12 May 2023 09:05
2 525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fakt odur ki, Ermənistan sülh istiqamətində heç bir addım atmaq istəmir. Bu ölkə sadəcə olaraq həmişə olduğu kimi danışıqların imitasiyası ilə məşğuldur. Bunu da beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq, aldatmaq üçün edir. Erməni cəmiyyətində də çox ciddi parçalanma olduğuna görə onlar vaxt uzatmağa çalışır. Beləliklə Ermənistan üzərinə götürdüyü heç bir öhdəliyi icra etmək istəmir.

Bunu Teleqraf.com-a Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib.

O qeyd edib ki, erməni tərəfi hər danışıqlardan öncə, ya sonra bu cür təxribatlara əl atır:

“Bu da Ermənistanın yeni sahib axtarışında olması ilə bağlıdır. Çünki Ermənistan indi yeni sahiblərinin yanına qaçmağa qorxur. Köhnə sahibləri hələ də güclərini saxladığına görə Ermənistan belə bir cəsarətli addım ata bilmir. Eyni zamanda indiki Ermənistan rəhbərliyinin gözlərinin önünə 1999-cu ildə Seyran Ohanyanın silahlı dəstəsinin parlamenti gülləbaran etməsi faktı gəlir. Bu da sırf qorxu ilə bağlıdır. Beləliklə də onlar heç bir normal qarar verə bilmirlər. Bundan çıxış yolu kimi isə təxribatlara əl atırlar”.

Partiya sədrinə görə, Ermənistanın danışıqlarda iştirakı sadəcə olaraq kimisə aldatmaqdan ibarətdir:

“Amma bunun fonunda beynəlxalq birlik də onu yaxşı tanımış olur. Güman edilirdi ki, Vaşinqtonda hansısa bir razılıq əldə olunsun. Amma fakt odur ki, Ermənistan heç bir sazişə imza atmaq niyyətində deyil. Brüsseldə, Moskvada, Vaşinqtonda onlar sadəcə olaraq vaxt uzatmaq üçün gedişlər edəcək. Görünən odur ki, Ermənistan hələ də sülhə hazır deyil”.

Millət vəkili Brüsseldə Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasında baş tutacaq görüşdə də erməni tərəfinin eyni ssenaridən çıxış edəcəyini söyləyib:

“Onlar burada da hamıya “hə” deyib, amma heç nə etməyəcəklər. Moskvada xarici işlər nazirlərinin görüşündə də Ermənistanın növbəti hiyləsi baş verəcək. Onlar bu dəfə Moskvanı da aldadacaq”.

Asim Mollazadə hesab edir ki, Moskvanın da qısa zamanda sülhün əldə olunmasında maraqlı olduğunu söyləmək olmaz: “Çünki Ermənistan Rusiyadan öz ərazisindən qoşununu çıxarmağı tələb edəcək. Münaqişələr olmadığı halda bu labüddür. Ona görə də, proseslərin indiki səviyyədə qalması Moskvanın da maraqlarına xidmət edir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər