15 Avqust 2023 09:30
1 365
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Bir neçə gündür Ermənistanın Azərbaycanla sərhəddə - Laçın istiqamətində hərbi texnika yığması haqda məlumat dolaşır. Bu fonda ermənilərin atəşkəs rejimini pozması hallarının artması da diqqət çəkir. Sizcə, nə baş verir, mövcud situasiyada açıq toqquşma ehtimalı nə qədərdir?

- Brüsseldə keçirilən son görüşdə belə bir ehtimal yaranmışdı ki, danışıqlarda irəliləyiş var, Şarl Mişelin tərəflərin ərazi bütövlüklərini konkret rəqəmlərlə tanımaları barədə bəyanatı ümidləri daha da artırmışdı. Bunun ardınca Rusiya Xarici İşlər Nazirliyindən danışıqlar prosesinə zərər vuran bir açıqlama gəldi. Hətta Moskvada xarici işlər nazirlərinin görüşü keçirildi, orda da pozitiv görüntü və gözləntilər yarandı. Amma bundan sonra Ermənistan təxribatlara başladı. Qarabağdakı separatçılarla bərabər Ermənistanın özü tərəfindən iyulun 26-da “humanitar yardım” adlı bir təxribat hazırlandı. Bu fonda beynəlxalq səviyyədə Azərbaycana qarşı psixoloji təbliğat-informasiya savaşında start verildi. Yəni ölkəmizə qarşı bir hibrid savaş görürük.

Ermənistan burada yalnız deyil, onu dəstəkləyən ölkələr qrupu var. Onlar Ermənistana təminatlar verirlər, bəziləri silah-sursatla təmin edir. Bu sırada Hindistan, İran və Fransanı göstərə bilərik. Rusiya da Ermənistanın bu təxribatlarından narahat deyil. Çünki bölgədə gərginliyin davam etməsi Rusiyanın maraqlarına uyğundur. Bu durumda Rusiyanın hərbi kontingentinin bölgədə qalma müddətinin artırılması imkanları genişlənir.

Baş verənlərdən görünən budur ki, bölgədə gərginliyin yeni mərhələsinə start verilib. Ermənistan müxtəlif beynəlxalq qurumlar vasitəsilə Azərbaycana təzyiq etməyə çalışır, Bakının yüklərin Ağdam-Xankəndi yolu ilə daşınması təklifi qulaqardına vurulur. Həmin yolun separatçılar tərəfindən dəmir-beton vasitələri ilə bağlanması da, Ermənistanın təxribatları daxilindədir. Nəhayət son günlərdə Laçın-Gorus yolu istiqamətində Ermənistanın canlı qüvvələrinin və hərbi texnikalarının cəmləşdiyini görürük. Bu da yaxınlarda bölgədə hansısa gərginliyin olacağına işarədir.

Məncə, Ermənistan bu istiqamətdə qüvvələrini yığmaqla Azərbaycanı müəyyən addımlar atmağa təhrik edir. Ermənistan Qarabağ erməniləri ilə bağlı “humanitar böhran” təbliğatı aparmaqla, Azərbaycana qarşı total hibrid savaş aparır. Eyni zamanda, biz Nikol Paşinyanın dilindən hökumətin son iclasında ənənəvi sayıqlamaları eşitdik. Bu faşist təmayüllü ölkənin başçısı indi Azərbaycanı “etnik təmizləmə”də ittiham edir. Ermənistan son 30 ildə 1 milyondan çox azərbaycanlını etnik təmizləmə və soyqırımına məruz qoyub. Paşinyan bu açıqlamanı verməklə göstərir ki, Ermənistan sülh danışıqlarını dayandırıb və bu prosesdən çəkilib. Ermənistanın BMT Təhlükəsizlik Şurasına müraciət etdiyi vaxtda bölgədə əlavə silahlı qüvvələr yerləşdirməsi sübut edir ki, Azərbaycana qarşı hansısa beynəlxalq təzyiq mexanizminə malik olmağa çalışır. BMT Təhlükəsizlik Şurasından Ermənistanın adından danışan bir Fransanın da olduğunu nəzərə alsaq, hər şey aydın olur. Proseslər bu səpkidə davam etsə, Ermənistanla sərhəddə ciddi təxribatlarla üz-üzə qala bilərik.

- Ermənistanın havadarlarını bildik, bəs bu prosesdə Azərbaycanı və ya bizimlə birlikdə sülhü dəstəkləyənlər kimlərdir?

- Azərbaycanla birlikdə bölgə ölkələrindən yalnız Türkiyə sülh istəyir. Proseslərə ciddi təsir imkanları olmayan Gürcüstan da bu sıradadır. Bölgənin iki oyunçusu İran və Rusiya bunda maraqlı deyillər, Azərbaycanın yaratdığı reallığı qəbul etmək istəmirlər. Hindistanın mövqeyini bilirik. Sırf Azərbaycanın Pakistanla münasibətləri yaxşı olduğuna görə, Ermənistanın yanında yer alıb. Hindistan hazırda Ermənistanı ciddi şəkildə silahlandıran ölkədir. Biz bunu işğal, 44 günlük müharibə və bundan sonrakı dönəmdə də görmüşük. Hindistanın qeyri-konstruktiv, hətta düşmənçilik səviyyəsində olan siyasətini izləyirik. Azərbaycan bununla bağlı narahatlığını Hindistan səfərinə çatdırıb.

Bir sözlə, çoxsaylı ölkələrin bölgədə sülh istədiyini deyə bilmərik. Əlbəttə, ABŞ-ın gedən proseslərə yanaşmasında müəyyən konstuktivlik görürük. ABŞ dəfələrlə Azərbaycanla Ermənistan arasında birbaşa dialoqun tərəfdarı olduğunu deyib. Amma ABŞ Dövlət Departamentinə yaxınlığı ilə seçilən “Vaşinqton Post” qəzeti son 10 gündə Azərbaycan əleyhinə 3 irihəcmli məqalə yayımladı. Yəni bu yöndə də müəyyən ziddiyyətlər görürük. Baxmayaraq ki, ABŞ Azərbaycan-Ermənistan danışıqlarının aparılmasında fəal rol oynayır, prosesi irəli aparmağa çalışır.

Vasitəçilərin öz aralarında bir ədavətin olduğunu bilirik. ABŞ-Qərb Rusiyanın bölgədən çıxarılmasında maraqlıdır. Bu da Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsi ilə mümkündür. Avropa İttifaqının da bu prosesdə pozitiv rol oynadığını deyə bilərik. Amma Avropa İttifaqının ali nümayəndəsi Jozef Borrel ermənilərin “humanitar yardım” tamaşasına dəstək verir, qeyri-adekvat və Azərbaycan-Avropa İttifaqı münasibətlərinə yaraşmayan fikirlər səsləndirir. Yəni belə ziddiyyətlər də görünür.

- Ermənistanın prosesi BMT Təhlükəsizlik Şurası müstəvisinə daşımaq səyləri necə nəticələnə bilər?

- Bu, gərginliyin növbəti mərhələsinin başlaması anlamı daşıyır. Dediyim kimi, Ermənistanın son bir ayda atdığı addımlar danışıqlar masasından qalxdığını göstərir. Bunun da səbəbi bəllidir, sülh prosesi irəlilədikcə Ermənistanın manevr imkanları daralır və belə olduqca da təxribatlara əl atacaq. Ermənistan müstəqil olmadığına görə, daha çox havadarlarının təlimatları əsasında qərarlar verir. Hesab edirəm ki, indi də kənar təsirlərlə sülh prosesini yubatmaq, onu əngəlləmək yolunu tutur. Ermənistan düşünür ki, prosesi yubatmaqla uyğun bir zamanda daha çox divident əldə edə bilər.

O ölkələr ki Azərbaycanın yaratdığı reallığı qəbul etmirlər və 44 günlük müharibənin nəticələrini minimuma endirməyə cəhdlər edirlər, onlar da Ermənistan vasitəsilə sülhə əngəl olmağa çalışacaqlar. Ermənistanın BMT Təhlükəsizlik Şurasına müraciəti, Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasına mane olması, öz silahlı qüvvələrini hələ də Qarabağın dağlıq hissəsindən çıxarmaması və şərti sərhəddə hərbi fəallığını artırması o deməkdir ki, bizi yaxın günlərdə kifayət qədər ciddi hadisələr gözləyə bilər. Ermənistan bu davranışlarından əl çəkməsə, keçən ilin 12-13 sentyabr tarixlərində baş verən hadisələrin təkrarlanması mümkündür.

- Ermənistanın son davranışlarından yaranan ehtimal budur ki, növbəti ehtimal olunan qarşıdurma Qarabağda yox, şərti sərhəddə baş verə bilər? Bəs belə bir toqquşma hansı riskləri daşıyır?

- İki istiqamətdə təhlükəsizliyimizə təhdid var. Birincisi daxildədir. Dediyim kimi, Ermənistan ordusunun 10 minlik heyəti hələ də Rusiya hərbçilərinin müvəqqəti nəzarətində olan ərazilərdədir. Bu, sabitliyə və təhlükəsizliyə ciddi təhdid ünsürü kimi qalır. Nə qədər ki onlar bölgədən çıxarılmayıb, bu təhlükə olacaq.

İkincisi şərti dövlət sərhədində baş verənlərlə əlaqəlidir. Azərbaycan savaşda qalib gəlməsinə baxmayaraq, Ermənistana sülh təklif edib, 5 baza prinsipini önə sürüb. Bunun əsasında da danışıqlar aparılıb. Amma Ermənistan yenə də təxribata əl atır. Təəssüf ki, bu gərginlik yenə də qan tökülməsinə gətirəcək. Amma Ermənistan bu dəfə növbəti təxribata baş vuracaqsa, bunun cavabı 12-13 sentyabrda olanlardan daha sərt və amansız olacaq. Yəni təxribatları daha çox Ermənistana zərər verəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər