Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyi ümumilikdə xarici siyasət tezislərindən irəli gəlir. Ölkəmizin xarici siyasətinin başlıca prinsipləri dünya ölkələri ilə bərabər hüquqlu, geniş münasibətlər və əməkdaşlıq sistemi qurmağı təşviq edir. Bu prinsipi rəhbər tutaraq ölkəmiz təcavüzkar Ermənistandan başqa dünyanın bütün ölkələri ilə kifayət qədər konstruktiv münasibətlər formalaşdırıb. Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sırası genişlənməkdədir. Ölkəmiz beynəlxaq və regional təşkilatlarda, həm də digər platformalarda rifaha töhfə verən fəaliyyət sərgiləyir. Bu Azərbaycanı əməkdaşlıq üçün cəlbedici ölkəyə çevirən amillərdən biri hesab edilir.
Bunu Teleqraf.com-a Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.
O qeyd edib ki, Prezident İlham Əliyev olduqca praqmatik strateji baxışlara malik bir liderdir: “Ölkə başçısı dövlətimizi böyük məharətlə mövcud geosiyasi reallıqlara uyğun şəkildə idarə edir. Müasir dünyada çox dərin dövlətlərarası böhran yaşanmaqdadır. Eyni zamanda qlobal təhlükəsizliyə digər ciddi təhdidlər mövcuddur. Buna baxmayaraq Azərbaycan bütün bu proseslərdən yan keçməyi bacarmaqla konstruktiv siyasi münasibətlərdə səmərəli əməkdaşlıq qurmağı bacarıb. Azərbaycan bütün beynəlxalq platformalarda səmərəli fəaliyyət göstərir. Buna sözsüz ki, bir vektor üzrə yanaşmaq düzgün olmaz. Beynəlxalq və regional təşkilatlar müstəvisində Azərbaycanın təşəbbüsləri həmişə diqqətlə qarşılanıb. Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycan ən effektiv fəaliyyət göstərən dövlətlərdən biridir”.
Millət vəkili hesab edir ki, Azərbaycan türk dövlətləri içərisində ən çox təşəbbüslərlə çıxış edən ölkədir: “Türk dövlətləri təşkilatında Azərbaycanın təşəbbüsləri ilə bu və ya digər mövqelər sərgilənir və fəaliyyətlər koordinasiya edilir. Prezident İlham Əliyevin türk dövlətlərinə səfərləri Azərbaycanın eyni dildən və kökdən olan ölkələr arasında da koordinator rolunu öz üzərinə götürməsinə dəlalət edir. Bu mənada Prezidentin Qırğızıstana səfəri, orada olan yüksək münasibət ulu öndər Heydər Əliyev adına təhsil ocağının açılması və iqtisadi əlaqələrdə əldə edilən razılaşmalar mühüm əhəmiyyət kəsb edir. Bunun ardınca isə Qazaxıstana reallaşan səfər bu coğrafiyada Azərbaycana olan maraqdan, əməkdaşlığın genişləndirilməsi ilə bağlı səmimi istəkdən xəbər verir”.
Elşad Mirbəşiroğlu bildirib ki, Orta Asiya regionı üçün Azərbaycan olduqca əhəmiyyətlidir: “Burada başlıca amil Azərbaycanın malik olduğu unikal logistika infrastrukturudur. Bu Orta Asiyadan başlayaraq Avropa bazarlarına gedən yolun səmərəsini daha da yüksəltmiş olur. Gələcəkdə Çindən Orta Asiya və Azərbaycanın tranzit imkanlarından istifadə etməklə Avropa bazarlarına yüklərin daşınması bütün region ölkələri üçün cəlbedicidir. Sözsüz ki, türk dünyası ilə ortaq tarixi keçmiş, mədəni dəyərlər münasibətlərin inkişafında hərəkətverici amil kimi çıxış edir”.