Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə - Qoşulmama Hərəkatının sammitinə ev sahibliyi etdi. Ümumiyyətlə, üzv olduğu bu hərəkatın Azərbaycan üçün nə kimi önəmi var?
- Kifayət qədər yüksək səviyyəli bir tədbirdir, mövzu postkoronavirus dövründə görüləcək tədbirlərlə bağlıdır. Azərbaycanın koronavirus dövründə Qoşulmama Hərəkatına üzv dövlətlərə verdiyi dəstək və bu yöndə böyük təşkilatçılıq işi ölkəmizin və Prezident İlham Əliyevin bu sahədə oynadığı rolun önəmini hər kəsə göstərdi.
Buna görə də Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi daha bir il uzadıldı. Yəni ilin sonunadək sədrliyi özümüzdə saxlayırıq. Onu da deməliyik ki, Azərbaycan koronavirusla mübarizə çərçivəsində iqtisadi və maddi imkanlardan məhrum ölkələrin dəstəklənməsində ciddi rol oynayıb. Məsələn, Azərbaycan koronavirusun ilk anlarında Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar yardım etdi. Bundan başqa, Azərbaycan Afrikanın zəif inkişaf etmiş ölkələrinə vaksinlər almaq üçün 10 milyon dollar vəsait ayırdı.
Azərbaycan vaksinlərin dünya üzrə ədalətli bölüşdürülməməsi və ya vaksinlərin bəzi ölkələrə çatdırılmaması problemlərinin BMT səviyyəsində həllinə də nail oldu. İndi koronavirusdan sonrakı durum müzakirə olunur. Hərəkata üzv olan bəzi dövlətlərdə koronavirus ocaqları hələ də qalır, onlar yenə də vaksin və maliyyə yardımlarına ehtiyacları var. Bu səbəbdən Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dövlət başçısı İlham Əliyev haqda söylədiyi sözləri misal gətirmək istəyirəm.
Özbəkistan lideri dedi ki, yalnız Azərbaycan və onun prezidenti Qoşulmama Hərəkatını nüfuzlu qüvvəyə çevirdi, koronavirusun fəsadlarını yalnız bu səviyyədə olan liderin səyləri nəticəsində aradan qaldırmaq mümkün oldu, buna görə də Qoşulmama Hərəkatının üzvləri Azərbaycana və Prezident İlham Əliyevə daim minnətdardır.
Hərəkatın Bakı zirvəsi ilə yeni üfüqlər, yeni istiqamətlər, Qoşulmama Hərəkatına üzv dövlətlərinin gələcək siyasi-iqtisadi inkişaf hədəfləri müəyyənləşdiriləcək. Bununla bağlı Azərbaycan prezidentinin bir təklifi var. Bu təklif BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayının artırılması ilə əlaqəlidir. Azərbaycan lideri Qoşulmama Hərəkatına üzv dövlətlərdən birinin həmin quruma daxil edilməsini təklif edir. Zənnimcə, kifayət qədər prinsipial məsələdir. Bu məsələ müzakirə olunaraq, müəyyən qərar veriləcək. Bu da Qoşulmama Hərəkatının nüfuzunun daha da artırılmasına kömək edəcək.
- Azərbaycanın rəsmi nümayəndələri ilə Qarabağın erməni sakinləri arasında Xocalıda ilk təmas baş tutdu. Bundan sonra davamlı olacağı deyilən bu prosesdən gözləntiniz necədir?
- İşi başlamaq onun yarısını görmək deməkdir. Artıq Qarabağ erməniləri ilə təmaslar başlayıb. Araik Arutyunyan, Balasanyan kimi separatçılar bu dialoqun əleyhinə getsələr də, dünya, xüsusən də Avropa Birliyi dialoqun zəruriliyini görür. Avropa Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında Praqda keçirilən son görüşdə bu məsələnin zəruriliyi bildirilmişdi.
Diqqətçəkən məqam budur ki, həmin görüşdə Fransa Prezidenti Makron da iştirak etmişdi, yekun sənədə o da öz imzasını atmışdı. Demək istəyirəm ki, dünya Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyir. İndi dünya Azərbaycanın öz ərazilərində suverenliyini tam bərpa etməsinə qarşı çıxa bilməz.
Rusiya sülhməramlılarının komandiri Volkovun vasitəçiliyi ilə ilk təmasın baş tutması bu prosesin başladığını göstərir. İndiyədək belə görüşlər pərakəndə formada aparılırdısa, indi danışıqlar sistemli hala düşür. Rəsmi Bakı təklif edir ki, növbəti görüşlər azad edilmiş rayonlardan birində, məsələn, Ağdamda keçirilsin. Hətta razılaşsalar, bunun Bakıda davam etdirilməsi ehtimalı da var.
İllüziyaya qapılmaq istəmirəm, bu ağrılı və çətin prosesdir. Biz millətçilik azarına tutulmuş insanlarla danışırıq. Belə insanların cəmiyyətimizə reinteqrasiyasını işləyib hazırlamaq o qədər də asan məsələ deyil. Amma bunun başqa yolu yoxdur. Ya Azərbaycanın suverenliyini qəbul edərək bu ərazilərdə dinc yaşayacaqlar, ya da separatçılıqlarını da götürüb başqa yerə gedəcəklər.
