3 Aprel 2023 17:39
372
12 Punto 14 Punto 16 Punto 18 Punto

7 il bundan əvvəl 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda Ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Müasir Azərbaycan tarixinə “4 günlük müharibə” kimi düşən aprel döyüşləri Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. Döyüşün aparılması və nəticəsi bir daha göstərdi ki, Azərbaycan dövlətinin, onun Prezidentinin, Ordusunun xalqının öz tarixi torpaqlarını erməni işğalından azad etmək üçün güclü siyasi iradəsi, hərbi qüdrəti və birliyi var.

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

O qeyd edib ki, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olunması cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında yaratdıqları mif dağıdıldı: “Aprel döyüşləri Azərbaycanın siyasi müstəvidə də mövqeyini daha da gücləndirdi. Azərbaycan Ordusu düşmənə qarşı öz ərazilərimizdə əməliyyat keçirib. Bu baxımdan da beynəlxalq təşkilatlar, nüfuzlu ölkələr aprel döyüşləri ilə bağlı Azərbaycan əleyhinə bir söz deyə bilməzdilər. Azərbaycan qarşılıqlı qaydada hərbi əməliyyatları dayandırmağa razı oldu və bununla da münaqişənin sülh yolu ilə həllinə üstünlük verdiyini bir daha nümayiş etdirdi. Amma Azərbaycan dövləti bəyan edirdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, bütün region üçün ciddi təhlükə mənbəyidir. Rəsmi Azərbaycan bəyan edir ki, işğal faktı, mövcud status-kvo ilə barışmaq və Ermənistanın təxribatlarına dözmək niyyətində deyil. Əksinə, düşmənə layiqli cavab vermək, torpaqlarını azad etmək iqtidarındadır”.

Millət vəkili hesab edir ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin prinsipial, qətiyyətli siyasəti sayəsində Azərbaycanın ardıcıl şəkildə qazandığı diplomatik uğurlar, Ermənistan rəhbərliyini çətin vəziyyətdə qoyur, həmçinin işğalçı ölkə beynəlxalq iqtisadi layihələrdən kənarda qalmışdı: “Bütün bunlara baxmayaraq Ermənistan təxribata əl atır, sülh danışıqlarına maneə yaradır. “Yeni ərazilər uğrunda yeni müharibə elan edir”, “Qarabağ Ermənistandır və nöqtə” kimi məntiqə və heç bir əsasa söykənməyən yalanlar uydurur, çirkin planlar hazırlayırdı. Lakin Ermənistan unudurdu ki, indi onun qarşısında güclü, müstəqil və inkişaf edən Azərbaycan dayanıb. Aözsüz ki, dövlət başçısının rəhbərliyi ilə ötən illər ərzində ölkəmizin iqtisadiyyatı möhkəmləndirilib, ordumuzun gücü daha da artırılıb. Azərbaycan Ordusunun güclü texnikası, müasir silahları hər an düşmənin istənilən strateji və hərbi obyektini məhv etməyə hazır vəziyyətə gətirilmişdi. Aprel döyüşlərindən sonra 2020-ci ildə 44 gün davam edən Vətən Müharibəsi ilə 30 ilə yaxın davam edən erməni işğalına son qoyuldu”.

Komitə sədri bildirib ki, indi azad Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən canlanır: “Uzun illər Vətən həsrəti ilə yaşayan sakinlər öz doğma yurdlarına dönür. O zaman Prezident İlham Əliyevin tapşırığına əsasən Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzəri olan məscid tikildi. Bu gün isə doğma Şuşada məscidlər abadlaşdırılır. Prezident, Ali Baş Komandan İlham Əliyevin sözləri ilə desək: “Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövlətinin yaradılmasına heç vaxt icazə verilməyəcək. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi Azərbaycanın tərkibində həmişə olub, bu gün də onun tərkibindədir, gələcəkdə də olacaq".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər