“Ermənistandakı revanşist qüvvələrin, eləcə də Qarabağda qalan separatçıların fəallaşması birbaşa Rusiya ilə bağlıdır. Lazım olanda Moskva bu qüvvələri yerindən qaldırır və fəallaşdırır. Diqqət etsəniz görərsiniz ki, Ermənistandakı son parlament seçkilərində ruslar bu qüvvələrə dəstək vermədi, onlar da ortada qaldılar. Ancaq indi çox güman ki, ruslar revanşist erməni qruplarını qabağa çıxarmaqla fəallaşdıra bilərlər. Bunu Rusiya Prezidenti Vladimir Putinin son çıxışında işlətdiyi fikirlər də göstərir”.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında politoloq Əli Abbasov deyib.
Politoloq bildirib ki, Ermənistandakı anti-Paşinyan qruplar son iki ildə iki dəfə fəallaşıb, lakin uğur əldə edə bilməyiblər:
"İndi bu qüvvələri fəallaşdırmaq olar, əsas odur ki, Moskva bu qüvvələrdən necə istifadə edəcək, neyləyəcək.
Əslində bu qüvvələrin vasitəsilə ruslar arzu edərlərsə, Nikol Paşinyanı hakimiyyətdən sala bilərlər. Bəli, hazırda rusların buna gücü var. Sabah ruslar Paşinyana desələr ki, hakimiyyətdən getməlisən,bbu halda Paşinyan hansı addım atacaq? Aydındır ki, Nikol sona qədər hakimiyyətdə qalmağa çalışacaq. Burada tərəflərin resursunun necə olması məsələni həll edəcək.
Digər bir məqam isə burada daha çox şey Azərbaycandan asılıdır. Azərbaycan belə gərgin durumda Ermənistana köməklik etməlidir. Yəni Paşinyanın hakimiyyətdə olması bizə lazımdır, bizə sərfəlidir”.
Ekspert əlavə edib ki, indi Gürcüstan vasitəsilə tərəflərin danışıqlar aparması ən münasib platformadır:
“İdeya belədir ki, Cənubi Qafqaz ölkələri eyni yolla getməlidir. Bəli, yaxşı ideyadır. Aydındır ki, bu ideyanı gürcülər irəli sürür, amma onların arxasında hansı qüvvələrin bu prosesi dəstəkləməsi məsələsi də var. Hər halda Nikol Paşinyanın hakimiyyətdən salınacağını ehtimal etmirəm. Bu prosesi beynəlxalq qüvvələrin maraq dairəsindən çıxarmaq da hər bir tərəfin marağında olmalıdır”.