Zənnimcə, orada yaşayan insanların ən azı 60-70 faizi Azərbaycan vətədaşlığını qəbul etməyin tərəfdarıdır. Getdikcə Azərbaycan pasportunu almaq istəyən ermənilərin sayı artacaq. Əgər separatçı rejimin başçıları vay-şüvən qoparıb dialoqu pozmağa çalışsalar, həmin adamların cəmiyyətdən təcrid edilməsi vasitələrinə də əl atıla bilər. Bu durumda Azərbaycanın əlində olan bütün vasitələrdən istifadə edə biləcəyini də düşünürəm.
Biz beynəlxalq konvensiyalarda üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk. Bu öhdəliklər çərçivəsində vaxtilə vətəndaşlarımız olmuş, indi də vətəndaşlarımız olmağa hazırlaşan insanları radikal millətçi əhval-ruhiyyəli ünsürlərdən ayırıb, düz yola çəkmək yolundakı işlərimizi intensiv formada aparmalıyıq.
- Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qoyulması da gündəmdədir. Bəs bu məsələ hansı formada həllini tapa bilər?
- Bu, suverenlik məsələsidir, heç kim etiraz edə bilməz. Əgər mən Qarabağın dağlıq – ermənilər yaşayan hissəsində öz suverenliyimi bərpa etmək üçün danışıqlar aparıramsa, bu bölgəyə gələn yolun üzərində də nəzarətim olmalıdır. İndi yerindən duran hər kəs – Fransanın, İranın, Suriyanın nümayəndələri Laçın yolunu su yoluna döndərib. Bu yol Azərbaycanın suveren ərazisində yerləşir və orada qayda-qanun yaratmaq da bizim hüququmuzdur. Biz kimlərisə asıb-kəsmək, yolda hərəkəti dayandırmaq niyyətində deyilik.
Bir ölkədən digər ölkəyə gediş-gəlişin beynəlxalq hüquqla müəyyən edilmiş beynəlxalq normaları var. Biz gediş-gəlişin bu beynəlxalq hüquq normalarına uyğunlaşdırılmasını tələb edirik, gec-tez buna nail olacağıq. Başqa cür ola da bilməz.
- Digər yanda isə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar davam edir. Bəs bu yöndə hansı gəlişmələrin şahidi olacağıq, məsələn, bu sənədin imzalanması bölgəyə qalıcı sülh gətirəcəkmi, yəni problemləri birdəfəlik həll edəcəkmi?
- Zənnimcə, sülh müqaviləsi bu il mütləq imzalanacaq. Bu sülhün möhkəm və dayanıqlı olması üçün hər iki ölkənin səyləri lazım gələcək. Azərbaycan bu məsələdə tam səmimidir, müharibə istəmir. Azərbaycan bu bölgənin inkişafı, yüksək rifah halına çatması və çiçəklənməsi üçün lazım olan hər şeyi edir. İşğaldan azad edilmiş ərazilərdə aparılan geniş quruculuq işləri də bunu təsdiqləyir.
Ədalət naminə deməliyik ki, Ermənistanda da sülhə can atma müşahidə olunur. Nikol Paşinyan sülh müqaviləsini imzalamaqla öz adını Ermənistan tarixinə yazdıra, həm də erməni cəmiyyətinin rəğbətini qazana bilər. Avropa Birliyi sülh müqaviləsinin bağlanması müqabilində Azərbaycan və Ermənistana böyük maddi yardımlar vəd edir. Ermənistan bunu yaxşı bilir. Biz varlı ölkə olsaq da, biz də bunun marağındayıq. Amma ortada tam həllini gözləyən bir Qarabağ məsələsi var. Sülh müqaviləsində bununla bağlı müddəanın olmasını istəmirik. Ermənistandan verilən son açıqlamada da bu məsələnin müqavilədə yer almayacağı bildirildi.
Suveren ərazilərimizdə qayda-qanunu yalnız biz yarada bilərik və yaradacağıq. Beynəlxalq müşahidəçilərin buna nəzarət etməsinə etiraz etmirik, buna hazırıq. Artıq bunun bünövrəsini qoymuşuq. Bundan sonrakı gedişat həm Qarabağ ermənilərinin, həm də onların içindəki bir ovuc separatçıdan da asılıdır.
Ermənistan sülhə hazır olduğunu desə də, zənnimcə, Qarabağ erməniləri içində pozuculuq işlərini davam etdirir. Ermənistanın Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qoyulmasına qarşı çıxması bu qəbildəndir. Ermənistan həm Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyir, həm də bunun pozulmasına rəvac verən addımları dəstəkləyir. Bu, gərginlik və nifaq yaradan siyasətdir. Hesab edirəm ki, çətin olsa da, il ərzində bu məsələnin həllinə də müvəffəq olacağıq.