19 Avqust 2023 09:05
5 152
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- BMT Təhlükəsizlik Şurasının toplantısı da arxada qaldı. Sizcə, bundan sonra nə olacaq: Ermənistan və havadarları reallığı qəbul edəcəklər, ya yeni həmlələr etməyə çalışacaqlar?

- Bu, Ermənistanın xahişi ilə keçirilən müzakirələr idi. Ermənistan düşünürdü ki, daimi və qeyri-daimi üzvlər arasındakı bir sıra dövlətlər ona əl uzadacaqlar. Amma bu olmadı. Çünki bu cəfəng yanaşma idi. Hamı başa düşürdü ki, söhbət Azərbaycana məxsus ərazilərdən gedirsə, onda başqa şey müzakirə ola bilməz. Ermənistan böyük bir diplomatik fiasko ilə üzləşdi, müzakirələr də bunu göstərdi. Ermənistana ciddi zərbə oldu. Ermənilər bundan özləri üçün bir nəticə çıxarmalıdırlar.

- ABŞ-ın sessiyadakı mövqeyi də diqqətçəkən oldu. Maraqlıdır ki, vasitəçiliyə iddiası olan ABŞ niyə ən azı buna görə bitərəf qalmadı, bunun yerinə ermənilər kimi Azərbaycanı ittiham etdi?

- ABŞ ikibaşlı bir oyun oynayır. Çalışır ki, həm Ermənistanı qane etsin, həm də Azərbaycana qarşı tənqidi fikirlər səsləndirərək bizi bir araya gətirsin. Bu, real diplomatiyadan uzaq yanaşmadır. Bizi maraqlandıran onların ifadələri yox, müzakirələrin nəticəsidir. Nəticəsi də o oldu ki, Ermənistanın gözlədiyi qətnamə qəbul edilmədi. Ümumiyyətlə, Azərbaycana qarşı heç bir sənəd müzakirəyə çıxarılmadı. Sadəcə Ermənistanın boşboğazlığını müzakirə edərək, ona göstərdilər ki, sənin dilə gətirdiklərin boş, əsassız ifadələrdir. Faktiki olaraq, nə blokada, nə də soyqırımı var.

Bəli, ABŞ müəyyən tənqidi fikirlər söylədi, görünür ki, bu, Ermənistana bir “diplomatik jest” idi. Amma amerikalılar onu da başa düşürlər ki, sabah danışıqlar prosesi yenə başlaya, bunun üçün diplomatik masa lazım ola bilər, Vaşinqton da bunda arxada qalmamalıdır.

- Bu nöqtədən sonra nə baş verəcək? Ortada həllini gözləyən sülh müqaviləsi və Qarabağ ermənilərinin reinteqrasiyası məsələləri var. BMT-dəki sessiyadan əvvəl bu yöndə müəyyən fəallıq vardı.

- Zənnimcə, ermənilər anlayırdılar ki, onların təşəbbüsləri boşa çıxacaq, heç bir sənəd qəbul olunmayacaq. Amma sadəcə dünya birliyini bu regiona cəlb etmək istəyirdilər və Azərbaycana qarşı sərt çıxışlar gözləyirdilər. Bu da alınmadı. Bundan sonra ağıllarını başlarına yığıb, Azərbaycanla bir araya gələrək normal şəkildə əməkdaşlıq etməlidirlər. Artıq Qarabağın Azərbaycan ərazisi olduğunu şifahi və ritorik səviyyədə yox, sənəd üzərində təsdiqləməlidirlər, bu yöndə praktiki addımlar atmalıdırlar. Düşünmürəm ki, bunu dərhal edəcəklər. Çünki təcrübə göstərir ki, onları buna məcbur etmək lazımdır. Məcburiyyət qarşısında qalmasalar, heç bir addım atmayacaqlar və rellığı dərk etməyəcəklər. Biz onları məcburiyyət qarşısında qoymalıyıq.

İndi bizim həll etmək istədiyimiz məsələlər Qarabağ erməniləri ilə dialoq və oradakı qeyri-qanuni hərbi birləşmələri rədd etməkdir.

- Bəs sülhə məcburetmə tədbirləri hansı formada olacaq, Azərbaycan bunu edəcəkmi?

- Bəli! Artıq diplomatik təzyiq edirik. BMT Təhlükəsizlik Şurası elə-belə, adi qurum deyil. Yəni bir sıra aparıcı dövlətlərin məcmusudur. Biz də həm diplomatik, həm də digər müstəvilərdə separatçı dəstələrin ərazimizdən çıxarılması üçün əlimizdən gələni edəcəyik. Onlara xəbərdarlıq edəcək, bir sıra aparıcı dövlətlərin diqqətini buna yönəldəcək, hansısa meydanda bunun müzakirəsini aparacağıq, Ermənistanla danışıqlarda bunu qabarıq şəkildə gündəmə qoyacağıq. Üstəgəl, biz antiterror əməliyyatlarını gündəlikdən çıxarmamışıq, lazım olduqca aparılacaq. Bu, həmişə onların başları üzərindən qılınc kimi asılmalıdır. Biz hər an bunu edə bilərik, buna bizim tam hüququmuz var.

- Ermənistan mətbuatı Qarabağla əlaqəli Rusiya xarici işlər naziri Sergey Lavrova aid etdiyi “14 maddəlik sənəd”i müzakirə edir. Ermənilərin iddiasına görə, bu plan Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasını nəzərdə tutur. Siz necə düşünürsünüz: indiki məqamda Kremlin belə bir planı ola bilərmi?

- İndiki Rusiya əvvəlki Rusiya deyil, artıq bunu anlamalıyıq. Rusiya Ukrayna müharibəsi ilə bağlı çox çətin vəziyyət düşüb, sanksiyalara məruz qalır, bir çox aparıcı dövlətlər ondan üz döndərib. Nəinki aparıcı dövlətlər, hətta ona yaxın olan bir sıra ölkələr də... Ona görə də, Rusiya Azərbaycanın buradakı rolunu nəzərə alır və onunla ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasını istəyir. Rusiya maraqlıdır ki, Azərbaycan ona qarşı heç bir addım atmasın, sanksiyalara qoşulmasın, ona qarşı mövqe tutmasın. Bununla yanaşı, Rusiya çalışır ki, Azərbaycanı maraqlandırsın.

Başqa bir reallıq da budur ki, Rusiya Paşinyanı qəbul etmək istəmir. Rusiya Ermənistanın indiki rəhbərliyinin siyasətini tam inkar və tənqid edir. Beləliklə, bizi dəstəkləməsi məsələsi, bir növ, Ermənistana mesajdır, ismarışdır. Yəni demək istəyirlər ki, biz Azərbaycanı dəstəkləyə, sizdən üz döndərə bilərik, bunu yaddan çıxarmayın, bundan sonra sizə daha ağır zərbələr endirə bilərik.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər