Türkiyədə fəaliyyət göstərən “World Panorama” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ramiyə Məmmədova Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri müəmmaya çevrilib. Kreml səfəri təsdiqləməyə tələsmir, Ankara isə bunun üzərində iş getdiyini bildirir. Rusiya lideri niyə tərəddüd edir? Arada görünməz bir narazılıqmı var?
- Xarici siyasət və geosiyasət baxımından Kremlin üzləşdiyi bir sıra çətin məsələlər var. Putin Ərdoğanla görüşündə bu məsələləri masaya yatırmaq istəyir. Bura Ukrayna, taxıl müqaviləsi, Qarabağ və Türkiyə-Rusiya münasibətlərinin gələcəyi məsələləri daxildir. Afrikadakı, xüsusən də Liviyadakı son gəlişmələrə də toxunulacaq. Türkiyənin Liviyada hərbi baza qurmaq səyləri Rusiyanın diqqətindədir. Ərdoğan-Putin görüşü hər iki tərəf, xüsusən də Kreml üçün bir zərurətdir. Çünki hazırda baş verənlər Türkiyə və Rusiyanın gələcək addımlarını da müəyyən edəcək.
Rusiya Ukrayna ilə bağlı çox ciddi problemlərlə üzləşib. Deməzdim ki, bu gün Ukrayna nəyəsə nail olub. Qərbdən ciddi silah yardımı almasına baxmayaraq, Ukrayna da öz məqsədilərinə nail ola bilmir. Üstəgəl, Rusiya çətinliklərə baxmayaraq, Ukrayna ilə bağlı hədəflərinə çatmaqda israrlı görünür. Rusiya elə bir durumdadır ki, ya Ukraynanı tamamilə dağıtmalıdır, ya da bu ölkənin bütün Qara dəniz sahillərini ələ keçirməlidir. Zənnimcə, Rusiya ən azı ikincisinə nail olsa, Ukrayna Qərbə lazım olmayacaq. Bu məqamda NATO-dan gələn bir mesaj da diqqət çəkdi.
NATO-dan bildirildi ki, Ukrayna ərazisinin bir hissəsini Rusiyaya versə, alyansa qəbul oluna bilər. Bir sözlə, vəziyyət çıxılmaz kimi görünür.
Qarabağ məsələsinə gəlincə, Rusiya nümayəndəsinin BMT Təhlükəsizlik Şurasındakı son çıxışı “nə şiş yansın, nə kabab” anlayışına əsaslanırdı. Əlbəttə, Putin-Ərdoğan görüşündə reallığa əsaslanan müzakirə olmalıdır. İndiyədək Türkiyə və Rusiya prezidentləri arasında keçirilən bütün görüşlərin bir nəticəsi olub, tərəflər ortaq bir nöqtədə razılığa gələ bilib. Nəticəsiz müzakirə nə Putinə, nə də Ərdoğana lazımdır. Buna görə də hazırda bütün dünyanın diqqəti qarşıdakı görüşdədir. Qarabağla yanaşı, taxıl sazişi və Ukraynadakı müharibə baxımından xüsusi önəmə malikdir. Dünya liderlərin görüşdən sonra nə deyəcəklərini maraqla gözləyir. Gözləyənlər arasında ABŞ da var.
Hazırda Putinlə ən mühüm qlobal məsələləri üz-üzə oturub müzakirə edən yeganə lider Ərdoğandır. Rusiya liderinin bu görüşə hazırlıqlı olacağını düşünürəm. Verəcəyi qərarların gələcək nəticlərini nəzərə alaraq masaya gələcək. Üstəgəl, Putin Ərdoğanla görüşlərdə verdiyi sözlərə əməl edib. Məsələn, son olaraq bunu taxıl sazişinin imzalanmasında gördük. Rusiya sazişin razılaşdırılmış son müddətində qədər orada qaldı, amma artıq özünə uyğun olmayan şeylərlə qarşılaşanda geri çəkildi.
Amma bu o demək deyil ki, razılaşma qapısı birdəfəlik bağlanıb. Ərdoğanla görüşdə bu da razılaşdırıla bilər. Zənnimcə, liderlər nəticələri olacaq bir görüşə gedirlər. Bu baxımdan, Rusiya görüşə tam hazır olmadığına görə bir qədər gecikdirir, amma görüş baş tutacaq.
- Yəni liderlərin görüşünün Ermənistan və Azərbaycan arasında gedən proseslərə bir təsiri olacaq?
- Mediada Qarabağ erməniləri ilə bağlı Lavrova aid olduğu bildirilən bir “14 bəndlik sənəd” yayıldı. Hələlik bunun mənşəyi bəlli deyil. Zənnimcə, tam təsdiqlənmədiyi üçün bunun müzakirə edilməsi də doğru deyil. Ortada sadəcə imzası, möhürü olmayan bir “sənəd” dolaşır.
