Azərbaycan II Qarabağ müharibəsindən sonra Ermənistana bir-birinin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmət müstəvisində 5 bəndlik sülh konsepsiyası təklif edib. Bu sülh konsepsiyası beynəlxalq hüququn norma və prinsiplərini özündə ehtiva edir. Eyni zamanda Vətən müharibəsindən sonrakı üç ilə yaxın bir müddətdə Azərbaycanla Ermənistan arasında sülhün təminatı üçün bir sıra platformalar formalaşıb. Moskva, Brüssel, Vaşinqton platformalarında ölkəmiz hər zaman aktiv yer almaqla qısa zamanda Ermənistanla sülhün əldə edilməsində maraqlıdır. Amma buna baxmayaraq özünün işğalçı və təcavüzkar siyasətindən əl çəkə bilməyən Ermənistan növbəti dəfə təxribatlardan, pozucu niyyət və əməllərindən əl çəkə bilımir. Bu da sözsüz ki, Cənubi Qafqazda qalıcı sülhü təhdid edən başlıca amil kimi önə çıxır.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
O qeyd edib ki, Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar edilməsi istiqamətində atılan addımlar hələki heç bir müsbət nəticə ilə yükunlaşmayıb: “Bu da sözsüz ki, Ermənistanın məqsədyönlü gərginlik yaratması fonunda baş tutmur. Fakt odur ki, bu gün Cənubi Qafaqzda sülh revanşizm siyasətinin qurbanına çevrilib və ciddi çağırışlarla üzləşib. 2022-ci ilin dekabrında ilk uğursuzluğuna baxmayaraq, Ermənistan yenidən BMT Təhlükəsizlik Şurasına müraciət edib. Bu ölkə ali qurumu siyasi, hərbi və informasiya yönümlü manipulyasiya kampaniyası üçün alətə çevirməyə cəhd göstərir. Bu bir həqiqətdir ki, Ermənistan 30 ilə yaxın müddət ərzində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş dörd qətnaməsinin və Təhlükəsizlik Şurası sədrinin işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən bir sıra bəyanatlarına məhəl qoymayan, icra etməyən ölkədir. Azərbaycan 2020-ci ilin 27-i sentyabrında başlayan və 44 gün davam edən II Qarabağ müharibəsi ilə BMT-nin məlum qətnamələrini təkbaşına icra edib. Bununla da ölkəmiz beynəlxalq hüquqa olan birmənalı münasibətini ortaya qoyub”.
Professor Ermənistanın bölgədə "humanitar vəziyyətin pisləşməsi" və "davam edən blokada" ilə bağlı əsassız iddialarla əlaqədar BMT Təhlükəsizlik Şurasına müraciətinin heç bir məntiqi əsasının olmadığını bildirib: “Bu açıq şəkildə erməni tərəfinin növbəti dəfə beynəlxalq tərəfdaşlar vasitəsilə balanslı, beynəlxalq hüquqa əsaslanan və məqbul həll yolu tapmağa yönəlmiş təşəbbüslərə qəsdən və məqsədyönlü şəkildə mane olmaq cəhdidir. Çünki son üç il ərzində Ermənistan Laçın yolundan geniş miqyasda sui-istifadə edib. Bununla bağlı təkzibolunmaz faktlar mövcuddur. Beləliklə, Azərbaycan öz sərhəddində təhlükəsizlik və asayişi təmin etmək məqsədilə Laçında yəni, ölkə ərazisinə girişdə sərhəd nəzarət-buraxılış məntəqəsini təsis edib. Əslində, bu addım ölkəmizin legitim hüququdur. Ermənistanın isə bu addımlara qarşı atdığı addımlar hər dəfə iflasa, fiaskoya uğrayır. Bir müddət öncə Ermənistan Laçındakı nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə müraciəti də nəticəsiz qaldı. Beynəlxalq Ədalət Məhkəməsi bu ilin 6 iyul tarixli qərarında Ermənistanın bu haqsız tələbini yekdilliklə rədd etdi”.
Deputat Ermənistanın Azərbaycana qarşı absurd iddiaları fonunda özünün üzərinə götürmüş öhədəlikləri hələ də icra etmədiyini söyləyib: “Ermənistan Azərbaycan ərazisindən silahlı qüvvələrini hələ də tam çıxarmayıb. Bunların yanaşı isə qarşı tərəf ölkəmizi məntiqsiz, heç bir əsası olmayan məsələlərdə ittiham edir. Qarabağda yaşayan erməni sakinlərin ehtiyacları ilə bağlı Ermənistanın manipuliyasiyaları getdikcə çoxalır. Bu səbəbdən, Ermənistan bütün dünyada təbliğat kampaniyasına başlayıb. Laçın sərhəd-buraxılış məntəqəsinin normal fəaliyyəti, eləcə də Azərbaycanın Qarabağ bölgəsinə yüklərin çatdırılması üçün Ağdam-Xankəndi yolu kimi digər marşrutlardan istifadə edilməsinə qarşı da Ermənistanın açıq maneələri göz önündədir. Çünki bu amillər olmasaydı Qarabağda yaşan erməni sakinlərin ehtiyaclarını ödəmək məqsədilə, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) vasitəsilə humanitar yüklərin çatdırılmasına şərait yaradılardı. Hətta Ermənistan tərəfindən Ağdam-Xankəndi yolundan istifadənin qarşısının alınması məqsədilə qoyulmuş beton və bütün digər fiziki maneələr aradan qaldırılmalı idi. Eyni zamanda Yevlaxda Azərbaycanın xüsusi nümayəndəsi və yerli erməni sakinlərinin nümayəndələri arasında görüşün keçirilməsi barədə razılıq əldə olunmuşdu. Lakin, 5 avqust 2023-cü ildə Ermənistan öz qondarma rejimi vasitəsilə siyasi motivli, qeyri-qanuni şərtlər və müxtəlif bəhanələr irəli sürməklə əldə olunmuş razılıqdan son anda boyun qaçırmaqla prosesi növbəti dəfə pozmuş oldu. Bu amil Ermənistanın Qarabağda yaşayan yerli ermənilərin Azərbaycana reinteqrasiyasına hər vasitə ilə maneə olmaq niyyəti ilə bağlıdır”.
Millət vəkili hesab edir ki, Ermənistanın BMT Təhlükəsizlik Şurasına müraciəti onun anti-Azərbaycan təbliğat kampaniyasının bir hissəsidir: “Eyni zamanda son həftələrdə, beynəlxalq hüququn, habelə 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın 4-cü bəndində təsbit olunmuş öhdəliklərinin ciddi pozuntusu qeydə alınır. Fakt odur ki, Azərbaycan ərazisində qanunsuz yerləşdirilən Ermənistan silahlı qüvvələri hərbi-mühəndislik işlərini və digər hərbi quruculuq fəaliyyətini intensivləşdirib. Bununla yanaşı Azərbaycanın suveren ərazilərində qanunsuz yerləşdirilmiş radioelektron mübarizə vasitələrinin istifadəsi xüsusi narahatlıq doğurur. Son həftələrdə "Azərbaycan Hava Yolları"nın mülki təyyarələri ilə yanaşı, xarici ölkələrin təyyarələri də onların təhlükəsizliyi üçün ciddi təhlükə yaradan radioelektron müdaxilələr qeydə alınıb. Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycanın suveren ərazilərində qanunsuz erməni silahlıları hərbi quruculuq işləri aparır. Paralel olaraq, son günlərdə Ermənistan tərəfindən delimitasiya olunmamış dövlət sərhədi boyunca növbəti hərbi avantüra məqsədli irimiqyaslı silah, digər hərbi texnika və şəxsi heyətin toplanması da müşahidə edilir. Bütün bunlar Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoymadğını bir daha nümayiş etdirir. Ermənistan rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünü şifahi olaraq tanıması onun yerdəki əməllərindən açıq şəkildə fərqlənir”.