28 Dekabr 2022 13:46
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Media haqqında" qəbul edilmiş qanunda ciddi əlavələrə ehtiyac var. Bu baxımdan da Audiovizual Şuranın sədrinin yanaşması doğrudur. Bununla bağlı sözsüz ki, başqa media qurumları da öz təkliflərini verəcək. Çünki “Media haqqında” qanun tələsik qəbul edilib. Ona görə boşluqlar var. Hətta bu qanun layihəsi müzakirəyə çıxarılan və qəbul edilən zaman da bu istiqamətdə fikirlərimizi bildirmişik.

Bunu Teleqraf.com-a media üzrə ekspert, professor Qulu Məhərrəmli deyib.

Onun fikrincə, indiki “Media haqqında” qanunda bir çox nüanslar var ki, onun tətbiqi prosesində bu boşluqlar dərhal özünü göstərəcək:

“Bu, hüquqi, bəzi prosedur və mexanizmlərin həlli məsələlərinə aiddir. Ona görə də bu qanunla bağlı dəyişikliyin edilməsinə normal yanaşıram. Çünki qanunun tətbiqinə başladıqda çoxlu suallar ortaya çıxacaq. Bunun da ortaya çıxması təbiidir. Bu baxımdan da “Media haqqında” qanunda dəyişikliklərin edilməsi ilə bağlı layihə kimi verilən təkliflər çox doğrudur. Burada qoyulan məsələlər reallıqla, günümüzlə səsləşməlidir”.

Ekspert hesab edir ki, qanunun bu şəkildə qəbul edilməsi ortaya bundan sonra da problem çıxaracaq:

“Ölkəmizdə “Telekomunikasiya, İnformasiya əldə etmək, “Reklam haqqında” qanunlar mövcuddur. Məhz “Media haqqında” qanunun bunlarla bağlılığı çox zəifdir. Sadəcə olaraq qanunun yaxşı tərəfi odur ki, burada yeni texnologiyalar, yayım siyasəti, istehsal münasibətləri hüquqi cəhətdən tənzimlənib. Bu da normaldır. Amma nəzərə almalıyıq ki, bu sferanın özü hər gün yenilənir. Xarici təmsilçilərin, böyük sosial şəbəkələrin Azərbaycanda təmsilçiliyi ilə bağlı, platforma yayımçısı kimi məsələlər qanunun preambulasında dəqiq göstərilməyib”.

Media eksperti, hüquqşünas Ələsgər Məmmədli isə hesab edir ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olandan sonra, yəni 2002-ci ildə “Teleradio haqqında” qənun qəbul edildi:

"Daha sonra isə “İctimai teleradio yayımı haqqında” qanun qəbul edilib. Burada mümkün qədər beynəlxalq standartlara uyğunlaşmağa çalışılmışdı. Hazırkı qanunda isə bu baxımdan boşluqlar var. Bununla bağlı Avropa Şurasının Venesiya Komissiyasının rəyi mövcuddur. Tələb də odur ki, ölkəmizdəki “Media haqqında” qanun dəyişməlidir və bununla da o beynəlxalq standartlara uyğunlaşmalıdır".

Ələsgər Məmmədlinin sözlərinə görə, “Teleradio yayımı” haqqında qanun artıq qüvvədən düşüb: “Yeni “Media haqqında” qanun həm də teleradio və digər kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyir. Audiovizual Şuranın səlahiyyətləri də burada xeyli kiçildilib. Demək olar ki, burada bir çox aspekt görünmür. Xüsusən də Avropa teleradio sahəsində tənzimləyici dövlət qurumlarının funksiyasına dair burada tövsiyələr mövcuddur. Həmin tövsiyələrə uyğun şəkildə “Media haqqında” qanun layihəsi yenidən işlənməlidir”.

Ələsgər Məmmədliyə görə, hazırda belə bir təşəbbüs varsa, onu da ictimai müzakirəyə çıxarmaq lazımdır:

“Burada təklifin nədən ibarət olduğu daha detallı tədqim edilib onun müzakirəsinə nail olunmalıdır. Ehtiyaclar əsas götürülməlidir”.

Qeyd edək ki, Audiovizual Şuranın sədri İsmət Səttarov gələn il "Media haqqında" qanuna bəzi dəyişikliklər edilə biləcəyindən danışıb. O qanunda dövlət dili ilə bağlı hissədə bəzi dəyişikliklərin, eyni zamanda canlı yayımda tərcümə məsələsi ilə bağlı müəyyən təkliflər veriləcəyini açıqlayıb.


Müəllif: Tapdıq Qurbanlı