Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından 32 il ötür. Ulu Öndər Heydər Əliyevin tarixi təşəbbüsü nəticəsində Azərbaycanın dövlət müstəqilliyi bərpa olunmuşdur. 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan olunması təklifi ilə çıxış etmişdir. Bunun nəticəsində həmin sessiyada “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edildi. Həmin ilin oktyabr ayının 18-də isə Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı günü məhz müstəqillik günü kimi dəyərləndirib və bunu obyektiv yanaşmalarla əsaslandırıb: “1918-ci ildə Azərbaycan xalqı müdrik oğullarının fəaliyyəti nəticəsində öz müstəqilliyinə nail ola bildi və Xalq Cümhuriyyəti yarandı. Bununla da Azərbaycanda Şərq aləmində ilk dəfə demokratik, hüquqi dövlət yarandı. Xalq Cümhuriyyəti qısa, yəni 23 aylıq fəaliyyəti dövründə çox işlər gördü. Bu işlərin ən mühümü isə Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin əsaslarının qurulması oldu. İlk Azərbaycan dövlətinin, hökumətinin təsisatları məhz həmin dövrdə yarandı. Əlbəttə, müstəqilliyi əldə etmək çətindir, lakin, müstəqilliyi qoruyub saxlamaq daha da çətindir. Ancaq, tarix və tale bu dəfə Azərbaycan xalqının üzünə güldü, itirilmiş canlar bahasına əldə edilən müstəqillik qorundu və möhkəmləndi. Burada xüsusi qeyd etmək vacibdir ki, tarixin növbəti belə böyük şansının itirilməməsində, milli və müstəqil dövlətçiliyin qorunmasında Azərbaycan xalqının ümummilli lideri, dahi siyasi xadim Heydər Əliyevin xidmətləri misilsizdir. Sanki tarix XX əsrin son onilliklərində qazanılacaq istiqlalın qorunması məsuliyyətini öz çiyinlərində daşıması üçün Ulu Öndər Heydər Əliyevi zəruri şərtlərdə yetişdirirdi”.
Deputatın fikrincə, tarixə ekskursiya edəndə görürük ki, ağır blokada vəziyyətində inkişafa, yüksəlişə aparan yolun əsası 3 sentyabr 1991-ci ildə qoyulub: “1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilib və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Bu hal qüdrətli siyasətçinin ölkənin ictimai-siyasi həyatında daha yaxından iştirak etməsinə meydan açıb. Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir. 1991-ci il 18 oktyabr dövlət müstəqilliyinin elan olunması Azərbaycanın yeni intibahının bünövrəsini təşkil edirdi. Konstitusiya Aktında deyilir: “Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir".
Millət vəkili hesab edir ki, müstəqilliyin ilk illərində həlli çətin görünən problemlərlə üzləşmiş Azərbaycan Şərqdə ilk müstəqil dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin aqibətini yaşamağa çox yaxın idi: “Ancaq xalqımızın xoşbəxtliyi onda idi ki, belə bir mürəkkəb dövrdə onun Heydər Əliyev kimi siyasi lideri xilaskarlıq missiyasını öz üzərinə götürdü. Zamanın tələbi nəticəsində ulu öndər Heydər Əliyevin ali qanunvericilik orqanına sədr seçilməsi ölkə həyatında çox mühüm bir hadisə oldu. Bu siyasi qayıdış, sözün həqiqi mənasında Azərbaycanı azərbaycanlılara, milləti özünə qaytarmış oldu. Ulu Öndər Heydər Əliyev ölkəni gözləyən bütün təhlükələri dəf etməklə Azərbaycanın müstəqilliyinin möhkəm təməlini qoydu. Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra səmərəli dövlətçilik konsepsiyası, iqtisadiyyatın dirçəlişi strategiyası və azərbaycançılıq fəlsəfəsinin əsaslarına uyğun olaraq demokratik inkişaf reallaşdı”.
Tamam Cəfərova vurğulayıb ki, xalqın təkidli tələbi və çağırışı ilə ikinci dəfə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyevin yüksək dühası və siyasi uzaqgörənliyi sayəsində 1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, respublika daxilində sabitlik təmin edildi: “Azərbaycanın hərtərəfli tərəqqisinə, xalqımızın milli, mədəni, tarixi ənənələrinə, ümumbəşəri dəyərlərə söykənən sivil, demokratik cəmiyyətin yaradılmasına xidmət edən islahatların həyata keçirilməsinə başlandı. İnsan hüquq və azadlıqlarının qorunması ilə davamlı demokratik islahatlar kursunun həyata keçirilməsinə başlanıldı. Bütün insan hüquqları, o cümlədən söz, mətbuat azadlığı, şəxsiyyətin toxunulmazlığı təmin edildi. Ölkəmizdə tarixən mövcud olmuş tolerantlıq mühiti daha da möhkəmləndirildi, vətəndaş cəmiyyətinin formalaşdırılması yolunda köklü irəliləyiş əldə olundu. Bütün bunlar Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiyasında təsbit edildi. Ulu Öndər Heydər Əliyev uzun illər çoxcəhətli fəaliyyəti və müdrik rəhbərliyi ilə Azərbaycan xalqının müstəqil dövlətçilik tarixində böyük rol oynamışdır. O, müasir və müstəqil Azərbaycan dövlətinin banisi kimi Azərbaycan tarixinin əvəzolunmaz və silinməz iz qoymuşdur. Əminliklə deyə bilərik ki, 1991-ci ildə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan ideyalar bu gün cənab Prezident İlham Əliyev tərəfindən reallığa çevrilir. Şübhəsiz ki, bugünki bütöv və müstəqil Azərbaycan Ulu Öndərin görmək istədiyi Azərbaycandır. Ata vəsiyyətini böyük bir qətiyyətlə yerinə yetirən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan günü-gündən daha da güclənir və daha böyük uğurlara doğru əmin addımlarla irəliləyir”.