21 Oktyabr 2022 09:23
1 431
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Elçin Alıoğlu Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik.

- İran Ermənistanın ondan pilotsuz təyyarə almaq istədiyini açıqlayıb. Sizcə, İran Ermənistanın bu istəyinə müsbət cavab verəcəkmi? Yaxud İran dronları erməni ordusunun güclənməsində nə kimi rol oynaya bilər?

- İranın istehsal etdiyi pilotsuz uçan aparatların (PUA) taktiki-texniki göstəriciləri ilə bağlı rəsmi məlumatlar bol olsa da, bunların çoxuna inanmıram. Çünki Tehranda yalan danışmaq “peşəkar idman növü”nə çevrilib. İran hərbçilərində adətə çevrilib ki, pişiyi şir, milçəyi fil kimi göstərsinlər.

Məsələn, rəsmi məlumata görə, Rusiyanın Ukraynada istifadə etdiyi “Şahid-136” kamikadze dronunun uçuş məsafəsi 12 min kilometrə qədərdir. Amma Ukraynadakı müharibə göstərdi ki, bu dronun maksimal uçuş məsafəsi 430 kilometrdir. Bu sözləri İranın “Mühacir” və digər dronları haqda da demək olar.

İran onu da deyir ki, 22 ölkə onun istehsal etdiyi PUA-ları almaq üçün növbədə dayanıb. İran “böyük səbrsizliklə gözləyənlər” arasında Pakistan və Tacikistanın da adını çəkir. Amma nə Pakistan, nə də Tacikistan bu məlumatı təsdiqləyib.

İranın Ermənistana dron satmasına gəldikdə, bunu edə bilər. Döyüş meydanında məğlub olmuş ordu geosiyasət meydanında məğlub olmuş ordudan başqa ölkənin istehsalı olan dronların zəif surətlərini almaqla özünü “güclü” sayacaq. Burda qeyri-adi heç nə yoxdur.

İranın kamikadze dronları ilə mübarizə sisteminə gəldikdə, Azərbaycan ordusu üçün təhlükə var, amma böyük deyil. Çünki bu dronların taktiki-texniki göstəriciləri bizə bəllidir. Bunlarla mübarizə yollarını da bilirik. Bura antidron silahları, radioelektron mübarizə vasitələri və digərləri daxildir.

İranın PUA-ları Yaxın Şərqdəki proksi savaşlarında qismən effektli olub. “Hizbullah” İran PUA-ları ilə İsrailə çoxsaylı hücum həyata keçirib. Hücumlardan birində 78 PUA buraxılmışdı, amma bunlardan cəmi 4-ü hədəfə çatmışdı. Bu da İran PUA-larının nə qədər effektli olduğunu göstərir.

PUA savaşının yazılmış və yazılmamış qanunları var. Yazılmış qanundan bəhs edim. Kamikadze dronlarından istifadə etməyə başlayan ordu əvvəlcə radioelektron mübarizə vasitələrini cəbhə bölgəsində yerləşdirir, bundan sonra kəşfiyyat dronlarını buraxır, radioelektron kəşfiyyat sistemini işə salır və sair. Yəni 5-6 qoşun növü bu işə cəlb olunur. Rusiya isə Ukraynada sadəcə bu dronları heç bir kəşfiyyat aparmadan hərəkət edən yox, stansionar hədəflərə doğru buraxır.

Bir sözlə, Ermənistan İrandan dron ala bilər, necə ki, bu saat Hindistanın yararsız silahlarını almağa hazırlaşır. Alsınlar, amma Ermənistana dron satacağı təqdirdə, bölgədəki geosiyasi vəziyyətin İranın əleyhinə necə dəyişəcəyini Tehrandakı mollakratiya bir daha düşünsün.

- Azərbaycanla sərhəddə təlimlərini davam etdirən İran ordusu (SEPAH) ponton körpü ilə Araz çayını keçmə məşqlərini icra edib. İranın bununla hansı mesajı vermək istədiyi təxminən bəllidir. Bəs reallıqda necə, İran Arazın bu tayına keçəcək qədər cəsarətli ola bilərmi?

- Nadinc uşaq barədə məşhur Təbriz lətifəsi var. Nadinc uşaq ata-anasına dərs vermək üçün başını isladır, qışın soyuğunda çöldə dayanır və sətəlcəm olub ölür. Yəni İranın təlim keçirməsi bütün bölgə üçün “təhlükə”dir. Niyə? Çünki İran təlimə başlayan kimi, mütləq öz-özünü vurur, tankını batırır, şərqə atdığı raket qərbə düşür. Bu, bizim üçün ona görə “təhlükə”dir ki, sürəkli belə halları müşahidə edirik.

İndi Araz çayının sahilində “Qüdrətli İran” adlı təlimə başlayıb. Təlimdə istifadə olunan ponton da 1969-cu ildə Sovet İttifaqında istehsal olunmuş, İrana sırınmış hərbi texnikadır. Sovet dövründən qalma BMP-1 də ləngər vura-vura həmin pontonun üstündən keçdi. Farslar bundan ehtizaza gəlirlərsə, texnikadan azacıq başı çıxan adamın isə buna qəhqəhəsi tutur.

Bu, təlim yox, hərbi-siyasi oyundur. Bunu “iranlı skautların sərhədlərimiz yaxınlığında çaxnaşması” adlandırardım. Nə deyirsiniz, deyin, amma bu, təlim deyil.

Başqa bir məsələ budur ki, bu təlimlər zamanı İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH və ya “Pasdaran”) sinəsinə döyərək, cütləşmə dövründəki qorilla meymunu kimi hamını qorxutmağa çalışır, “sizi vurarıq”, “sizi öldürərik” deyir. Bizim “Pasdaran”dan bircə təvəqqemiz var: lütfən, özünüzə yazığınız gəlsin, təlim keçirməyin. Çünki sərhədlərimizin yaxınlığına tökülmüş bu “metallom”u sonra yığıb-yığışdırmaq lazımdır.

İran bildirir ki, bəs bizim imperialist Amerikanın nəzarətində olmayan bir sərhədimiz var, o da Ermənistanla sərhədlərimizdir, bunu da bağlamağa qoymayacağıq.

Bu sərhədi kim bağlamaq istəyir? İran kimə qarşı vuruşur, kimə acıq verir? Məlum deyil. Başa düşürəm, küsüb. Amma kimə küsüb, kimdən inciyib? O da məlum deyil. İran siyasətində A-nı B, B-ni V, V-ni də Z kimi anlamalıyıq.

İndi paradoksal bir durum yaranır. İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyir ki, biz Rusiyaya dron satmırıq, Rusiya da bildirir ki, biz İrandan dron almırıq. İranın dini lideri Xameneyi isə Tvitterdə yazır ki, bizim başqa ölkələrə PUA satmağımız və bu PUA-ların müharibədə effekli olması düşmənlərimizi pərişan edir. İndi ya Xameneyi yalan yazır, ya Rusiya, ya da Abdullahiyan yalan danışır. Ya da onlar Xameneyiyə meydan oxuyurlar. Belə bir qarışıq vəziyyət yaranıb.

Dünyanın İrandan bircə xahişi var: lütfən, təlim keçirməyin, heç kəsə PUA satmayın. Sizdən o PUA alanlar yazıqdırlar.

Bayaq dediyim kimi, Ermənistan Hindistandan da silah alır. Paradoks budur ki, Hindistan ordusu Ermənistana satılan silahlardan çox az istifadə edir. Hindistan ordusunda Ermənistana satılan reaktiv yaylım atəşi sistemindən cəmi 62 ədəd var. Hindistan özünə lazım olan silahları İsrail, ABŞ, Britaniya, Cənubi Koreya, Avstraliya və Braziliyadan alır. Yəni keyfiyyətli silahlara üstünlük verir.

Rusiya sovet texnikalarının eybəcər kopyalarını isə başqa ölkələrə, o cümlədən Ermənistana satır. Ona görə də vəziyyətimiz “çox mürəkkəb”dir.

İndi bu dranquletlər, özüyeriyən, moped mühərriki qoyulmuş İran dronları ilə nə etmək istəyirlər? İranın kamikadze dronlarına sözün əsl mənasında moped mühərriki yerləşdirilib. Ona görə də ukraynalılar bunları “uçan moped” adlandırırlar. Ruslar da bunun adını dəyişib “Geran” qoyublar. Ukraynalılar da “Geran”ın qabağına T artırıb, “Tegeran” deyirlər. Yəni bunlar nə etmək istəyirlər, nəyi gizlədirlər? Elə bilirlər ki, palıd ağacının üstünə adyal atanda palıd ağacı görünməyəcək?

- İrəvanda Ermənistan Baş naziri Nikol Paşinyanla görüşündə heç nə əldə etməyən separatçıların başçısı Araik Arutyunyan bu dəfə Moskvaya getmək qərarına gəlib. Maraqlıdır: Arutyunyan İrəvandan ala bilmədiyi dəstəyi Moskvada əldə edə bilərmi?

- Çox maraqlı bir situasiya yaranıb. Ermənistanın 2023-cü il üçün nəzərdə tutulmuş dövlət büdcəsində Qarabağ ermənilərinə 300 milyon dollar ayrılıb. Bu pullar internet, kommunikasiya, elektrik enerjisi, su, “dövlət qurumlarının fəaliyyəti” və sair üçün xərclənməlidir. Amma ilin sonuna qədər Ermənistanla sülh müqaviləsi imzalanmalıdır, imzalanacaq da. Bu müqavilə imzalandıqdan sonra Ermənistanın Qarabağ ermənilərinə, yəni Azərbaycan vətəndaşlarına hansısa formada pul ayırması Azərbaycana müharibə elanı olacaq. Cənab prezident artıq iki dəfə çıxışında “adekvat” sözünü işlədib, üçüncüsü olmayacaq.

İndi Araik Arutyunyan müxtəlif ölkələri gəzir, ayrı-ayrı paytaxtlara getmək istəyir. Onun istəyi budur ki, Qarabağ ermənilərinin “status məsələsi”ni həll etsin. Bu da Rusiyanın planıdır. Rusiyanın istəyi budur ki, yekun sülh müqaviləsində “Dağlıq Qarabağın statusu”na yer ayrılsın, bu məsələ ayrıca icraata götürülsün və Rusiya sülhməramlıları mümkün qədər Azərbaycan ərazilərində çox qalsınlar. Araik bu dəqiqə Rusiyanın tapşırığını yerinə yetirməklə məşğuldur.

Avropa Birliyinin təklif etdiyi sülh planında isə “status məsələsi” yoxdur. Ona görə də Rusiya Araiki bu işə cəlb edib ki, prosesi mümkün qədər uzatsın, Paşinyanın planlarının yerinə yetirilməsinə həm kömək, həm də buna mane olsun. Belə bir paradoksal situasiya yaranıb. Çünki Paşinyan Rusiyaya vəd edir ki, onun sülh planını qəbul edəcək, Qərbə də onun planı ilə razılaşacağını deyir. Amma heç bir sülh planını qəbul etməyəcək.

Paşinyan situasiyanı hərbi toqquşmaya aparır. Bu hərbi toqquşmada mütləq şəkildə uduzacaq. Uduzduqdan sonra sülh planını qəbul edəcək və onda yenidən “qəhrəman” kimi deyəcək ki, gördünüz, məğlub olduğumuz üçün imzaladım, yoxsa imzalamazdım.

- Rusiya isə hələlik Avropa Birliyinin Ermənistana mülki müşahidə missiya göndərməsini sükut içində izləyir. Sizcə, Rusiyanın Avropa Birliyinin KTMT-nin məsuliyyət zonasına doğru atdığı bu addıma reaksiyası necə olacaq? Ümumən bu missiyanın fəaliyyəti nə vəd edir?

- Həmişə Avropa harasa nəsə göndərəndə yaxşı heç nə gözləməmişəm. Çünki Avropa harasa missiya göndərəndə, ardınca ordu göndərir. Amma inanmıram ki, Ermənistana bir NATO hərbçisi gələ bilsin. Gələ də bilməz.

Rusiyanın cavabına gəldikdə, onlar əraziləri durbinlə müşahidə edən adamlardır. Onların missiyası nədən ibarətdir? Erməni hərbçisi gəlir, qollarını qovzayaraq deyir ki, qəddar türk əsgəri gəlib mənə təpik vurdu, qulağımı çəkdi. Onlarda durbinlə baxırlar: türk əsgər oradadır, vəssalam. Missiya bundan ibarət olacaq, başqa heç nə olan deyil. Çünki bu missiya nə yazır-yazsın, nə deyir-desin, Azərbaycan öz suverenliyinə, ərazi bütövlüyünə və sərhəd toxunulmazlığına xələl gətirə biləcək bir sözü qəbul etməyəcək.

Onlar sadəcə müəyyən edilməmiş sərhədin və ya təmas xəttinin o tərəfində dayanmış müşahidəçilərdir. İndi onların necə müşahidə aparacaqları, necə fəaliyyət göstərəcəkləri siyasi sifarişlərdən asılıdır. Brüssel, Strasburq və Paris siyasi sifarişi geosiyasi reallığa çevirmək istəyərkən, hansı məzmunu verəcəklərsə, müşahidəçilər də onu yazacaqlar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər