Bu gün Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyasında ilk iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, komitə sədri Ziyafət Əsgərov bildirib ki, iclasın gündəliyinə 4 məsələ daxildir.
İclasın birinci məsələsi olan 2023-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində görülən işlər barədə hesabatını təqdim edən Ziyafət Əsgərov bildirib ki, hesabat dövründə komitənin 8 iclası keçirilib, 22 məsələyə baxılıb. Komitədə 4 qanun layihəsi üç oxunuşda, 8 qanun layihəsi isə bir oxunuşda müzakirə edilib. Bunlar “Fövqəladə vəziyyət haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Sanitar-epidemioloji salamatlıq haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Milli arxiv fondu haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında” və digər qanunlara dəyişikliklər edilməsi barədə qanun layihələridir.
Hesabat təsdiqləndikdən sonra Ziyafət Əsgərov Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2023-cü il payız sessiyası üçün iş planının layihəsi barədə məlumat verib. Bildirib ki, komitə payız sessiyasında əsasən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunacaq qanun layihələrinə baxacaq. Bununla yanaşı, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi üzərində iş davam etdiriləcək.
Sonra iclasda “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb. Komitə sədri Ziyafət Əsgərov bildirib ki, Saziş 2023-cü il aprelin 24-də Bakı şəhərində imzalanıb, preambula və 13 maddədən ibarətdir.
Sazişin məqsədi tərəflər arasında müdafiə sahəsində əməkdaşlığın təşviq edilməsi və möhkəmləndirilməsi, eləcə də tərəflərin qəbul etdikləri hərbi əməkdaşlıq proqramlarının həyata keçirilməsi üçün praktiki fəaliyyətin təmin edilməsidir. Bu Sazişin icrası üçün tərəflər arasında məxfi məlumatların mübadiləsi və qarşılıqlı qorunması 2011-ci il 26 oktyabr tarixli “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında məxfi məlumatlar qarşılıqlı mühafizəsi haqqında Saziş”ə əsasən həyata keçirilir.
Qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.
Sonra komitə sədri Ziyafət Əsgərov bildirib ki, gündəliyin növbəti məsələsi - “Antiinhisar fəaliyyəti haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Mülki müdafiə haqqında”, “Taxıl haqqında”, “Milli təhlükəsizlik haqqında”, “Dövlət sirri haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsidir. Qanun layihəsi “Dövlət ehtiyatları haqqında” Qanuna uyğunlaşdırma məqsədi ilə hazırlanıb. Belə ki, “Dövlət ehtiyatları haqqında” Qanunla tənzimlənən məsələlər müvafiq qanunlardan çıxarılır, habelə bir sıra terminlərin dəqiqləşdirilməsi həyata keçirilir.
Bu qanun layihəsi də Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.
İclasın gündəliyindəki məsələlərin müzakirəsi başa çatdıqdan sonra komitədə Laçın yolundakı mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
Komitə sədri Ziyafət Əsgərov bildirib ki, Ermənistan ərzaq məsələsini Azərbaycana qarşı bir alətə çevirib. Əslində, burada heç bir problem yoxdur, sadəcə siyasətə çeviriblər. Siyasi oyunbazlıqla məşğuldurlar. Bu gün Qarabağda heç bir ərzaq böhranından söhbət gedə bilməz. Orada yaşayan ermənilərin hər hansı ərzaq problemi yoxdur. Sadəcə olaraq ermənilər Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarını pozmaq üçün müəyyən dövlətlərin, təşkilatların təzyiqi ilə belə davranırlar ki, bu məsələ uzansın, müqavilə imzalanmasın. Bütün bunlar ona dəlalət edir ki, Ermənistan regionda təhlükəsizlik arxitekturasının yaranmasında maraqlı deyil.
Sonra çıxış edən komitə üzvləri Elman Məmmədov, Hikmət Məmmədov, Elşad Mirbəşir oğlu, Arzu Nağıyev, Kamal Cəfərov məsələ barədə fikirlərini açıqlayıblar. Bununla da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası başa çatıb.