Xalqımız XX yüzillikdə ikinci dəfə öz müstəqilliyini elan etdi. Bu, siyasi tariximizin parlaq qələbələrindən biridir. Müstəqilliyi qoruyub saxlamaq, onu əldə etmək qədər məsuliyyətli və şərəflidir. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyi özünün yeni inkişaf dövrünə başladı. Daim vətənimizin, dövlətimizin gələcəyini düşünərək əvəzsiz xidmətləri və həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycan sabit, firavan bir ölkəyə çevrildi, dünya birliyində layiqli yer tutdu.
Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.
Professor bildirib ki, Azərbaycan xalqı ilk dəfə öz müstəqilliyini 1918-ci ildə əldə edib:
“Həmin il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası “İstiqlal Bəyannaməsi”ni imzaladı, Azərbaycanın müstəqilliyini dünyaya bəyan etdi, beləliklə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini yaşatdı. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti formalaşdı. Dövlət atributları təsis olundu, sərhədləri müəyyənləşdi, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atıldı. Bütün bunlar 23 ay davam etdi. Amma tarix xalqımıza öz müstəqilliyini bir daha qazanmaq şansı verdi və 1991-ci ilin oktyabrında Azərbaycan müstəqilliyini təkrar bərpa etdi. XX əsrin əvvəlində olduğu kimi, dövlət müstəqilliyimizi dünyada ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti tanıdı. Biz bu gün də qardaş Türkiyənin, onun prezidenti Rəcəb Tayyib Ərdoğanın mənəvi və siyasi dəstəyini görürük. “Bir millət, iki dövlət"in sevinci və kədəri eynidir. Azərbaycan və Türkiyə regionda, dünyada unikal müttəfiqlik nümayiş etdirir”.
Millət vəkili qeyd edib ki, Azərbaycan öz dövlət müstəqilliyini elan edərkən Ermənistan hərbi təcavüzü ilə üzləşmiş, ərazi bütövlüyü pozulmuş, torpaqlarının bir hissəsi işğal edilmişdi:
“Eyni zamanda, Azərbaycanın daxilində də çox gərgin ictimai-siyasi proseslər gedirdi. Ayrı-ayrı silahlı dəstələr, siyasi qruplar, hakimiyyət uğrunda mübarizə aparırdı. 1993-cü ildə müstəqilliyin itirilməsi təhlükəsi təkrar meydana çıxdı. O zaman xalqın təkidli tələbi ilə dahi şəxsiyyət, böyük siyasi xadim Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silənməsinin qarşısı alındı. Bu gün ölkəmizin müstəqilliyi ciddi şəkildə qorunur və Azərbaycan heç bir ölkənin təsir dairəsində olmadan öz inkişafı istiqamətində uğurlu addımlar atır. Artıq Azərbaycanın öz müstəqilliyini bərpa etməsindən 31 il ötür. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tamam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu gün həm də Xudafərin körpüsünün Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğaldan azad edilməsinin ikinci il dönümüdür. İpək yolu üzərində yerləşən bu körpü, Cənubi Azərbaycanla Şimali Azərbaycanın orta əsr şəhərlərini birləşdirən karvan yolunun üstündə tikilib. Bu, həm də mühüm hərbi-strateji əhəmiyyət daşıyır.
Bu gün hər bir azərbaycanlı Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında daha da sıx birləşərək, Azərbaycanın daimi müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizəsini davam etdirir. Xalqımızı bir daha Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək və inkişaf etdirmək yolunda aparılan işlərdə fəal iştirak etməyə dəvət edirəm”.