Yanvar ayının 27-də Azərbaycanın Tehrandakı səfirliyində törədilən terror hadisəsi iki qonşu dövlət arasında diplomatik münasibətləri olduqca mürəkkəbləşdirdi. Bu qanlı terrorun nəticəsi olaraq Azərbaycan dövləti İranın Tehran şəhərində səfirliyin fəaliyyətinin dayandırılmasına qərar verdi. Bu terror hadisəsinin törədilməsində İranın xüsusi xidmət orqanlarının qanlı əllərinin olduğuna heç bir şübhə yoxdur. Əgər belə olmasaydı, səfirliyimizdə baş vermiş terror hadisəsi ilə bağlı cinayət işinin araşdırılmasına başlanılardı. Hətta İran bu qanlı hadisəni Azərbaycan tərəfi ilə birlikdə araşdıra bilərdi. Lakin, İran ondan gözlənildiyi kimi davranmaqda davam edir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O qeyd edib ki, əslində İranın bu mövqeyi məlum olanın elan edilməsindən başqa bir iş deyil: “Azərbaycanın tarixi torpaqlarının otuz ilə yaxın davam edən işğalı dövründə İran üzdə dost kimi görünüb, gizlin düşmənçilik edirdi. İndi isə molla rejimi açıq-açıq düşmən mövqeyini ortaya qoyur. Səfirliyimizə qarşı törədilmiş terror hadisəsi son dövrlər İranda dövlət siyasətinə çevrilmiş anti-Azərbaycan mövqeyinin nəticəsi idi. Əminliklə deyə bilərik ki, terror dövləti İranın anti-Azərbaycan siyasətinin nəticəsi ağır olacaq”.
Millət vəkili törədilmiş terror hadisəsinin görüntüləri nəticəsində insidentin məqsədyönlü şəkildə baş verdiyinin sübuta yetirildiyini söyləyib: “Sonrakı proseslər də bunun belə olduğunu təsdiqlədi. İran televiziya kanallarının terroristə mikrafon uzadıb, söz haqqı verməsi bu ölkənin terror dövləti olduğunun bariz nümunəsi idi. İran əslində bununla bir daha terroru dəstəklədiyini, terrorçunu qoruduğunun isbat etmiş oldu. Şözsüz ki, bir ölkənin ərazisində belə bir hadisənin baş verməsi onun dünyada imicinə xələl gətirir və nüfuzunu zədələyir. Bu hadisə onu deməyə əsas verir ki, İranda istənilən bir dövlətin səfirliyinin təhlükəsizliyi şübhə altındadır. Azərbaycana qarşı olan bu insident başqa dövlətlərin də səfirliklərinə qarşı ola bilər. İran belə terror hadisələrini törətməkdə kifayət qədər təcrübəli bir dövlətdir. Nəzərə alsaq ki, qədim dövrlərdən bu günə qədər elçiyə, səfirlik nümayəndəsinə hücum, səfirlik əməkdaşının öldürülməsi istisna hallarda baş verən hadisələrdir”.
Deputat hesab edir ki, terror hadisəsi baş verən andan etibarən İranın qeyri-səmimi, uydurma açıqlamaları, terroristin silahının SEPAH-da qeydiyyatda olması bu dövlətin terror dövləti olduğunu, terror yuvasına çevrildiyini deməyə əsas verir: “Dövlət səviyyəsində baş vermiş bu siyasi terror hadisəsi İranın anti-Azərbaycan siyasətinin açıq təzahürüdür. Terror aktına İran rəhbərləri tərəfindən ciddi reaksiya verilməməsi göstərdi ki, özlərini bizə din qardaşları kimi təqdim edənlər, əslində, dost deyil, əsl düşmənlərdir. Səfirliyimizə silahlı hücum beynəlxalq hüquq normalarının ciddi pozulmasıdır. Əlbəttə, bu bizi təəccübləndirmir. Ona görə ki, başlıca insan hüquq və azadlıqlarının məhdudlaşdırıldığı, öz vətəndaşlarına qarşı xüsusi qəddarlıqla münasibət göstərməkdən çəkinməyən bir dövlətin beynəlxalq hüquq normalarına əməl etməsini gözləmək sadəlövhlük olardı”.
Tamam Cəfərova deyib ki, İran anti-Azərbaycan siyasətini Cənubi Azərbaycanda, Xoyda baş verən zəlzələdə zərər çəkmiş azərbaycanlılara qarşı da davam etdirir: “İran Xoyda yaşayan soydaşlarımıza heç bir humanitar yardım göstərməməklə yanaşı, Türkiyənin də yardım təklifini rədd edib. Xoyda əziyyət çəkən soydaşlarımıza Türkiyə tərəfindən edilən yardımdan imtina edən İranın hərəkətləri düşmənçiliyin, həmçinin, öz xalqına xəyanətin bariz nümunəsidir. Yardım təklifini qəbul etməməklə İran Azərbaycana və Türkiyəyə qarşı düşmən mövqeyini bir daha ortaya qoyub. Şübhəsiz ki, Azərbaycana və Türkiyəyə düşmən mövqedə durmaq İrana yaxşı heç nə vəd etmir, bu dövləti faciələrə doğru aparır. İranın ölkəmizə qarşı düşmən mövqeyi ona heç nə qazandırmayacaq, əksinə İran üçün bu terror hadisəsi ölkədə davam edən siyasi böhranın daha da dərinləşməsinə gətirib çıxaracaq”.