4 May 2023 09:23
4 673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Natiq Miri Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ-dakı danışıqları günlərdir davam edir. Artıq tərəflərin razılaşmaya çox yaxın, münasibətlərin tənzimlənməsinə dair sənədin imzalanmaq üzrə olması ilə bağlı müəyyən iddialar var. Siz bu haqda necə düşünürsünüz?

- Belə bir gəlişmə çoxdan gözlənilirdi. Bunda həlledici məqam Azərbaycanın Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqədi qoyması oldu. Azərbaycan bununla ərazi bütövlüyünü təmin etməklə gələcək perspektivin yolunu açdı. Bu, təkcə Ermənistan və separatçılara yox, həm də bu prosesdə maraqlı olan qüvvələrə bir mesaj oldu. Azərbaycan bu addımı ilə geri dönüşü olmayan bir proses yaratdı. Vaşinqtondakı müsbət gəlişmədən danışarkən, sərhəd-keçid məntəqəsinin önəmi vurğulanmalıdır.

ABŞ Dövlət Departamentinin görüşlə bağlı bir açıqlaması da xüsusi diqqət çəkir. Açıqlamada Qarabağ erməniləri “xalq” və ya başqa “status”da yox, milli azlıq kimi qeyd edilir. Beynəlxalq hüquqa görə, milli azlıqlar yaşadıqları coğrafiyanın taleyini həll edə bilməzlər. Bu, ABŞ-dan Qarabağla bağlı ilk belə yanaşmadır. Ötən 30 il ərzində böyük güclər tərəfindən belə yanaşma olmayıb. Həmişə “xalqların öz müqəddəratını təyin etmək hüququ”nu ortaya atırdılar. Bu da həlsizlik yaradırdı. Artıq milli azlıq ifadəsinin gündəmə gəlməsi göstərir ki, Ermənistanla Azərbaycan arasındakı konfliktin əsas səbəblərindən biri olan ərazi iddiası birmənalı şəkildə istisna edilir. İndi yalnız Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları ilə bağlı qaranatdan söhbət gedə bilər ki, bu gün fikir ayrılıqları bu yöndədir. Bunu həll etmək ciddi problem yaratmayacaq.

Sülh müqaviləsinə gəldikdə, hər iki ölkədən Vaşinqtona böyük nümayəndə heyəti göndərilib. Bu da onu göstərir ki, görüşlərdən sonra razılaşdırılması planlaşdırılan sənəd üzrə mövqelərin yaxınlaşdırılması üçün mütəxəssislər səviyyəsində də iş gedəcək. Bu prosesə təkcə Azərbaycan və Ermənistan yox, ABŞ diplomatları da qoşulub.

Sülh müqaviləsinin adı dəyişdirilib, bu da Ermənistanın təklifi ilə olub. Sülh müqaviləsinin adından qorxduqları üçün adını “Münasibətlərin tənzimlənməsinə dair saziş” qoyublar. Azərbaycan bunu qəbul edir, bu durumda mahiyyət yenə də dəyişmir, təməldə duran məsələlər eynidir. Bu məsələlər razılaşdırılmadan bu sazişi imzalamaq mümkün deyil. Vaşinqtonda gedən proses də mövqelərin yaxınlaşdırılmasından ibarətdir.

- Bəs buna nail olmaq mümkün olacaqmı?

- Bunun üçün müzakirələrin bir gün yox, həftə boyu davam etdirilməsi razılaşdırıldı. Bu da ümidverici məqamdır. Hesab edirəm ki, bu günlər ərzində mövqeləri yaxınlaşdırmaq mümkün olacaq. Qənaətimə görə, 30 illik münaqişənin əsas səbəbi olan ərazi iddiası məsələsini razılaşdırdıqdan sonra digər problemləri çözmək elə də çətin olmayacaq. Sərhəd-keçid məntəqəsinin yaradılması bu prosesdə ciddi dönüş yaradıb, bu addımımız həm də sülh müqaviləsini yaxınlaşdırdı.

Hesab edirəm ki, Vaşinqtondakı razılaşma son addım deyil, gələcəkdə sülh müqaviləsinin imzalanması üçün yol xəritəsidir. Yaxın aylarda ola bilsin, hətta mayın sonuna qədər sülh müqaviləsi imzalana bilər. Bu potensial var. Bunu həm də onunla əlaqələndirmək olar ki, Ermənistanın bəhanəsi və qaçacaq yeri qalmayıb. Çünki Azərbaycanın son addımları göstərdi ki, Ermənistan və havadarları prosesi pozmağa çalışsalar, Azərbaycan yenə də müstəqil şəkildə beynəlxalq hüquq normalarına uyğun addımlarını davam etdirəcək və kənar müdaxilələrə imkan verməyəcək. Yəni belə bir məsələ də var. Bir sözlə, artıq Ermənistanın qaçacaq yeri qalmayıb və ən azı ilkin variant razılaşdırılacaq, beləliklə, yaxın vaxtlarda dövlət başçılarının Qərb ölkələrindən birində sülh müqaviləsini imzalamaq imkanları yaranacaq. Ən azı mənim buna böyük ümidim var.

- Bunu mümkün edən başqa hansı amillər ola bilər?

- ABŞ-ın əlində həm də Ermənistana qarşı ciddi təzyiq mexanizmi var. ABŞ-ın, ümumən Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaların pozulmasında Ermənistan ciddi şəkildə iştirak edir. Ermənistanın Rusiyanın hərbi sənayesində istifadə olunan çiplər, elektron resurslar və digər avadanlıqları Qərbdən alaraq Moskvaya ötürməsi ifşa edilib. Bu təsdiqlənib. Yəni ABŞ-ın əlində Ermənistana qarşı istifadə edə biləcəyi ciddi təzyiq mexanizmi var. Ermənistan bu səbəbdən ciddi sanksiyalara məruz qala bilər. Bu da cırtdan Ermənistan üçün arzuolunan deyil. Buna görə də ümidlər çox böyükdür. Ən azı yol xəritəsinin razılaşdırılması mümkün olacaq.

- Rusiya da Vaşinqton görüşünə münasibət bildirdi. Kremlin sözçüsü Dmitri Peskov dedi ki, Moskvanın vasitəçiliyi ilə Bakı və İrəvan arasında imzalanmış 10 noyabr və digər anlaşmalara alternativ yoxdur. Bəs bu mesajı necə izah etmək olar?

- Bu açıqlamanı gözləyirdik. Çünki Rusiya ciddi şəkildə narahatdır. İndi Rusiya hər tərəfdən sıxışdırılır. Rusiya hazırda nə sərhədlərin müəyyənləşməsi, nə kommunikasiyaların açılması, nə də Qarabağla əlaqəli qalan məsələlərin həlli ilə bağlı anlaşmalarda var. Eyni zamanda, Azərbaycanın Ermənistanla sərhəddəki son addımı Rusiyanın ərazilərimizdəki hərbi varlığının gələcəyini şübhə altında qoydu.

Peskovun açıqlamasına gəldikdə, bu, həm Azərbaycan, həm də Ermənistana barmaq silkələməkdir. Rusiya Peskovun dili ilə öz mövqeyini ortaya qoydu. Onlar demək istəyirlər ki, sülh müqaviləsinin imzalanması Moskva üçün arzuolunmazdır.

“10 noyabr sənədinin alternativsiz olması”na gəlincə, bu sənəd onsuz da işləmir. Rusiyanın iddiası da gərəksizdir. Bunu təkcə Azərbaycan yox, Ermənistan da deyir. Ermənistan da bildirir ki, Rusiya üzərinə götürdüyü missiyanı yerinə yetirmir. Yəni üçtərəfli bəyanata imza atan üç tərəfdən ikisi deyir ki, keçərli deyil, işləmir. Bunun da ən böyük günahkarı elə Rusiyanın özüdür. Rusiya ötən iki il ərzində irəli doğru addım atılmasına imkan vermədi və zamana oynadı. Bölgədəki varlığını qorumaq üçün təxribatlara yol açdı. Bu da kənar oyunçuların prosesə müdaxiləsinə şərait yaratdı.

Ortada boşluq vardı, problemlər həllini tapmırdı. Yəni Rusiyanın özü şərait yaratdı ki, kənar amillər müdaxilə etsin. İndi sıxışdırılırsa, Rusiya bundan narazı olmamalıdır. Rusiyanın 10 noyabr iddiasına gəlincə, Vaşinqtonda söhbət sülh müqaviləsindən gedir. 10 noyabr sənədi bu məsələni ehtiva etmir. Hansı “alternativsiz sənəd”dən söhbət gedir? Bu, müəyyən mənada Qarabağla bağlı məsələləri “tənzimləyən sənəd”dir, buna da ən böyük əngəlin özü yenə Rusiya oldu. Bu çərçivədə Qarabağdakı erməni qanunsuz silahlı birləşmələri tərksilah edilməliydi, amma Rusiya bunu etmədi. Bu öhdəliyi nə Rusiya, nə də Ermənistan yerinə yetirdi. Beləliklə, 10 noyabr sənədinin 4-cü bəndini kobud formada pozdular. Əslində, Peskov Rusiyanı ifşa etdi. Bir sözlə, durumun bu yerə gəlməsinin səbəbkarı Rusiyanın özüdür.

- Rusiya müsbətə doğru gedən prosesi poza bilərmi?

- Artıq bu yöndə nəsə etməyə çalışırlar. Rusiya sülhməramlılarının komandiri Lentsov separatçı-quldur rejimin başçıları ilə tez-tez görüşür. Bu kontekstdə Xankəndidə aksiyaların keçirilməsinə rəvac verilir. Üstəgəl, Ruben Vardanyan Kremlin təlimatı ilə Qarabağ erməniləri arasında “imzatoplama kampaniyası”na başlayıb. Bu çərçivədə mövcud olmayan Minsk qrupunun həmsədr dövlətlərinə və Rusiya lideri Vladimir Putinə müraciət etmək edilib. Tələbləri də ondan ibarətdir ki, proses 10 noyabr sənədi çərçivəsində getsin. Bu da nonsensdir. 10 noyabr sənədi deyir ki, Rusiya sülhməramlılarının yerləşdirilməsinə paralel olaraq, Qarabağdakı erməni qoşunları çıxarılır. Əgər indi bu çərçivədə tələb irəli sürürlərsə, onda bu addımı da atmalıdırlar. Yəni sepatçılar Rusiyanın təhriki ilə təxribatçı addımlar atmağa çalışırlar.

Rusiya hələ də öz hədəflərindən vaz keçməyib. Çalışacaq ki, proses öz axarı ilə, rahat getməsin. Bu çərçivədə həm Qarabağda, həm də sərhəddə müəyyən təxribatlar ola bilər, belə bir potensial var. Hələ də Rusiyanın Ermənistan ordusunda “5-ci kolon”u mövcuddur. O da mümkündür ki, sadəcə protokol xatirinə Vaşinqtondan sonra belə bir görüş Rusiyada keçirilsin. Amma düşünürəm ki, həlledici qərar Vaşinqtonda veriləcək. Sadəcə Rusiyanı küsdürməmək üçün 10 noyabr kontekstində razılaşmaların mövcud olması ilə bağlı bir görüntü yaradıla bilər. Sadəcə Rusiyanın köpünü almaq, imicini qorumaq üçün...


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər