Ermənistan Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) konvoylarından qeyri-qanuni fəaliyyətlər üçün sui-istifadə edir.
Teleqraf.com xəbər verir ki, bu barədə özünün "Twitter" səhifəsində Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəisi Ayxan Hacızadə yazıb.
"Azərbaycan BQXK-nın maşınlarından istifadə olunmaqla qaçaqmalçılıq səbəbindən Laçın yolunda BQXK avtomobillərinin hərəkətini müvəqqəti dayandırmaq məcburiyyətində qalıb.
Ermənistan hətta BQXK-nın konvoylarından qeyri-qanuni fəaliyyətlər üçün sui-istifadə edir və BQXK-nın humanitar fəaliyyət və etimad kimi əsas missiyasını sarsıdır", - deyə o bildirib.
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb. Bu barədə BQXK-ya rəsmi kanallar vasitəsilə xəbərdarlıq edilməsinə baxmayaraq qanunazidd əməllər təkrar olunmuş və onların aradan qaldırılması üçün zəruri addımlar atılmayıb.
BQXK-ya məxsus olan və tibbi təxliyyə həyata keçirən nəqliyyat vasitələrindən qaçaqmalçılıq üçün istifadə edilməsi Azərbaycan Respublikasının qanunlarının kobud şəkildə pozulması faktları olmaqla yanaşı, həm də ölkəmizin humanitar təşkilat olan BQXK-ya olan etimadından sui-istifadə olunmasıdır.
Yuxarıda qeyd edilən faktlarla əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılmış və zəruri istintaq tədbirləri həyata keçirilənə qədər Laçın dövlət sərhədindən buraxılış məntəqəsindən keçid müvəqqəti olaraq dayandırılmışdır.