikrini dəyişə bilərmi və ya dəyişirmi?
- Geosiyasi tarazılıq çox sürətli şəkildə dəyişir. Dünənə qədər başqa mövqedə dayanan ABŞ, Avropa Birliyi və Rusiyanın fikri bugünkü geosiyasi reallığa uyğun olaraq dəyişə bilər. Təbii ki, əvvəlki dövrlə müqayisədə Rusiyanın maraqları və prioritetləri dəyişib. Ukraynaya hücum etdikdən sonra nəinki Rusiyanın, az qala dünyanın bütün dövlətlərinin hədəflərində və maraqlarında dəyişiklik oldu.
Düşünürəm ki, Rusiya bu məsələdə əvvəlki dövrlə müqayisədə Ermənistanın mövqelərini o qədər də müdafiə etmir. Amma biz oturub gözləsək ki, Rusiya Azərbaycanın maraqlarından çıxış edəcək, beynəlxalq güclər ölkəmizin maraqlarını müdafiə edəcək – bu, sadəlövhlük olardı.
Cənubi Qafqaz Rusiya ilə Qərb arasındakı geosiyasi və nüfuz savaşının əsas meydanlarından birinə çevrilib. Bu durumda Azərbaycan üçün prosesdə Rusiya, ABŞ və ya Avropa Birliyinin önəmli rola malik olub-olmaması önəmli olmamalıdır. Azərbaycan üçün o məsələ önəmli olmalıdır ki, kimin öncül rolu ölkəmizin maraqlarına uyğundur. Yəni hansı beynəlxalq güc Azərbaycanın maraqlarını təmin edirsə, prosesin də onun vasitəçiliyində davam etdirilməsində maraqlı olmalıyıq.
- 44 günlük müharibədən sonra türk ölkələri arasındakı yaxınlaşma da diqqət çəkir. Bu baxımdan, Özbəkistan və Qazaxıstandan sonra Qırğızıstanla Azərbaycan arasında imzalanan strateji sənədlər xüsusi önəm kəsb edir. Bu fonda Türkiyənin də türk ölkələri ilə əlaqələrini dərinləşdirməsi nəzərdən qaçmır. Sizcə, bütün bu gəlişmələr türk birliyi və ya Türk Dövlətləri Təşkilatının daha da irəli aparılması baxımından nə vəd edir?
- Türkiyənin güclənməsinə, region və dünyada nüfuzunun artmasına paralel olaraq, Türk Dövlətləri Təşkilatı da dünyada söz sahibi olmağa çalışan beynəlxalq təşkilatlardan birinə çevrilir. Türk Dövlətləri Təşkilatının siyasi-ideoloji əsasını Turan ideyası təşkil edir. Bu, Turan Birliyidir. Artıq Türkiyənin güclənməsi fonunda bu, ideyadan siyasi reallığa çevrilməyə başlayıb. Azərbaycan da burada öz üzərinə düşəni edir. Fikir verin ki, bu məsələdə ən aktiv ölkə Türkiyədir, sonra isə Azərbaycan gəlir.
Azərbaycanla Türkmənistan arasında Xəzər dənizindəki qaz yatağının birgə işlənilməsi ilə bağlı razılığın əldə olunması, bunun ardınca Qırğızıstan və Özbəkistanla strateji anlaşmaların imzalanması, o cümlədən, Qazaxıstanla müqavilələrin əldə edilməsi Turan Birliyinin yaranmasının, hətta perspektivdə türk dövlətləri arasında hərbi ittifaqın qurulmasının addım səsləridir. Azərbaycan bu işdə aktiv və öncül olmalıdır.
Biz Avrasiya İqtisadi Birliyinə, KTMT-yə və ya Avropa Birliyinə sığınmalı deyilik. Biz bizə doğma məkan olacaq birlik yaratmalıyıq.
- Türkiyədə prezident seçkiləri yaxınlaşdıqca Qərbdən, xüsusən də ABŞ-dan bu dövlətə qarşı təzyiq də artır. Xüsusən də Yunanıstandan fəal şəkildə Türkiyəyə qarşı istifadə edilməsi diqqət çəkir. Türk ekspertlər Qərbin əsas hədəfinin Türkiyədə hakimiyyət dəyişikliyi olduğunu iddia edirlər. “Ərdoğanı seçki yolu ilə devirəcəyik” mesajı ilə hakimiyyətə gəlmiş ABŞ Prezidenti Co Bayden bu hədəfinə nail ola bilərmi?
- ABŞ və ya Qərbin buna nail olacağına inanmıram. Prezident Ərdoğanın hakimiyyətdən uzaqlaşdırılması mümkün deyil. Türkiyə daxilindəki müəyyən siyasi kəsimi siyasi manipulyasiyalarla ona qarşı aktivləşdirə bilirlər, amma türk xalqı uzaqgörəndir. Həmin xalq Ərdoğanın Türkiyəni haradan hara gətirdiyini yaxşı görür. Söhbət Ərdoğandan yox, böyüyən Türkiyədən və böyüyən Türkiyə qarşısında yaranan qorxu və xofdan gedir. Buna görə Türkiyəni sıxışdırmağa çalışırlar.
Türkiyə artıq dünənə qədər Avropa Birliyinə can atan və NATO təsiri altında hərəkət edən dövlət olmaqdan çıxıb. Türkiyə beynəlxalq güc və dünyada söz sahibi olmaq istiqamətində ciddi addımlar atır. Türkiyə hesablaşılan bir dövlətdir. Məsələn, bu gün Türkiyədən başqa dünyanın ən böyük böhranı olan Rusiya-Ukrayna müharibəsinə təsir edə bilən ikinci bir dövlət yoxdur. Müharibədən sonra Rusiya və Ukrayna arasında əldə edilmiş bütün anlaşmalar Türkiyə və Ərdoğanın iştirakı ilə olub. Məsələn, taxıl müqaviləsinin imzalanması, əsirlərin dəyişdirilməsi, Rusiyanın Kiyevin işğalı fikrindən daşındırılması kimi məsələlərin hamısında Türkiyə və Ərdoğanın rolu var.
Təbii ki, yüz ildir formalaşmış tarazlığı Türkiyənin dəyişməsini istəməyən qüvvələr var. Onlar əllərindən gələni edirlər. Fransa və ABŞ və bu prosesə öncüllük edir. Amma Türkiyə öz sözünü deyir, addımlarını da atır. Bu işdə bütün türk dövlətləri Türkiyənin yanındadır. Eyni zamanda, beş dövlətdən (Fransa, Rusiya, ABŞ, Çin və İngiltərə) bezən və bu ədalətsiz dünyada dəyişiklik istəyən ölkələr də Türkiyənin ətrafında toplaşmağa başlayıblar. Düşünürəm ki, bu baxımdan Azərbaycan da Türkiyənin güclü olmasında, eləcə də AKP və Ərdoğanın hakimiyyətdə qalmasında maraqlıdır.