1 Dekabr 2022 10:24
1 542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan xalqı böyük qürur və fərəh hissi ilə Laçının erməni işğalından azad olunmasının ikinci ildönümünü qeyd edir. Laçın rayonu Ermənistanın kapitulyasiya aktını imzalaması nəticəsində Azərbaycana təhvil verilib. Azərbaycan xalqı özü beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl, 2020-ci il noyabrın 9-u da isə Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycana təhvil verilib.

Bunu Teleqraf.com-a Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

O qeyd edib ki, Laçın rayonu 18 may 1992-ci ildə Ermənistan tərəfindən işğal olunmuşdu: “Laçının işğal ilə Ermənistanla keçmiş “Dağlıq Qarabağ” arasında coğrafi bağlantı yaradılmışdı. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Rayonun əhalisi 79.1 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. Erməni vandallarıının törətdikləri vəhşiliklər nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. Təəssüflər olsun ki, dünyanın aparıcı beynəlxalq təşkilatları bütün bu vandalizm qarşısında susur. Ermənistanın bu davranışlarını yerində qiymətləndirmək və əsl reallığı dünya ictimaiyyətinə təqdim etmək üçün təşəbbüs göstərməli olan beynəlxalq təşkilatlar ikili standartlardan çıxış edir”.

Millət vəkili bildirib ki, Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri arasında imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq, 2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verilib: “Burada diqqətçəkən əsas məqam bu üç böyük rayonun bir güllə atılmadan, şəhid vermədən azad edilməsidir. Azərbaycan Ordusunun hər üç rayonun azad edilməsi ilə bağlı hərbi planları mövcud olub, lakin bu bölgələrin çətin reylefi uğurun daha böyük itkilər hesabına olacağını deməyə əsas verir. Prezident İlham Əliyev Laçın rayonunun işğaldan azad olunması ilə əlaqədar xalqa müracətində bu məsələni vurğulamışdı: “Bizim planlarımız var idi və biz ardıcıl şəkildə bu planlara doğru gedirdik. Ancaq hər kəs bilməlidir ki, Kəlbəcər və Laçın rayonlarının çox çətin relyefi var. Xüsusilə qış mövsümünü, çətin relyefi nəzərə alsaq, böyük itkilərimiz ola bilərdi. Həm Ağdam, həm Laçın, həm Kəlbəcər rayonlarının azad edilməsi işində böyük itkilərimiz ola bilərdi və böyük vaxt sərf olunacaqdı”. Ağdam, Kəlbəcər və Laçının itki vermədən azad olunması Azərbaycanın hərbi sahədə olduğu kimi diplomatik sahədə də qazandığı böyük uğurun nəticəsidir”.

Deputat qeyd edib ki, 28 il sonra Laçın rayonunun düşmən işğalından azad olunması mühüm tarixi hadisədir idi: "Artıq işğaldan azad olunan ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artırır. Laçında beynəlxalq hava limanının tikintisinə start verilib. Azad edilmiş torpaqlarda ümumilikdə üç beynəlxalq hava limanından artıq ikisi, Füzuli və Zəngilan beynəlxalq hava limanı istifadəyə verilib. Hava limanlarının mülki aviasiya, yükdaşıma və hərbi əhəmiyyəti danılmazdır. Laçının Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. Sözsüz ki, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. İşğaldan azad olunmuş digər rayonlarımızda olduğu kimi Laçına da tezliklə həyat qayıdacaq. Laçın da Şərqi Zəngəzur iqtisadi rayonunun mühüm mərkəzlərindən birinə çevriləcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər