25 May 2023 09:05
3 866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Səməd müəllim, son zamanlar bir-birinin ardınca Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü konkret rəqəmlər üzərində tanıdığını ifadə edən bəyanatlar verir. Bu bəyanatların sülh prosesinə təsirini necə qiymətləndirmək olar? Necə düşünürsünüz, bu yanaşmadan sonra yenidən onların Azərbaycana qarşı ərazi iddiasının olması ehtimalı varmı?

- Ermənistanın Baş naziri Nikol Paşinyan heç də kefindən, yaxud da ki könlündən, “xoş niyyətindən” irəli gələrək bəyanatlar vermir. Prezident İlham Əliyevin apardığı siyasət erməniləri sülhü qəbul etməyə məhkum edir. Çünki artıq onların başqa bir çıxış yolu yoxdur. Paşinyan bəyanatında qeyd etdi ki, Azərbaycanın ərazi bütövlüyünü Dağlıq Qarabağ da daxil olmaqla tanıyır. Bu o deməkdir ki, erməni tərəfi növbəti müharibəni istəmir. Artıq başa düşürlər ki, Azərbaycanın ərazi bütövlüyünü tanımamaq özlərini fəlakətə sürükləmək deməkdir. İndi hər kəsə gün kimi aydındır ki, Azərbaycanın yaratdığı reallıq çox güclüdür. Ermənistan rəhbərliyi bunu başa düşür və qəbul edir. Ən vacibi isə Vaşinqton, Brüssel və Moskva görüşlərinin təşkilatçıları da artıq başa düşürlər ki, indi fərqli bir Azərbaycan var. Ona görə də, indi Azərbaycanın yaratdığı reallığın dəyişdirilməsi ilə bağlı danışmaq mümkün deyil. Bu baxımdan proseslərin indiki gedişi Azərbaycanın qələbəsinin növbəti təzahürü hesab edilir.

- Amma yenə də Qarabağ ermənilərinin hansısa bir təminatı məsələsi dilə gətirilir. Bu necə həll edilməlidir və beynəlxalq hüquq burada hansı gücə malikdir?

- Ermənistan rəhbərliyi bu məsələləri etiraf etsə də növbəti dəfə hiyləyə əl atır. Onlar etiraf edir ki, Qarabağ Azərbaycanın ərazi bütövlüyünə daxildir. Prezident İlham Əliyevin vurğuladığı kimi onlar A-nı demişdilər, B-ni də indi dedilər. Bununla belə Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinin təmin etmək üçün beynəlxalq aləmın müdaxiləsi təklif edilir. Erməni tərəfi iddia edir ki, Azərbaycan Qarabağdakı ermənilərlə beynəlxalq təşkilatların iştirakı ilə təhlükəsizlik məsələlərini müzakirə etməlidir. Təbii ki, bu yanaşma Ermənistanın növbəti hiyləsidir. Bu eyni zamanda Azərbaycanın daxili işlərinə beynəlxalq müdaxilənin təmin edilməsi deməkdir. Eyni zamanda burada mümkün qədər hansısa bir nifaq toxumu səpmək, gec partlayan bir bombanı bura yerləşdirmək niyyəti də var. Məhz bununla gələcəkdə hansısa problemlər yaratmağı hədəfləməyə çalışırlar.

- Azərbaycanın bu məsələdə mövqeyi bəllidir. Bu kontekstin eyni zamanda sülhün bir şərti və yaxud tərkib hissəsi kimi önə çəkilməsi ehtimalını necə dəyərləndirirsiniz?

- Təbii ki, Azərbaycan bu halla heç bir vaxt razılaşa bilməz. Azərbaycan daxilində olan məsələləri özü həll edir və edəcək. Bir neçə gün öncə Qarabağda olan ermənilərin “biz razı deyilik, bu istiqamətdə Paşinyan düz demir” şüarları, bəyanatları və separatçıların toplantısı oldu. Bunlar açıq şəkildə erməni hiyləsinə hansısa bir nəfəs verməyə çalışmaqdır. Bu isə mümkün olan məsələ deyil. Çünki mayın 25 Moskvada Qarabağ məsələsi deyil, burada daha çox Azərbaycanın bu istiqamətdə apardığı işlərdən danışmağa cəhd ediləcək. Amma burada da Azərbaycanın birmənalı mövqeyi ortadadır. Çünki Qarabağda baş verənlər Azərbaycanın daxili işləridir və heç kəs bura müdaxilə edə, qarışa bilməz.

- Brüssel görüşündən sonra anklavlar məsələsi gündəmdədir. Burada fərqli yanaşmalar var. Erməni tərəfi sərhədin xətt prinsipi ilə həllinə tərəfdar olduğunu deyir. Belə olan halda anklav məsələsi həll edilməmiş qalır. Azərbaycanın bu məsələyə yanaşması necədir?

- Qazaxın 7 kəndi və burada olan anklavlarla bağlı, eyni zamanda Naxçıvanın Kərki kəndi istiqamətində olan bütün məsələlər öz həllini tapmalıdır. Çünki burada hansıa bir istisnaya yol verilə bilməz. Ermənistan Azərbaycanın ərazi bütövlüyün tam şəkildə tanıdığını bəyan etməlidir. Əslində Paşinyanın çaşaraq Azərbaycan ərazisini 89,6 min kv km kimi deməsi də başqa bir məsələdir. Amma hər bir halda onun 86,6 min kv km ərazidə Azərbaycan ərazisini tanıyıram deməsi açıq etirafdır. Sözsüz ki, bura buraya anklavlar da daxildir. Əslində isə bu həlli o qədər də çətin bir məsələ deyil. Beynəlxalq qanunlarda anklavlarla bağlı məsələ çoxdur. Sülh imzalandıqdan və kommunikasiyalar açıldıqdan sonra burada qeyri-adi heç nə qalmayacaq. Proses həll edilmədiyi üçün indi o bir qədər çətin görünə bilər. Amma proses başa çatdıqdan sonra belə bir məsələ olmayacaq.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər