16 May 2023 11:54
397
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev müasir Azərbaycanın formalaşmasında mühüm rol oynamış milli liderdir.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan Parlamentin Sədri Şalva Papuaşvili Milli Məclisin Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş xüsusi iclasında deyib.

Gürcü spiker qeyd edib ki, Heydər Əliyev Azərbaycan xalqının milli ruhunu gücləndirib, milli dövlətçiliyinin təməlini qoyub.

O qeyd edib ki, Heydər Əliyev səmərəli siyasəti ilə ölkəni güclü firavan dövlətə çevirdi. Ən vacibi isə xalqın ürəyini fəth etdi. Heydər Əliyev Cənubi Qafqazda sülhün dəstəkçisi idi. O, Azərbaycanla Gürcüstan arasında güclü dostluq əlaqələrinin qurulmasını təmin etmişdi. Onun müstəsna rəhbərliyi ilə Azərbaycan-Gürcüstan-Türkiyə enerji tranzit marşrutları möhtəşəm uğurların nümunəsidir. Heydər Əliyev öz müdrikliyi ilə Azərbaycan üçün böyük miras qoyub”.

İordaniya Nümayəndələr Palatasının Sədri Ahmed Al-Safadi bildirib ki, Heydər Əliyev müasir Azərbaycanın qurucusudur.

Ahmed Al-Safadi deyib ki, Heydər Əliyevin dönəmində İordaniya ilə dost münasibətlər qurulub və bu münasibətlər Prezident İlham Əliyev və İordaniya kralın rəhbərliyi ilə inkişaf etməkdədir: “Hər iki ölkə regional və qlobal məkanda uğurla inkişaf edir”.

Ahmed Al-Safadi qeyd edib ki, Heydər Əliyev hər zaman xalqının intibahı üçün çalışıb.

Qazaxıstan Parlament Məclisinin sədri Yerlan Koşanov isə qeyd edib ki, Heydər Əliyev Qazaxıstanda qardaşlıq münasibətlərinin qurulmasına çalışan şəxs kimi tanınır:

"Heydər Əliyevin dühası bütün Türk dünyası üçün oriyentirə çevrilib. Heydər Əliyev Qazaxıstanda xalqlarımız arasında səmimi qardaşlıq münasibətlərinin qurulmasına çalışan şəxs kimi tanınır. Heydər Əliyev bildirib ki, Qazaxıstanla müştərək taleyimiz, tariximiz olub. Mən 26 il sonra demək istəyirəm ki, Heydər Əliyevin bütün ideyaları həyata keçib. Bu il Astanada Heydər Əliyevin adına yeni küçə açılıb. Bu küçənin açılma mərasimində Qazaxıstan Prezidenti qeyd etdi ki, dünya miqyaslı siyasətçinin xatirəsini əziz tutmaq bizim borcumuzdur. Prezident İlham Əliyevin apreldə Qazaxıstana səfəri ilə ölkəmizdə Heydər Əliyevlə bağlı bir sıra tədbirlərə start verildi, telekanallarımızda Heydər Əliyev həsr olunmuş film göstərdi. Azərbaycan Türk dünyasının mərkəzlərindən biridir. Heydər Əliyevin Türk xalqlarının birləşməsində böyük rolu olub. Türk Dövlətləri Təşkilatının əsası da Naxçıvanda qoyulub.

Bu gün Azərbaycan uğurla inkişaf edir. Azərbaycan ərazi bütövlüyünü bərpa edərək inkişafının yeni mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha böyük uğurlar əldə edəcək”.

Qırğızıstan parlamentinin (Joqorku Keneş) sədri Nurlanbek Şakiyev xüsusi iclasda çıxışı zamanı deyib ki, Heydər Əliyevin türk xalqlarının birləşməsində böyük rolu olub:

"Heydər Əliyev bir çox çətinlikləri dəf edərək Azərbaycan dövlətinin müstəqilik tarixinin əsasını qoyub və böyük uğurlar qazanıb: “Azərbaycan iqtisadiyyatının güclənməsi də məhz onun adı ilə bağlıdır. Yüksək peşəkarlığı ilə Azərbaycan dövlətinin daha çox inkişaf etməsinə zəmin yaradıb. Heydər Əliyev bütün xidmətləri nəticəsində böyük şəxsiyyət kimi xalqın yaddaşında əbədi yaşayacaq.

Azərbaycanda əmin-amanlığın qorunub saxlanılmasında da onun böyük xidmətləri olub. Heydər Əliyev tək müstəqil Azərbaycanın deyil, eləcə də keçmiş Sovet İttifaqında böyük iz qoyan siyasi xadim olub. Türk xalqlarının birləşməsində böyük rolu olub. Türk Dövlətləri Təşkilatının əsası da Naxçıvanda qoyulub”.

Macarıstan Milli Assambleyanın sədr müavini Sandor Lezsak söyləyib ki, Heydər Əliyev müasir Azərbaycanın qurucusudur: “Müharibə şəraitində olan Azərbaycanda Heydər Əliyev dövlət başçısı seçildi. Onun rəhbərliyi altında Azərbaycan sabitliyə nail oldu və inkişaf edən bir ölkəyə çevrildi”.

O qeyd edib ki, Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan misilsiz inkişaf mərhələsi keçib: “Neft və qaz ixracı Azərbaycan üçün yeni imkanlar açdı. Azərbaycan və Macarstan xalqları bir-birini qardaş xalq kimi qiymətləndirir. Bu gün Macarıstan və Azərbaycan bir-birinə etibar edir. Azərbaycan hər zaman Macarıstana arxalana bilər. Biz hər zaman Azərbaycana dost olaraq qalacağıq. İqtisadi və enerji sahəsində əməkdaşlığımız yüksək səviyyədədir. Azərbaycanın bizim ölkənin, ümumilikdə Avropanın enerji təhlükəsizliyində rolu böyükdür və yaxın gələcəkdə daha da artacaq. Azərbaycanın bugünkü inkişafı üçün zəmin və baza Heydər Əliyev tərəfindən yaradılıb və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər