2 Aprel 2023 00:56
1 360
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Azərbaycan Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edib.

Teleqraf.com Axar.az-a xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Qeyd edilib ki, etiraz notası Azərbaycan XİN-ə İranın Bakıdakı səfirliyi vasitəsilə çatdırılıb.

Etiraz notasında İran Azərbaycanın bəzi media qurumlarının "nalayiq və təhqiramiz hərəkətləri"nin davam etməsindən narahatlığını bildirib:

“İran bu prosesə son qoyulmasını və düzəlişlərin edilməsini tələb edir. Bundan əlavə, İran medianın bu əxlaqsızlığının davam etməsinin iki ölkə arasında gələcək münasibətlərə mənfi və zərərli nəticələri barədə xəbərdarlıq edir”.

Qeyd edək ki, İranın Azərbaycan mediasına qarşı bu cür "əxlaqlı" iddiası və buna görə nota verməsi beynəlxalq diplomatiyaya qətiyyən uyğun deyil.

Əvvəla, Azərbaycana qarşı illərdir fəaliyyət göstərən, ölkəsində deyil, yalnız Azərbaycanda yayılan “Səhər” kimi bir kanalı maliyələşdirən Tehran ən azı bu fakta görə Azərbaycan mediasında hər hansı məqaləyə görə etiraz edə bilməz.

İkincisi, SEPAH-a bağlı media və Teleqram kanalları az qala hər gün Azərbaycana qarşı hədələyici videolar paylaşır, bir çox halda isə Azərbaycanın dövlət atributlarını təhqir edir. Azərbaycana qarşı bu cür təbliğat aparan, onu hər addımbaşı hədələyən bir ölkə Azərbaycan mediasını ittiham etmək və buna görə nota vermək haqqını çoxdan itirib.

Üçüncüsü, hər gün bir SEPAH komandirini Azərbaycan sərhədinə göndərib, Azərbaycanı hədələtdirən, qırıcısını Azərbaycanla sərhəddə uçurdan, 44 günlük savaşdakı zəfərimizdən sonra sərhədimizdə hər il hərbi təlim keçirmək eşqinə düşən və bu təlimlərdə Araz çayından keçməyi məşq edən, düşmən ölkəni silahlandırıb, onun 44 günlük savaşın nəticəsi olaraq üzərinə götürdüyü öhdəliklərini icra etməsinə imkan verməyən, özünə heç bir aidiyyəti olmasa da, başqa bir ölkənin ərazisindən dəhlizin açılmasına qarşı çıxan, ancaq nədənsə, Laçın dəhlizinin fəaliyyətini “qanuni” sayan və s. saymaqla bitməyən düşmənçiliklə məşğul olan İran Azərbaycan mediası və ictimaiyyətindən hansı təqdir, tərif gözləyir?


Müəllif: Teleqraf.com