13 İyul 2023 15:48
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev həmişə ölkədə gedən prosesləri diqqətdə saxlayır və bunların hər birinə cəmiyyətin maraqlarına cavab verən, insanların hüquq və azadlıqlarının müdafiəsini təmin edən mövqe bildirir. Gədəbəy rayonunun Söyüdlü kəndində məlum hadisə baş verdikdə də hər kəs bilirdi ki, məsələ ilə bağlı dövlət başçısının tapşırığı olacaq. Belə də oldu və mələsə ilə bağlı xüsusi komissiya yaradıldı. İnsanlarla görüşlər keçirildi, məsələ araşdırıldı. Eyni zamanda ölkə başçısı bu məsələnin daha dərindən araşdırılmasını və insanları etiraza çıxmağa məcbur edən vəziyyəti aradan qaldırmaq üçün ciddi tədbirlər görülməsini tələb etdi. Ölkə başçısı bununla bağlı çox sərt açıq, obyektiv danışdı. Hər dəfə olduğu kimi insanlar yenə də ölkə liderinin xalqın yanında olduğunu, onun maraqlarına cavab verən mövqe ortaya qoyduğunun şahidi oldu.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, Azərbaycan bazar iqtisadiyyatına əsaslanan bir ölkədir:

“Xarici investorlar həmişə ölkəmizə cəlb edilib. Bu, sözsüz ki, qazanc xatirinə investisiya ola bilməz. Burada təbiətin qorunması, yaxınlıqda yaşayan insanların maraqlarının, normal həyat tərzinin pozulmaması kimi amillər nəzər alınmalıdır. Amma ortada olan fakt ondan ibarətdir ki, ikinci zəhərli göl yaradılmaq istəyi xarici şirkət tərəfindən konkret həmin kəndin istəklərinə məhəl qoymamasıdır. Eyni zamanda həmin şirkət kəndin sosial-iqtisadi inkişafına hər hansı bir qayğı göstərməyib. Dünyada qaydalar odur ki, investisiya qoyan şirkət yaxınlıqdakı yaşayış məntəqəsinin sosial məsələlərinə kömək edir. Məktəb, uşaq bağçası, yolun çəkilməsi, işçilərin bir qayda olaraq həmin yaşayış məntəqəsindən götürülməsi, hər hansı bir problem yaranarsa, icma ilə şirkət arasında danışıqların aparılması kimi məsələlər həll edilməlidir. Əslində bu, belə də olmalıdır”.

Millət vəkili hesab edir ki, Söyüdlüdə məhz bu prinsiplər pozulub:

“Prezident İlham Əliyev növbəti dəfə belə hallara yol verilməməsini tələb etdi. Müşavirədən dərhal sonra ortada olan nöqsanlar aradan qaldırılana qədər şirkətin fəaliyyəti dayandırıldı. Bu təkcə həmin şirkətə deyil, ümumiyyətlə Azərbaycana investisiya qoymaq istəyən hər kəsə aiddir. Ölkəmizdə xarici investorlar üçün münbit şərait var. Amma bu mütləq istismar şəklində olmamalıdır. Sözsüz ki bu insanlarımızın hüquqlarının, sağlamlığının pozulması hesabına ola bilməz. Ona görə də, şirkətlər müqavilədə öz üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməlidir”.

Aydın Mirzəzadəyə görə, ölkə başçısının vaxtında bu məsələyə operativ münasibət bildirməsi, prosesləri daima diqqətdə saxlaması dövlət strukturları, biznes dairələri üçün qırmızı xətt olmalıdır:

“Hər kəs öz üzərinə düşən vəzifəni icra etməlidir. İnsanlarla işləmək, onların hüquqlarını qorumaq lazımdır. Bu mənada Prezidentin müşavirədə söylədiyi fikirlər Azərbaycan xalqının maraqlarına tam cavab verir”.


Müəllif: Tapdıq Qurbanlı