12 May 2023 09:23
5 101
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq İlqar Vəlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Sülh danışıqlarında az da olsa müsbət irəliləyişin olduğu vaxtda Ermənistan yenidən sərhəddə təxribata əl atdı. Belə bir situasiyada baş verənləri hansı məntiqlə izah etmək olar?

- Hər birimizin bu konfliktin ətrafında gedən proseslərlə bağlı böyük təcrübəsi var. Həmişə tərəflər hansısa razılaşmalara yaxınlaşarkən, belə təxribatlar baş verir. Bu da onu göstərir ki, Ermənistan sülh müqaviləsini imzalamağa hazır deyil. Ermənistan indi aparılan danışıqların sürətindən narahatdır. Çünki hadisələr bu minvalla davam etsə, sülh müqaviləsi yaxında imzalanacaq. Düzdür, Paşinyan arada deyir ki, sülh müqaviləsini imzalamağa hazırdır, amma bunun piar olduğunu düşünürəm. Bununla rəy formalaşdırmaq istəyir ki, guya buna hazırdır, buna qol çəkə bilər. Real olaraq isə hazır və razı deyillər, bəzi iddialarından əl çəkməyiblər, buna görə də prosesi yubatmağa çalışırlar.

Mayın 14-nə Brüsseldə görüş planlaşdırılır. Çox güman ki, görüşdə əsas müzakirə bu süni gərginliyin ətrafında gedəcək. Faydalı hissə, yaxud sülh müqaviləsinin imzalanmasına daha az vaxt ayrılacaq. Bundan sonra da deyəcəklər ki, müzakirələr gələn dəfəyə qalır. Bu da vaxt uzatmaqdır.

- Bəs vaxtı niyə uzatmağa çalışırlar?

- Düşünürlər ki, regiondakı durum dəyişəcək, Ərdoğan seçilməyəcək və Türkiyədə hadisələr başqa cür getməyə başlayacaq, Azərbaycana dəstək verənlər azalacaq, əvəzində, Azərbaycana təsir edən ölkələrin geosiyasi mövqeləri möhkəmlənəcək və sair. Öz aləmlərində nəsə fikirləşirlər, buna görə də vaxtı uzadırlar. Beləliklə, zənn edirlər ki, bölgədəki geosiyasi durum dəyişəcək və istəklərinə nail olacaqlar. Vəziyyət belədir.

- Son gəlişmənin Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiya səfəri ilə əlaqəsi vardımı?

- Ola bilər. Bunun arxasında hansı qüvvə dayanır-dayansın, Ermənistanın özündə istək olmasaydı, o qüvvəyə qarşı müqavimət göstərərdi. Kiminsə, lap Rusiyanın oyununu oynayırlarsa, demək, bu, həm də onların öz oyunlarıdır. Çünki son məsuliyyəti özləri daşıyırlar. Rusiya onlardan çox şey tələb edə bilər, amma hadisələr göstərir ki, bu addımlar Ermənistanın da maraqlarına uyğundur. Demək, maraqları üst-üstə düşür ki, bu təxribatlarda iştirak edirlər.

Rusiya Avropa Birliyinin müşahidə missiyasının bölgəyə gəlməsini istəmirdi, amma Ermənistan bunu istəyirdi və etdi. Demək, bu addımı öz maraqları naminə atıb. İndi bu təxribat Rusiyanın marağında olub, Ermənistanın marağında olmasaydı, buna getməzdilər.

- Bəs sülh prosesində müsbət irəliləyişin olduğunu elan edən ABŞ hansı addımı atacaq? Başladığı prosesi davam etirəcəkmi?

- Əlbəttə, proses davam edəcək. Amma Ermənistana qarşı heç bir addım atılmayacaq. Amerikanın Ermənistana təsir etmək istəyi belə yoxdur, digər vasitəçilərin də yoxdur. Belə bir istək olsaydı, biz başqa dinamika görərdik. Məsələn, deyə bilərdilər ki, sənəd mütləq imzalanmalıdır, Azərbaycanın daxili işlərinə qarışmayın, Qarabağla bağlı iddia geri çəkilməlidir, sülh müqaviləsi imzalandıqdan sonra bu məsələ müzakirə predmeti ola bilməz, ərazi bütövlüyü tanınmalıdır və sair. Ermənistana bu deyilməlidir, amma bunu görmürük. Əvəzində deyirlər ki, biz Qarabağda yaşayan ermənilərlə bağlı Ermənistanın narahatlığını anlayırıq. Eləcə də “Qarabağ erməniləri ilə Bakı arasında beynəlxalq dialoq mexanizmi”nin qurulması kimi qəbuledilməz məsələdən danışırlar. Ermənistanın bu istəyini Qərb də dəstəkləyir, xüsusən də ABŞ.

Bütün bunlar da onu göstərir ki, bu məsələlərlə əlaqədar Ermənistana heç bir təzyiq edilmir.

- Bütün bunları nəzərə aldıqda qarşıda bizi nə gözləyir? Azərbaycan Ermənistanı sülhə məcbur etmək üçün hansı addımları ata bilər?

- 2025-ci ildə Rusiya sülhməramlılarının vaxtı bitir. Bundan altı ay öncə onlara xəbərdarlıq edə bilərik ki, regionu tərk etsinlər. Əslində, bu məsələ bir indikator ola bilər. Rusiyanın bizlə açıq üz-üzə gələcəyinə, yaxud münaqişəyə girəcəyinə inanmıram. Çünki üçtərəfli anlaşmalarla bizim bu hüququmuz var. Rusiya bizimlə açıq toqquşmaya girsə, regiondakı mövqeləri zəifləyəcək. Ukraynada müharibənin davam etdiyi vaxtda Rusiyaya əlavə hərbi-siyasi gərginlik lazım deyil.

Hesab edirəm ki, bu durumda silahlı separatçılarla Azərbaycan qoşunları üz-üzə qalacaq. Bu ssenari də var. O zaman da addımlarımızı məntiqə uyğun atacağıq. Məntiq də tələb edir ki, ən azı separatçıların hərbi birləşmələri ərazilərimizdən (Xankəndi və ətrafından) rədd olsunlar, ya da məcbur olub əməliyyatlara başlayacağıq və darmadağın ediləcəklər. Ermənilər bunu bilirlər və müxtəlif səviyyələrdə bunu onlara xatırladırıq ki, Rusiya sülhməramlıları sizin üçün bufer ola bilməz, daim onların arxasında gizlənə bilməzsiniz.

Yenə deyirəm: üçtərəfli sazişlərin bəndləri bizə buna imkan verir. Yəni Rusiya sülhməramlılarını bölgədən çıxara bilərik. İndi Rusiya sülhməramlıları getsələr, kimin arxasında dayanacaqlar?


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər