6 May 2023 11:24
2 804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, Azərbaycan Ermənistan xarici işlər nazirləri arasında 4 günlük Vaşinqton görüşünün nəticəsi olaraq bir sıra məsələlər üzrə razılığın əldə olunduğu bilindi. Gözləntilər necə idi? Əldə edilən razılaşmalar konkret sülh mətni üzərində işləmək üçün nə dərəcədə təsirli olacaq?

- Burada əsas məsələ razılığın əldə olunmamasıdır. Ermənistan Azərbaycan ərazi bütövlüyünü tanımalı idi. Amma bunu etmədi. Bu baxımdan burada digər prinsiplərin əhəmiyyəti baş verənlərin fonunda itmiş olur. Çünki istənilən iki ölkə arasındakı münasibətlərin bünövrəsi qarşılıqlı şəkildə ərazi bütövlüyünü tanımaqdan asılıdır. Ona görə də, Ermənistan özünün real mövqeyini bu danışıqlar nəticəsində itirmiş olub. Bu sözsüz ki, müsbət bir haldır.

- Sülh həftəliyində Azərbaycanın sərgiləmiş olduğu mövqeyə beynəlxalq birliyin münasibəti necə oldu?

- Azərbaycan üçün burada müsbət tendensiya ölkəmizin bu danışıqlarda iştirak edərək özünün sülh tərəfdarı istiqamətində olan imicini daha da gücləndirməsidir. Əslində elə bu danışıqların da təşəbbüskarı da Azərbaycan idi. Artıq Azərbaycanın sülh mövqeyi Fransa tərəfindən belə qəbul edilir. Bu olduqca vacib bir məsələdir. Eyni zamanda burada digər vacib bir məsələ ABŞ-ın mövqeyində olan dəyişikliklərdir. Artıq ABŞ dövlət katibi Entoni Blinken bəyan edib ki, əgər milli azlıqların probleminə baxılsa, bu gərək qarşılıqlı formada həll edilsin.

- Burada Ermənistanın iddiasına adekvat yanaşma nədən ibarətdir?

- Əgər kimsə bu və ya digər şəkildə Qarabağ mövzusunu gündəmə gətirmək istəyirsə, buna adekvat olaraq Zəngəzur bölgəsində azərbaycanlıların məsələsi də şərt kimi ortaya qoyulacaq. İlk dəfədir ki, Azərbaycan bu mövqeyi ABŞ-da gündəmə gəlib. Ermənilərin də prosesdən narazılığı ilk növbədə bununla bağlıdır. Çünki erməni tərəfi öz problemlərini diaspora vasitəsi ilə unikal formada təqdim edib. Amma indi isə hər şeyə qarşılıqlı şəkildə baxılması məsələsi var. Ona görə də, bu görüşdən Azərbaycanın əldə etdiyi müsbət nəticələr çoxdur.

- Ermənistanın mövqeyinə münasibət necə oldu?

- Ermənistan isə növbəti dəfə özünün köhnə tələbləri barəsində ətraflı fikirləşməlidir. Yəni, onların şou yaratmaq niyyətləri az qala Nikol Paşinyan öldürmək cəhdləri fayda vermədi. Ona görə də, ermənilər indi gedib öz problemlərini həll edəcəklər. Çünki indi heç kəs onların işğalçı siyasətini dəstəkləmədi. Bu da əldə edilən vacib nəticələrdən biridir.

- Növbəti görüşün Moskvada olacağı və burarda konkret sülhün əldə ediləcəyi ilə bağlı da xəbərlər eşidilir. Bu nə dərəcədə inandıcı yanaşmalardır?

- Bu ehtimala çox da inanmaq olmaz. Əslində Moskvada hansısa irəliləyişə nail olmaq Ermənistanın Rusiya üçün vacibliyini aşağı düşürmüş olacaq. Çünki Rusiya məhz bu münaqişə vasitəsi ilə Ermənistana və Azərbaycanq təsir etmək istəyir və bu üsuldan istifadə edir. Amma indiki vəziyyətdə olan Rusiyanın buna nə qədər hazır olacağını da düşünmək olmaz. Bu barədə əminlik də yoxdur. İndi Rusiyada gedən proseslərin bir çoxu bəlli deyil. Bu baxımdan da indiki mərhələdə Rusiyanın bölgədə ciddi dəyişikləri istəyib-istəməyəcəyi sual doğurur.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər