25 Oktyabr 2022 14:54
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qubadlı şəhərinin işğaldan azad edilməsindən iki il ötür. Ölkəmizin cənub qərbində yerləşən Qubadlı rayonunun işğaldan azad olunması böyük Qələbəni daha da yaxınlaşdırdı. 44 günlük Vətən müharibəsinin ən əhəmiyyətli və strateji hərbi uğurlarından bir də Qubadlının azad edilməsi hesab edilir. Hər bir qarış torpağımızın azad edilməsi sözsüz ki, xalqımız üçün böyük qürur və iftixar hissi ilə qarşılanırdı. Tarixi ərazilərimizin düşmən tapdağından azad edilməsi uğrunda canını fəda etmiş oğullarımız bu gün böyük hörmət və ehtiramla yad edilir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O qeyd edib ki, Qubadlının 1993-cü il avqustun 31-də Ermənistan tərəfindən işğal olunması tariximizin ən acı səhifələrindən biridir: “Qubadlı erməni işğalında olduğu zaman digər ərazilərimiz kimi böyük dağıntıya, barbarlıq və vandalizmə məruz qalıb. Rayon ərazisində bütün sosial infrastruktur dağıdılıb, kommunikasiya xəttləri məhv edilib, ermənilər nə mümkündürsə daşıyıb aparıb. Ərazidə ekoloji terror həyata keçirib. Bununla da xalqımıza külli miqdarda maddi-mənəvi ziyan vurulub”.

Millət vəkili bildirib ki, Qubadlı kənd təsərrüfatı üçün əlverişli olmaqla yanaşı, zəngin faydalı qazıntıları ilə tanınır: “Rayonunun Hacılı kəndində mişar daşı, Bərgüşad çayının sol sahilində yəşəm, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı, Mollabürhan kəndinin cənubunda tuf daş yataqları mövcuddur. Həmçinin rayonun Xanlıq kəndində qum-gil, Eyvazlı kəndində əqiq yatağı var”.

Deputat 2020-ci il 23 dekabrında Prezident İlham Əliyevin Qubadlıda şanlı bayrağımızı ucaltmasının mühüm tarixi hadisə olduğunu vurğulayıb: “Ölkə başçısının Qubadlıya hər səfəri mühüm hərbi və infrastruktur obyektlərinin açılışı, təməlqoyma mərasimləri ilə yadda qalır. Bu gün Qubadlı rayonunda böyük quruculuq-bərpa işləri həyata keçirilir. Qubadlının gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır”.

Tamam Cəfərova Qubadlı uğrunda gedən döyüşlərdə rəşadət göstərən qəhrəmanlarımızdan birinin də şəhid Milli Qəhrəman Şükür Həmidov olduğunu söyləyib: “Artıq Qubadlı azaddır. Döyüş meydanında müzəffər ordumuz bütün şəhidlərimizin qisasını alıb. İndi bütün azad edilmiş bölgələrimiz kimi Qubadlıda da böyük quruculuq işləri icra edilir. Bu da qubadlıların çox qısa zamanda öz yurd-yuvalarına dönüb əbədi, xoşbəxt yaşamasına zəmin yaradır. Sözsüz ki, erməni faşizmi vaxtilə işğalda saxladığı digər rayonlarımız kimi Qubadlıda törətdiyi vəhşiliklərə görə də beynəlxalq hüquq qarşısında cavab verəcək. Çünki Ermənistan digər rayonlarda olduğu kimi Qubadlıda da çoxsaylı hərbi cinayətlər törədib. Cenevrə konvensiyalarına ziddi olaraq işğal edilmiş torpaqlarımızda qanunsuz məskunlaşma aparılıb. Bütün bu faktlara əsasən Ermənistan gec-tez beynəlxalq hüquq qarşısında cavab verməli olacaq”.

Millət vəkili Sevinc Hüseynova hesab edir ki, Qubadlının erməni işğalından azad edilməsi və tarixi ərazilərimizdə üçrəngli şanlı bayrağımızın dalğalanmasını xalqımız böyük fəxarət hissi ilə qeyd edir: “Biz 30 ilə yaxın xalq olaraq ərazilərimizin, hər bir rayonumuzun işğal günlərini böyük ağrı ilə qeyd edirdik. Xalqımız o torpaqların həsrətində idi. Amma inanırdıq ki, gec-tez biz öz ata-baba torpaqlarımıza qayıdacayıq. Məhz Azərbaycan xalqının böyüklüyü, əzmi o idi ki, bir gün də olsun torpaqlarımıza qovuşacağımızla bağlı ümidlərini itirmədi. Hər bir vətəndaş olaraq torpaqlarımızın işğal faktına qarşı çıxır dövlətimizin beynləxalq müstəvidə apardığı siyasətə öz töhfəmizi verməyə çalışırdıq”.

Deputat Qubadlı rayonunun müzəffər ordumuz tərəfindən azad edilməsinin xalqımız üçün yaddan çıxmaz hadisələr olduğunu qeyd edib: “Bu gün digər torpaqlarımız kimi Qubadlı azaddır. Müzəffər Ali Baş Komandan tərəfindən Qubadlıda ucaldılan şanlı bayrağımız burada əbədi dalğalanacaq. Hazırda bütün işğaldan azad edilmiş ərazilərmizdə təcavüzkar Ermənistan tərəfindən basdırılmış minaların təmizlənməsi ilə paralel bərpa-quruculuq işləri icra edilir. Hər zaman özünün bədnam xislətinə sadiq qalan Ermənistan işğal dövründə ərazilərdə böyük vandallıq ertməklə yanaşı, insanlıq əleyhinə hərbi cinayətlərə də əl atıb. Beynəlxalq konvensiyalara ziddi olaraq ərazilərin minalanması və qanunsuz məskunlaşma aparması Ermənistanın bir dövlət kimi hərbi cinayət mahiyyətindən xəbər verir”.

Sevinc Hüseynova Qubadlının erməni işğalı dövründə Xanlıq kəndində qanunsuz məskunlaşma aparıldığını, xaricdən gətirilən ermənilərin burada qanunsuz yollarla yerləşdirilməsinə diqqət çəkib: “Ermənistan bununla da Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olub. Xaricdən gətirilmiş ermənilər üçün Qubadlının Xanlıq kəndində qəsəbə salınıb. Sözsüz ki, bütün bunlara görə Ermənistan beynəlxalq hüquq qarşısında məsuliyyətə cəlb edilməlidir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər