31 Mart - Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı tarixinin ən qanlı səhifələrindən biridir. Xüsusi qəddarlıqla törədilmiş bu soyqırım hadisəsindən 105 il ötür. Hər il olduğu kimi bu il də Azərbaycan xalqı soyqırımı qurbanlarını dərin hörmət və ehtiramla yad edir. Sözsüz ki, bu qanlı hadisəni xatırlamaq və erməni faşizminin nə qədər təhlükəli olduğunu unutmamaq üçün hadisələrin baş verdiyi tarixi şəraiti və siyasi prosesləri dəqiq analiz etməkdə fayda var. Ermənilər, öz məkrli siyasətlərini həyata keçirmək, ölkəmizin tarixi ərazisində “erməni dövləti” qurmaq məqsədi ilə Azərbaycanın müxtəlif bölgələrində soydaşlarımıza qarşı dəhşətli qırğınlar törədiblər. Azərbaycanlılara qarşı ermənilərin fasilələrlə, düşünülmüş və planlı şəkildə davam edən soyqırımı siyasəti nəticəsində yüz minlərlə günahsız soydaşımız vəhşicəsinə qətlə yetirilib, evləri yandırılıb, əmlakları qarət olunub. Eyni zamanda uydurma “böyük ermənistan” ideyasına həqiqət donu geyindirmək məqsədi ilə tarixi saxtalaşdırmağa çalışıblar. Məhz erməni şovinistləri tərəfindən qədim Azərbaycanın tarixi təhrifə məruz qalırdı. Süni xülyalardan ruhlanan erməni təcavüzkarları XX əsrdə azərbaycanlılara qarşı daha amansız qanlı aksiyalar həyata keçirirdilər. Bakı şəhərində başlanılan erməni vəhşilikləri Azərbaycanın bütün ərazisinə yayılmışdı.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O qeyd edib ki, Azərbaycanlılara qarşı erməni daşnaklarının həyata keçirdiyi qanlı qırğın 1918-ci ilin martın 30-dan aprelin 2-ə qədər Bakıda davam edib. “Bu qanlı faciə tarixdə "1918-ci ilin Mart Günləri" kimi qalıb. Bolşeviklərin böyük dövlətçilik siyasətinin labüd nəticəsi olan soyqırım Azərbaycanda milli istiqlala qarşı açıq-aydın sui-qəsd idi. Mart soyqırımından bir il sonra ermənilər bu hadisələri bolşeviklərlə müsəlmanlar arasında cərəyan edən hakimiyyət mübarizəsi kimi mətbuatda yaymışdılar. 1919-cu ilin yayında ABŞ tərəfindən Bakıya göndərilən general Harborda təqdim edilən sənəddə erməni yepiskopu Baqrat ermənilərin mart hadisələrində iştirakını inkar edir. Baqrat Bakıda hadisələr zamanı öldürülən 1000 nəfərdən 300-nün erməni və rus, 700-nün müsəlman olduğunu iddia edirdi. Bu soyqırım təkcə Bakıyla əhatəli deyildi. Aprel ayının ilk ongünlüyündən etibarən Bakıda törədilən bu qətliamlar eynilə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə də edildi. Həmin vaxt Şamaxıda törədilmiş kütləvi qırğınları xüsusilə qeyd etmək olar. Şamaxının 72 kəndində ermənilər tərəfindən 7 min nəfərin, o cümlədən 1653 qadın və 965 uşağın öldürüldüyü bildirilir. Faciənin tədqiqi məqsədilə 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar da bir sıra araşdırmalar aparıblar. Onların tədqiqatı nəticəsində (yüz nəfərə yaxın şahiddən toplanan xatirə və məlumatlar) müəyyən edilib ki, erməni cinayətkarları Şamaxı şəhərində təqribən14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfər qətlə yetirilib. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub”.
Deputat “Mart soyqırımı”na siyasi qiymət Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra verildiyini bildirib: “1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Qeyd edək ki, bu sənədin ermənilər və onların tarixi havadarlarının yurdumuzun və yurddaşlarımızın başına gətirdikləri müsibətlərin həm ölkə, həm də beynəlxalq ictimaiyyətin mühakiməsinə çıxarılmasında böyük rolu və əhəmiyyəti var. Eyni zamanda 2007-ci ildə Quba şəhərində tikinti məqsədilə aparılan qazıntılar zamanı aşkar edilmiş kütləvi məzarlıq 1918-ci ildə bolşevik adı altında quldur erməni dəstələri tərəfindən törədilmiş Qubanın müsəlman əhalisinin soyqırımının əyani sübutudur. Məhz bu tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyev 30 dekabr 2009- cu il tarixli sərancamı ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi“nin yaradılmasına sərəncam verib. Abidə-muzeyin ekspozisiyasında 1918-ci il mart-iyul aylarında Bakı quberniyasının 5 qəzasında – Bakı, Şamaxı, Quba, Cavad və Göyçayda müsəlman əhalinin soyqırımı tarixi öz əksini tapıb. Həmçinin Prezident İlham Əliyev erməni-bolşevik silahlı azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə 2018-ci il yanvarın 28-də Sərəncam imzalayıb. Sərəncamda əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olunması təşviq edilir”.
Tamam Cəfərova hesab edir ki, Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı şanlı zəfərlə tarixi ədaləti bərpa etmiş oldu: “Tarixi qələbəmizin mayasında Azərbaycan xalqının azadlıq və müstəqillik ideyalarına qarşı uzanan əllərə qarşı birlik, həmrəylik və əzmkarlıqla mübarizə aparması dayanır. Vətən müharibəsi və tarixi qələbəmiz Azərbaycan xalqının nəyə qadir olduğunu bir daha bütün dünyaya göstərdi. Sözsüz ki, Azərbaycan xalqı və dövləti soyqırım qurbanlarının xatirəsini daim əziz tutur. Dünya ictimaiyyətini bu tarixi hadisələri obyektiv qiymətləndirərək erməni faşizminin iç üzünü görməyə çağırırıq”.