Dediyim kimi, Rusiya nümayəndəsi BMT Təhlükəsizlik Şurasının iclasında ermənilərin xeyrinə ifadələr işlətsə də, Bakının Ağdam-Xankəndi yolu təklifini də gündəmə gətirdi, yəni “neytral mövqe”də durmağa çalışdı. Əlbəttə, bu gün Qarabağın dağlıq hissəsində - ermənilərin yaşadıqları ərazilərdə baş verənləri Rusiya tənzimləyir. Rusiya başqa qüvvələrin, xüsusən də ABŞ-ın bölgəyə girməsinin qarşısını almağa çalışır. Bu səbəbdən zaman-zaman hər iki tərəfin maraqlarını əks etdirən mesajlar verir.
Dediyim kimi, bu məsələlər mütləq Ərdoğan və Putin arasında müzakirə olunacaq. Çünki sülh prosesi uzanır. Son hələ ki görünmür. Ermənistan və separatçıların yaratdıqları “blokada və aclıq oyunları” prosesi tormozlayır. Hər kəsin diqqətini bura çəkmək istəyirlər, bu da durumu mürəkkəbləşdirir.
İndi Türkiyə və Rusiya prezidentləri həllə dair bir qərara gəlməlidir. Çünki hər ikisi görür ki, ABŞ və Avropa Birliyi aktiv şəkildə bölgədə özünə yer etmək istəyir. Yəqin bu kimi səbəblər rəhbər tutularaq, konkret qərarlar veriləcək. Bu qərarı da, görüşdən bir müddət sonra Rusiyanın diktəsi ilə Nikol Paşinyanın dilindən eşidəcəyik. Ermənistan baş naziri separatçılara reallığı açıq deməli olacaq. Hələliksə sülhdən danışmaq çətindir.
- BMT Təhlükəsizlik Şurasının sessiyası ermənilər üçün istədikləri nəticəni vermədi, buna çox ümid edirdilər. Bəs bu haqda nə deyə bilərsiniz?
- Belə olacağı əvvəldən məlum idi. Müzakirələrin nəticəsizliyi ermənilərin xoşuna getmədi. Növbəti zərbəni aldılar. Anlamalıdırlar ki, haqsız tərəfdirlər - həm beynəlxalq hüquq, həm də elə o BMT Təhlükəsizlik Şurasının prinsipləri baxımından.
Ermənilər onu da başa düşməlidir ki, regionda gedən proseslərin qurucusu Azərbaycandır və bu regionda – Cənubi Qafqazda Azərbaycanın ciddi rolu var. Heç bir dövlət bu rolu görməzdən gələ bilməz. Bu gün regionda gedən proseslərin hər biri Azərbaycan üzərindən baş verir. Həm iqtisadi, həm siyasi, həm də logistik baxımdan – fərqi yoxdur. Azərbaycanın sahib olduğu güc və imkanlar hamıya lazımdır. Bütün dövlətlər, xüsusən də ABŞ və Avropa ölkələri Azərbayanla münasibətlərini qorumağa çalışır. Siyasi, təhlükəsizlik, iqtisadi və energetika sahələrində Azərbaycanın oynadığı rol vazkeçilməzdi, Ermənistanın bu rolu öz üzərinə götürmək imkanları yoxdur.
Mövcud durum Ermənistanı məcbur etməlidir ki, Azərbaycanla bir araya gəlib məsələləri həll etsin. Rusiya və ya başqa dövlətin vasitəçiliyi ilə - fərqi yoxdur. Ermənistan artıq öz daxilində gedən proseslərin içindən çıxa bilmir. Təkcə Ermənistan yox, separatçılar arasında da gərginlik var.
Durum o həddə çatıb ki, Ruben Vardanyan da separatçıların başçısı Araik Arutyunyanı açıq formada hədəfə alır. Ermənistan separatçılara nəzarəti itirir. Ermənistan özünə nəzarət edə bilmir.
Ermənistan və separatçılar reallığı qəbul etməlidirlər. Anlamalıdırlar ki, reinteqrasiyadan başqa yol yoxdur. Xoşluqla gəlmirlərsə, Azərbaycan nə edəcəyini bilir. Vəziyyətin o yerə gəlib çatmaması üçün Ermənistan açıq şəkildə bəyan etməlidir ki, siz Azərbaycan vətəndaşısınız, o ərazilərdə də Azərbaycan pasportları ilə yaşamalısınız.
Amma təəssüf ki, Ermənistan özündən baş çıxara, bir dövlət kimi özünə cavabdeh ola bilmir. Zaman və proses isə onların əleyhinə işləyir, belə getsə, sonda zərər görən yenə özləri olacaq.