25 Mart 2023 12:10
10 166
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Ermənistan arasında yeni bir qarşıdurma ehtimalları hər ötən gün daha da çoxalır. Artıq Azərbaycan tərəfi də başa düşür ki, rus sülhməramlıları burada tamam başqa işlərlə məşğuldur. Çünki sülhməramlılar üzərinə götürdüyü öhdəlikləri icra etmir. Azərbaycan ərazisinə silah-sursatın daşınması, yolların çəkilməsi, separatçılara edilən yardımlar bilavasitə rus sülhməramlılarının iştirakı ilə həyata keçirilir.

Bunu Teleqraf.com-a hərbi ekspert, ehtiyyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

O qeyd edib ki, qarşı tərəf digər yandan isə beynəlxalq ictimaiyyəti aldatmağa cəhd edir:

“Sülh müqaviləsi imzalamağa hazır olduqları ilə bağlı məntiqsiz açıqlamalar verirlər. Nikol Paşinyan və Ararat Mirzoyanın, eyni zamanda Moskvanın qeyri-səmimi davranışlarını davam edir. Sözsüz ki, bütün bunlar real müstəvidə gərginlyi yenidən artırır”.

Polkovnik hesab edir ki, geniş miqyaslı müharibə ehtimalı azdır: “Sadəcə olaraq lokal xarakterli döyüş əməliyyatları həyata keçiriləcək. Qisas əməliyyatı sanki yenidən davam etdiriləcək. Sözsüz ki, qisas əməliyyatı yarımçıq qalmışdı. Ona görə də bu, sona çatdırılmalıdır. Çünki onlar başqa yol qoymayıb. Hər ötən gün erməni tərəfi Qarabağa silah daşıyır, yeni hərbi mövqelər inşa edir. Azərbaycan tərəfi buna ancaq bəyanatlarla cavab vermək niyyətində deyil”.

Üzeyir Cəfərov deyib ki, yaxın günlərdə növbəti hərbi əməliyyatların aparılması ilə bağlı konkret addımların şahidi ola bilərik:

“Sözsüz ki, bu gün Azərbaycanın Ermənistanla şərti dövlət sərhəddinə qoşun toplamasına ehtiyac yoxdur. Çünki orada ordumuzun hərbi birləşmələri mövcuddur. Bütün bunlar tərəflər arasında lokal toqquşmanın qaçılmaz həddə olduğunu göstərir. Azərbaycanın Müdafiə və Xarici İşlər Nazirlikləri də artıq beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb ki, qarşı tərəfin bu təxribatlara sona kimi dözmək mümkün deyil. Çünki Azərbaycana başqa seçim yolu qoymayıblar. Ölkəmiz bununla bağlı dəfələrlə çağırışlar etdi. Amma görünən odur ki, onlar düzəlmək istəmirlər. Məhz bu konteksdən çıxış edərək demək olar ki, hərbi əməliyyatların başlaması artıq an məsələsidir. Çünki erməni tərəfi güc görməsə, onlara havadarlıq edənlər bu amilli hiss etməsələr hərəkətlərinə düzəliş etməyəcəklər”.


Müəllif: Tapdıq Qurbanlı