Separatçıların son günlər fəallaşması heç də keçmiş hərbi canı, cinayətkar Samvel Babayanın ortaya çıxması ilə bağlı deyil. Onu ortaya çıxaran qüvvələr var. Bu, hələ də Ermənistan cəmiyyətində öz varlığını saxlamağa çalışan “Qarabağ klanı”dır. Amma bu cəhdlər heç bir mahiyyət kəsb etməyəcək. Separatçıların indiki halda narahatlıq keçirməsi onların bütün sferalarda bloklanması ilə bağlıdır.
Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Şair Ramaldanov deyib.
O qeyd edib ki, Azərbaycanın həyata keçirdiyi siyasi-hərbi, diplomatik strategiya separatçıların tam bloklanmasına gətirib çıxarır:
“Dalana dirənmiş separatçılar və onların rəhbərləri müxtəlif çıxış yolları axtarır. Fakt odur ki, hazırda Qarabağda yaşayan sadə ermənilərlə separatçı rejim arasında ciddi qarşıdurma var. Bu da özünü ayrı-ayrı situasiyalarda açıq şəkildə göstərir”.
Polkovnik hesab edir ki, Azərbaycanın Laçın yolunun girişində sərhəd-nəzarət buraxılış postu qurması separatçılar üçün son nöqtə oldu:
“Eyni zamanda sadə ermənilər bu keçid məntəqəsindən istifadə edərkən Azərbaycan tərəfinin normal davranışları ilə qarşılaşırlar. Sülhməramlılardan fərqli olaraq sadə ermənilərin qarşısına Azərbaycan əsgəri silahla çıxmır. Ona görə də, bu yoldan keçib Xankəndiyə gedən erməni tamam başqa təəssüratlarla əhatə olunur. Çünki həmin dinc müstəvidə yaşayan ermənilər üçün elə bu cür normal davranış və şərait lazımdır”.
Şair Ramaldanov bildirib ki, əli günahsız azərbaycanlıların qanına batmış Babayan, Araik Arutunyan kimi hərbi canilərin bundan sonrakı fəaliyyəti heç bir əhəmiyyət kəsb etməyəcək:
“Fakt və reallıq odur ki, bu hərbi canilər bundan sonra daha Qarabağda, Xankəndidə qala bilməyəcəklər. Sadə ermənilər belə bundan sonra onların çirkin fəaliyyətinə göz yummaq niyyətində deyil. Eyni zamanda Azərbaycan bu cür canilərin və qanunsuz hərbi birləşmələrin öz ərazisində qalmasına sona kimi səbr nümayiş etdirməyəcək. Xocalıda son günlər separatçılarla rus hərbçilərinin təlim görüntüsü yaratmaq cəhdləri də onları xilas etməyəcək”.