26 May 2023 09:32
1 417
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq İlqar Vəlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Aylarla davam edən döyüşlərdən sonra Ukraynanın Baxmut şəhəri rus ordusu tərəfindən işğal edildi. Müharibənin bundan sonrakı gedişatı haqda proqnozunuz necədir: Ukrayna irəliləməyə çalışan Rusiyanı dayandıra biləcəkmi?

- Heç bir məsələdə proqnoz verməyin tərəfdarı deyiləm, bu, falçılıq kimi bir şeydir. Xüsusən də bu məsələ ilə əlaqəli. Məsələn, Stoltenberq fevral-mart aylarında demişdi ki, iki həftə sonra Ukraynanın əks-hücumu başlayacaq. Bunlar NATO baş katibinin dediyi sözlərdir. Üstündən iki ay keçib, hələ də əks-hücum yoxdur.

Proqnoz vermək istəməzdim, amma bir məsələ var, hadisələr də onu göstərir ki, Ukrayna əks-hücuma hazırlaşır. Hələlik bu hazırlıq tamamlanmayıb. Bu kontekstdə Ukraynaya F-16-ların verilməsi məsələsi gündəmdədir. Qırıcıların yolda olduğu bildirilir. Bundan başqa, “Leopard” tanklarının yeni partiyasının verilməsi məsələsi gündəmdədir, bu proses də tamamlanmayıb. Yəqin ki, əks-hücum üçün digər silahların verilməsinə hazırlıq da gedir. Hadisələr bu minvalla getsə, ola bilsin, əks-hücum qarşıdakı həftələrdə və ya aylarda tamamlansın.

Əlbəttə, Rusiya da Ukraynanın əks-hücumuna hazırlaşıb. Bəzi hərbi ekspertlərin açıqlamaları da onu göstərir ki, əks-hücum olsa, Rusiya ciddi müqavimət göstərəcək. Rusiyanın S-400, S-300 və digər hava hücumundan müdafiə sistemləri regiona gətirilir, istehkamlar qurulur. Yəni asan deyil. Əks-hücum o demək deyil ki, Ukrayna işğal edilmiş ərazilərini geri qaytara bilər. Ən şiddətli döyüşlər qabaqdadır, bax, bunu proqnozlaşdırmaq olar. Gedişat hərbi addımlarla yanaşı, siyasi prosesdən də asılı olacaq.

- Ukrayna ordusunun əks-hücumunun çətin olacağını deyirsiniz, yəni bunun effektli olmayacağını düşünürsünüz?

- Bu, ciddi prosesdir. Qarşı tərəfin gücünü də qiymətləndirmək lazımdır, barmaqarası baxmaq lazım deyil. Əks-hücuma hazırlıq da bu səbəbdən uzanır. Birmənalı demək olmaz ki, əks-hücum dərhal nəticə verəcək. Bütün hallarda gözləmək lazımdır. Əlbəttə, Rusiyanın döyüş təcrübəsi, hərbi texnika, hərbçilərinin ruh yüksəkliyi və canlı qüvvə baxımından müqayisəsiz üstünlüyü var. Bəli, Rusiya daha zəif mövqelərdən çıxış edən tərəf kimi görünür, amma əks-hücum də hələ yoxdur. İndidən deyə bilmərik ki, bu əks-hücum və burada istifadə ediləcək silahlar effektli olacaq və ya olmayacaq.

Bayden G7-nin sammitində də bildirdi ki, ola bilsin, əks-hücum F-16-sız başlasın. Amma hərbi mütəxəssislər düşünürlər ki, əks-hücuma havadan dəstək olmasa, bu addım o qədər də effektli olmayacaq. Çünki hazırda Rusiya Ukraynanın hava məkanına nəzarət edə bilir. Rusiyanı bundan məhrum etmək lazımdır, bu durumda əks-hücum daha effektli olar.

