Politoloq Zərdüşt Əlizadə Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Zərdüşt bəy, Ermənistanın Baş naziri Nikol Paşinyan ilin sonuna kimi Azərbaycanla çərçivə sülh müqaviləsinin imzalanması ehtimallarından danışıb. Bu, hansı prinsiplər və şərtlər daxilində mümkün olacaq?
- Əsində çərçivə sülh müqaviləsi çox qısa ola bilər. Burada iki fikrin öz əksini tapması mümkündür. Bu, tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması, qarşılıqlı olaraq təhlükəsizliyə hörmət etməsi kimi vacib məsələləri özündə ehtiva edir. Həmçinin bir-birinə qarşı güc tətbiqindən imtina məsələsi də var. Bundan sonra isə digər əsas məsələləri çərçivə müqaviləsi ilə həll etmək mümkündür.
- Çərçivə sülh müqaviləsinin sonra imzalanacaq fundamental saziş üçün əsası nədən ibarətdir?
- Bu cür müqavilə imzalandıqdan sonra qalan məsələləri məhz yekun sülhə daşımaq olar. Bu, delimitasiya, demarkasiya, kommunikasiya xətlərinin açılması və s amillərlə bağlı ola bilər. Ona görə də Paşinyan Ermənistanda Rusiyaya məxsus “5-ci kolonu” zərərsizləşdirmək istəyir. Əslində o bilir ki, Rusiya "5-ci kolun"un əli ilə ona qarşı heç nə edə bilməyəcək. Çünki bunun üçün real imkan yoxdur. Bu baxımdan da indiki halda Paşinyan açıqlama verir ki, Rusiyanın təkliflərini qəbul edir. Ermənistan tərəfi açıqlayır ki, onlar sülhməramlılar və Qarabağ məsələsinin gələcəyə daşınması ilə razıdır. Amma əslində Nikol da anlayır ki, bu təkliflər Ermənistanın inkişafına, onun Qərbə doğru istiqamət almasına ciddi əngəl olacaq.
- Azərbaycan tərəfinin burada əsas prinsipial mövqeyi necədir?
- Azərbaycan ciddi şəkildə Rusiyanın təkliflərini rədd edir. Ermənistan da buna başqa cür don geyindirməyə çalışır. Onlar göstərməyə çalışır ki, bax biz Rusiyanın təklif etdiyi prinsipləri qəbul edirik. Amma Azərbaycan etmir. Eyni zamanda Qərbə də göstərir ki, Azərbaycanla sülhə, Türkiyə ilə münasibətləri tənzimləməyə hazırdırlar. Düşünürlər ki, bununla da Qərbə Ermənistanın yolu açılmış olacaq. Beləliklə də addım-addım Rusiyanın təsirindən uzaqlaşacaqlarını düşünürlər. Ermənistan daxilində müxalifətin əlində olan silahlar da zərərsizləşdirilmiş olur. Paralel olaraq da Rusiyanın ziyanlı təsirlərindən yan qaçmaq da qarşıya məqsəd kimi qoyulub. Eyni zamanda Azərbaycanla da ümidverici bir sülh görüntüsü yaratmaq fonunda Qərbdən vaxt qazanmaq kimi hiylələr var. Amma bütün bunların fonunda hələlik Ermənistanla Azərbaycan arasında ciddi qarşıdurma üçün heç bir əsas yoxdur.
- Sülh müqaviləsinin imzalanacağı təqdirdə Ermənistanın müstəqillik aktı və konstitusiyasının buna adekvat olmayacağı bəllidir. Belə bir şəraitdə hansı real addım atıla bilər?
- Qanunvericilik və real həyat ayrı-ayrı prinsiplərdir. Heç bir dövlətdə, o cümlədən ABŞ-da, İngiltərədə, Avropa ölkələrinin əksəriyyətində qanunların hökmü ilə gerçək həyat arasında ciddi mübarizə gedir. İnanmaq olmaz ki, bu günə kimi və bundan sonra da Ermənistanın müstəqillik aktı, konstitusiyası Quran ayəsi kimi icra edilib. Qanunlar əslində kağız üzərindədir. Real həyatda isə başqa prinsiplərdir. Vaxtaşırı mərkəzi icra hakimiyyəti qanunları real həyata uyğunlaşdırır. Bu baxımdan da Azərbaycanla sülh müqaviləsinin imzalanacağı fonunda Ermənistan konstitusiyasının və müstəqillik aktının pozulması halı baş verəcək deyə bir anlayış yoxdur. Ancaq bunlar pozulmasın deyə də Ermənistan hakimiyyətinin real təhlükələrə, müharibəyə, qırğına razı olacağını düşünmək olmaz. Buna sözsüz ki, razı olmayacaqlar. Sadəcə olaraq şəraitə uyğun olaraq sülh müqaviləsindən sonra erməni cəmiyyətinə izah olunacaq ki, indi şərait dəyişib, imkanlar başqadır. Ona görə biz də bunu qəbul etməliyik.
- Sizcə, yekun sülhün Qərbin, yaxud Rusiyanın təklif etdiyi şərtlər çərçivəsində imzalanmasını mümkündürmü?
- ABŞ təklif edir ki, Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanımalıdır. O cümlədən erməni tərəfi Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul etməlidir. Eyni zamanda deyilir ki, Azərbaycan tərəfi Qarabağ erməniləri ilə danışmalı və onların təhlükəsizliyinə təminat verməlidir. Sadəcə olaraq burada Azərbaycan üçün məqbul olmayan variant - Xankəndidə hansısa bir qanunsuz qurumla danışıq məsələsidir. Eyni zamanda Qarabağın Azərbaycan ərazisi kimi tanınması əsas şərt kimi irəli sürülür. Rusiyanın təklif etdiyi varianatda da Azərbaycanın ərazi bütövlüyünün tanınması məsələsi var. Amma Qarabağ və onun “status” ilə bağlı məsələ uzaq gələcəyə saxlanılır. Bu uzaq gələcəyə qədər olan məsafədə isə Qarabağda ermənilərin təhlükəsizliyinə rus sülhməramlılarının zəmanət verməsi qeyd edilir.
- Ermənistan Qarabağ yükündən xilas olmaq üçün bu iki şərtdən birini qəbul edə bilər?
- Əslində, Ermənistan Rusiyanın təklif etdiyi variantı qəbul etməklə canını Qarabağ qayğısından qurtamaq istəyir. Onlar bu məsələni Rusiyaya həvalə etməyə çalışır. Sadəcə olaraq burada Rusiya tərəfinin özü üçün başqa tələbləri ortaya atmaq ehtimalları var. Bu baxımdan Rusiyanın mövqeyi Ermənistan tərəfindən müdafiə edilir. Azərbaycanın isə bu məsələdə mövqeyi birmənalıdır. Çünki Azərbaycan heç vaxt separatçı rejimi qəbul etməyəcək və heç bir “status” olmayacaq.