“Milli dirçəliş və milli azadlığa gedən yol ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu proses də məhz Azərbaycanın müstəqilliyinə gətirib çıxardı”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin komitə sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, bu gün Türkmənçay müqaviləsindən sonra 200 illik tarixi ərəfədə yeganə şəxsdir ki, Ali baş komandan İlham Əliyevin şəkli Azərbaycanın ürəyi olan Təbrizdə, Ərdəbildə, Xoyda, Mərəndə divarlara vurulub: “Onun adı Azərbaycan xalqının lideri, Qarabağın fatehi kimi çağırılır. İstər Əmir Teymur, istərsə də Şah İsmayıl Xətaidən sonra türk rəhbərlərinin arasında yeganə Azərbaycan Prezidentidir ki, bu gün ona bu ad verilib. Azərbaycan xalqı olaraq bunu dəstəkləyirik. Cənublu qardaşlarımıza demək istəyirəm ki, bu fatehlik tək Qarabağla bitməyəcək, çox yeniliklərin şahidi olacağıq. Ona görə də burada büdcəni müzakirə edərkən dünyada baş verən hadisələr fonunda qlobal məsələləri ortaya qoymalıyıq. Bilirsiniz ki, bu gün havadan barıt qoxusu gəlir. Bu baxımdan təklif edirəm ki, büdcədə təhlükəsizlik, müdafiə məsələləri geniş əhatə olunsun”.
“Bir yandan Fransa, bir yandan İran, bir yandan Rusiya göndərir fərman” deyən deputat əlavə edib ki, belə bir zamanda tək hərbi müdafiədən yox, eləcə də hərbi, diplomatik, informasiya, sosia-iqtisadi, ərzaq təhlükəsizliyindən söhbət gedir: “Bu da qlobal məsələlərdən biridir ki, bunları həll etməliyik. Hökumətlə bir yerdə bir yumruq kimi bir yerə vurmalıyıq, hökumətin fəaliyyəti dəstəklənməli, lazımi qanunlar qəbul edilməlidir”.
Spiker Sahibə Qafarova isə əlavə edib ki, Azərbaycanın heç bir dövlətin torpağında gözü yoxdur.