Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un sullarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Tofiq müəllim, Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycanın Ermənistan tərərəfindən 7 rayonunun işğal edildiyini və bunu II Qarabağ müharibəsində azad edildiyini vurğulaması qarşı tərəfdə etirazlara səbəb olub. Sizcə, keçmiş ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən birinin işğal faktını gec də olsa etiraf etməsi proseslərin bundan sonrakı inkişafında nə dərəcədə təsirli ola bilər?
- Rusiya rəsmi olaraq Azərbaycanın 7 rayonunun Ermənistan tərəfindən işğalını tanıdığını bəyan edib. Bundan öncə bu mövzuya aid digər müxtəlif terminlərdən istifadə olunurdu. Amma heç vaxt işğaldan bəhs edilmirdi. “Hərbi nəzarət altına alınıb” kimi terminlərdən istifadə olunurdu. İşğal isə beynəlxalq bir termindir. Hərbi işğal dedikdə hüquqi məsuliyyət də müəyyən şəkildə çox dəqiq şəkildə ifadə olunur. Bununla da Ermənistanın işğalçı kimi hüquqi müstəvidə tanınması açıq şəkildə ifadə olunur. Bundan sonra isə işğala görə ödəniləcək təzminat məsələləri gündəmə gəlmiş olur. Əslində bu, Ermənistana məhz bu formada təzyiq formasıdır. Amma Azərbaycanın hansı bölgəsinin işğalı məsələsinə aid təbii ki, bizim tərəfimizdən tənqidi mövqe var. Çünki bunun bizim üçün heç bir fərqi yoxdur. Bunun keçmiş “DQMV”nin ərazisi və yaxud onun yanında olan torpaqlara aid olması məsələsi önəmli deyil. Azərbaycan qanunvericiliyində muxtar vilayət məsələsi ləğv olunub. Əslində məsələnin bu şəkildə təqdim edilməsi burada hansısa bir qurumun olması və oradakı insanların Azərbaycanın suverenliyindən kənar yaşamaq kimi absurd iddialara hesablanıb. Bu, köhnə bir yanaşmadır. II Qarabağ müharibəsindən öncə də buna oxşar bəyanat səslənmişdi. Vurğulanmışdı ki, Azərbaycanın Qarabağ üzərində suverenliyi artıq yoxdur.
- Bunu hansı amillərlə əsaslandırırdılar?
- Deyirdilər ki, əgər siz vasitəçiliyə razılıq vermisinizə, deməli suverenlik burada qarşı tərəfə keçmiş olur. Suverenliyin belə olduğu halda guya vasitəçilərin üzərinə düşməsi ilə bağlı iddialar səslənirdi. Əslində bu, kökündən yanlış bir yanaşmadır. O vaxt da biz bu mövqeni tənqid etmişdik. İndi də Lavrov yenidən bu məsələyə qayıtmaq istəyib. Bu mövqeyə də reaksiyamız sərt oldu. Amma ilk dəfə olaraq Rusiya rəsmisi Ermənistanın Azərbaycan ərazilərinin işğal faktını tanıması burada başlıca amildir.
- Erməni tərəfinin buna reaksiyası necə oldu?
- Fakt odur ki, erməni tərəfi bundan narazıdır. Çünki Ermənistan əgər keçmiş işğal faktına görə təzminat cəzası ilə üzləşsə, bunu Rusiyanın üstünə atmağa çalışacaq. Ermənilər deyəcək ki, biz bunu Rusiya ilə bərabər etmişik. Qorxuları da məhz bununla bağlıdır.
- Belə olan halda Azərbaycanı Lavronun bu açıqlamasından narazı salan cəhət nə idi?
- Çünki o, Ermənistan tərəfindən işğal edilmiş bölgəni dəqiq göstərməyib. Sadəcə olaraq Rusiya tərəfi işğal faktını etiraf etməsi əsas elementdir. Vasitəçi olan tərəf Rusiya burada işğalı tanıyıb. Burada həmsədr olan ABŞ və Fransa hələ də Ermənistanın Azərbaycan ərazilərini işğal faktını tanımayıb. Bununla bağlı heç bir fakt yoxdur. Çünki Amerika və Fransa bu faktı tanımaq istəməyib. Erməniləri dəli edən səbəb də məhz budur. Biz 30 il heç bir dövlətdən işğal faktı ilə bağlı konkret fikir eşitməmişik. Bununla bağlı ancaq müxtəlif beynəlxalq təşkilatlar mövqe bildirib. Bu da konsept şəklində olub. Hətta BMT qətnamələrində erməni işğalı ilə bağlı konkret fikir mövcud deyildi. Ümumiyyətlə Azərbaycan bu kimi məsələlərdən öz maraqlarının daha da möhkəmlənməsi üçün istifadə etməlidir.
- ABŞ-ın ATƏT-in Minsk Qrupu ilə bağlı yanaşması diqqəti cəlb edir. Necə düşünürsünüz Dövlət Departamentinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi dedikdə bunu həmsədrlikdən imtina kimi də başa düşmək olarmı?
- Əslində bu və ya digər vəzifənin adlandırılmasına o qədər də fikir vermək lazım deyil. Bunun necə adlandırılması əhəmiyyət kəsb etmir. Burada sözsüz ki, siyasi mesaj var. Amma bu da prosesin irəliləməsi üçün həlledici deyil. ATƏT-in vasitəçiliyinə Azərbaycan tərəfi son qoyub. Sözsüz ki, burada zorla vasitəçilik olmayacaq. Salahiyyət və suverenlik hüquqları ölkəyə aiddir. Amma ölkə buna razı deyil. 1991-ci ilin dekabrında Azərbaycan bu vasitəçilərə münaqişənin həlli üçün müraciət etmişdi. 2020-ci ildə, yəni II Qarabağ müharibəsindən sonra Azərbaycan Prezidenti açıq şəkildə Minsk Qrupunun həmsədrlərinə dedi ki, “mən sizi çağırmamışam”. Onlara deyildi ki, gedib hansı məsələdə faydalı ola biləcəklərini düşünsünlər. Çünki Qarabağ məsələsi həll olunub. Geridə qalan işləri isə Azərbaycan daxili məsələ kimi öz qanunları əsasında həll edəcək. Ona görə də, buradakı proseslərdən kənardan hansısa bir yollarla daxil olmaq mümkün olmayacaq. İndiki halda Fransa daha çox fəal görünür. Onların “humanitar” proseslərlə bağlı qaldırmağa çalışdığı məsələlərin isə heç bir əsası yoxdur. Ərazi bizə məxsusdur. Özümüz daxilimizdə olan prosesləri yoluna qoyacağıq.