Laçın sərhəd-buraxılış məntəqəsindən keçən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələrində qaçaqmalçılıq halları aşkarlanıb. Sadəcə olaraq humanitar məqsədlər üçün fəaliyyət göstərən bir təşkilatın bu cür işlərlə məşğul olması təəssüf doğurur. Həkəri körpüsünün üzərində Azərbaycan ərazisinə giriş hissədə əsgərimizə atəş açıldı və o yaralandı. Azərbaycan dövləti buna müvafiq olaraq həmin yolu müvəqqəti olaraq bağladı. Amma o vaxt ermənilər dünyaya car çəkirdilər ki, burada humanitar fəlakət yaşanır. Eyni zamanda BQXK-də Azərbaycanın yolu bağladığını deyirdi. Halbuki Azərbaycan həmin təşkilata alternativ yol göstərirdi. İndi isə dünya gördü ki, ermənilər BQXK-ni belə öz çirkin işlərinə cəlb edib. Bu eyni zamanda beynəlxalq təşkilatın imicinin ciddi şəkildə zədələnməsi deməkdir.
Bunu Teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
Komitə sədri bu günlərdə Qarabağda qalmaqda olan qanunsuz erməni silahlılarının davamlı olaraq hərbi təxribata əl atmasına da münasibət bildirib:
“Fakt odur ki, bu cür silahlı qüvvələr ərazidən çıxmayınca burada sakitlik olmayacaq. Ona görə də, kimin nə deməsindən asılı olmayaraq Azərbaycanın tam haqqı var ki, öz ərazisində antiterror əməliyyatları aparsın. Bununla da qanunsuz erməni silahlılarının kökü kəsilmiş olsun. Təbii ki, Azərbaycan bu silahlıların öz istəkləri ilə ərazidən çıxmasını istəyir. Çünki 2020-ci ilin 10 noyabr üçtərəfli razılaşmasında birbaşa göstərilib ki, rus sülhməramlılarının əraziyə gəlməsinə paralel olaraq erməni silahlıları bölgədən çıxarılmalıdır. Amma prosesin üzərindən 3 il vaxt keçib, onlar yenə də ərazidədir. Əslində, bu, rus sülhməramlılarının da məsuliyyətsizliyindən qaynaqlanan bir haldır. Bizim əlimizdə rus sülhməramlılarının maşınlarında oradakı terrorçular üçün daşınan silahlarla bağlı ciddi faktlar var. Ona görə də, Mariya Zaxarova (Rusiya XİN-in mətbuat sözçüsü) çox şey deyə bilər. Ərazi Azərbaycana məxsusdur. Dövlətimiz də burada istənilən vaxt antiterror əməliyyatları aparacaq. Əminik ki, bu əməliyyatlar aparılacaq. Çünki erməni tərəfi heç bir razılaşmaya və çağırışa əməl etmir”.
Millət vəkili bu yaxınlarda erməni Apostol kilsəsinin təşkilatçılığı ilə Moskvada Ukraynaya qarşı müharibəyə göndərilmək üçün "Arbat" adlı xüsusi batalyonun qurulmasından da danışıb:
“Fakt odur ki, kilsə həmin erməniləri Donbasa - döyüş zonasına göndərildikləri bildirir. Bu, bir daha erməni kilsəsinin hansı işlərlə məşğul olduğunu üzə çıxarır. Din xadimləri, dini qurumlar adətən sülhə çağırış etdiyi halda onlar bu cür silahlı dəstə yaradıb Ukraynaya qarşı döyüşə göndərirlər. Hətta bu qrupun tərkibində olan döyüşçülər vaxtilə Ukraynada Maydan hərəkatında elə ukraynalıları öldürənlərdir. Əslində dünya birliyi ermənilərin harada olmasından asılı olmayaraq bunların içində olan terrorçuluq xislətini görməlidir. Bu eyni zamanda Ermənistanda dövlətin və kilsənin terrorun başında durduğunu göstərir”.