Bəziləri deyirlər ki, Ukrayna Xarkov, Xerson və digər istiqamətlərdə qələbə qazanıb. Amma bu da bir şərtdir ki, əks-hücum uğurlu olmalıdır. Bu fotbol deyil, yəqin ki, Rusiya tərəfi baş verənlərdən bir nəticə çıxarıb, hansısa işlər görür. Rusiyanın hazırlığının da nə qədər effektli olub-olmayacağını hadisələr göstərəcək. Bəri başdan heç nə demək olmaz.

- Ümumiyyətlə, Qərb həqiqətən Rusiyanın Ukraynada məğlub olmasını istəyir? Ukraynaya görə, Qərbdə Rusiyanı məğlub etməyə zəmin yaradacaq silahlar var və bunları versələr, durum köklü şəkildə dəyişə bilər. Siz necə düşünürsünüz?

- Zelenski təkidlə Ukraynanın NATO-ya qəbul edilməsini istəyir. NATO ölkələri isə bunu istəmirlər. Məncə, siyasi mənzərə Zelenskinin xeyrinə deyil. Düzdür, Qərb deyir ki, Ukraynanın axıra qədər müdafiə edəcək, silahlar verəcək və sair. Amma Ukraynaya onu da deyirlər ki, verdikləri silahlarla Rusiya ərazisini vurmasın. Rusiyanın zavod və fabrikləri isə işləyir, gecə-gündüz silah-sursat hazırlayırlar. Bəli, bu silah-sursatların müəyyən hissəsi məhv edilib, amma nə qədərinin məhv edildiyini bilmirik. Bunu demək çətindir. Rusiyanın ehtiyatda hansı silahları var? Hansı şərtlərdə bunlardan istifadə edə bilər? İndi Rusiya Ukraynanın işğal edilmiş ərazilərində anbarlar, istehkamlar qurur, ərazilərin minalanmasını aparır.

Ukraynanın əks-hücum dəstələri bunları necə keçəcək? Minalanmış ərazilər haradadır? Bunların hamısı şərtdir. Qərb bu müharibənin Rusiyanı çökdürməsini istəyir. Amma Rusiya böyük ölkədir, gücü tükənmir. Rusiyanın gücü tükənsəydi, yəqin ki, başqa cür davranardı. Üstəgəl, Rusiya danışıqlardan imtina edir. Bu isə o deməkdir ki, Ukrayna hələlik döyüş meydanı kimi qalacaq. Ukrayna NATO-ya üzv qəbul olunmayacaq. Stoltenberqin son açıqlaması da belə oldu.

Mövcud durum Qərbi qane edir. Nə qədər ki Ukraynanın mütəşəkkil ordusu və insan resursu var, lazım bildiyi silahları ötürməklə Rusiya ilə müharibəni davam etdirməyə hazırdır. Hədəf də Ukraynanın əli ilə Rusiyanı maksimum zəiflətməkdir.

Müharibənin öz qanunları var. Sən qarşı tərəfi məğlub etmək istəyirsənsə, ilk növbədə, onun hərbi zavod və fabriklərini bombardman etməlisən. Rusiya bunu edir, Ukrayna isə etmir. Bu olmasa, bütün hallarda müharibə uzana bilər. Qərb Ukrayna ordusu təchiz edir, bunu axıra qədər etməyə hazırdır. Amma Rusiyanın da imkanları tükənmir, ən azı bunu görmürük. Ukrayna deyir ki, Rusiyanın atdığı raketlərin 70 faizini vururlar. Qalan 30 faiz Ukraynanın iri şəhərlərini və infrastrukturunu dağıdır.

Tərəflər arasında bir də informasiya müharibəsi gedir. Qərb, Rusiya və Ukraynanın media məkanlarında ayrı-ayrı informasiyalar tirajlanır. Ukrayna özünü, Qərb Ukraynanı, Rusiya isə özünü qalib tərəf kimi göstərməyə çalışır. Baxmut döyüşləri isə göstərdi ki, hər iki tərəfin ciddi problemləri var, amma ikisi də müharibəni davam etdirməyə razıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər