Azərbaycanda Siyası Partiyalar Haqqında yeni qanunun qəbul edilməsi ölkəmizdə siyasi sistemin inkişafında keyfiyyətcə yeni bir mərhələ oldu. Siyasi partiyalar, siyasi proseslərin aktiv iştirakçılarıdır və hakimiyyətə iddialı olan qüvvələrdir. İstənilən dövlətin hüquqi təkmilliyi, demokratiyanın dərinliyi siyasi partiyaların açıq şəkildə fəaliyyət göstərməsi və fərqli fikirlərini ortaya qoyması ilə bağlıdır. 1992-ci ildə qəbul edilən Siyasi Partiyalar Haqqında Qanuna vaxtaşırı dəyişikliklər edilsə də, həmin günün tələblərinə cavab vermirdi. Ona görə də, yeni bir qanunun qəbul edilməsinə təşəbbüs göstərildi. Yeni qanun qəbul edilərək işləməyə başladı.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
O qeyd edib ki, yeni qanunda Azərbaycanın və xarici ölkələrin təcrübəsinə istinad olunub:
“Qanun layihəsi geniş ictimai müzakirəyə çıxarılarkən də bir sıra təkliflər qanunun qəbulundə nəzərə alınıb. Qəbul edilən dəyişikliklərin içərisində müxalifət tərəfindən edilən təkliflər də var idi. Partiyalar haqqında yeni qanun özünün demokratikliyi, dövlətçiliyin inkişafına hüquqi yardımı, siyasi partiya fəaliyyətinə dair cəmiyyətin istədiyi məlumatı ala bilməsi ilə xarakterizə olunur. Amma bununla belə radikal müxalifət bu qanunun qəbuluna maksimum dərəcədə maneə olmağa çalışırdı. Qanunda qoyulan bir sıra tələblərin qəbuluna etiraz edirdi. Həmin tələblərin məhz siyasi partiyanın kimliyini, cəmiyyətin maraqlarını ifadə etdiyini göstərirdi. Onlar partiya üzvlüyünə 5 min nəfər sayın qəbulunə etiraz edirdilər. Partiya rəhbərinin mütləq Azərbaycanda uzun müddət yaşaması şərtini qbəul etmirdilər. Həmçinin partiyaların yenidən qeydiyyatı zamanı 5 min nəzəf üzvün Ədliyyə Nazirliyinə təqdim edilməsinə etirazlar var idi. İddia edirdilər ki, guya hakimiyyət radikal siyasi partiyaların qeydiyyatına imkan verməyəcək”.
Millət vəkilinə görə, siyasi partiyalar yenidən qeydiyyata alınarkən məlum oldu ki, hakimiyyət bütün siyasi partiyalara eyni tələbləri qoyub:
“Bu tələblərdə çatışmazlıqlar aşkarlandıqda onların yenidən aradan qaldırılması üçün partiyalara şans verilir. Bunun nəticəsidir ki, artıq müraciət edən partiyaların əksəriyyəti qeydiyyata alınıb. Bu sırada hakim Yeni Azərbaycan Partiyası ilə yanaşı hakimiyyətə qarşı müxalif mövqedə dayanan partiyalar da var. Məhz bu amil göstərir ki, hakimiyyət hər bir siyasi partiyaya eyni dərəcədə yanaşır. 5 min nəfər partiya üzvünün Ədliyyə Nazirliyində qeydiyyatdan zamanı təqdim edilməsi isə normal tələbdir. Çünki sadəcə olaraq rəqəm göstərib üzvlərinin konkret adlarını göstərməmək məntiqsiz idi. Bu partiyadan daha çox dərnəyin iddiası olardı”.
Deputat hesab edir ki, müvafiq orqan siyasi partiyanın 5 min üzvünün olması qənaətinə gəlməlidir:
“Yoxlamalar zamanı sənədlərini təqdim edən bir sıra partiyalarda digər siyasi təşkilatların üzvü olan, vəfat etmiş, və yaxud həmin təşkilata aidiyyatı olmayan insanların siyahıya salındığı aşkar edilib. Bunun siyahıların yenidən tərtib edilməsi üçün partiyalara vaxt verilib. Nəticələr dəqiqləşdikdən sonra 10-dan çox siyasi partiya qeydiyyata alınıb. Onların sırasında parlamentdə təmsil olunan və ondan kənarda olan partiyalar da var idi. Bunun özü Azərbaycanda demokratik cəmiyyətin qurulduğunu, demokratik hüquqların qorunduğunu göstərir”.
Aydın Mirzəzadə vurğulayıb ki, bu amil dövlətin rəqabətli siyasi sistemin olmasında marağının təzahürüdür:
“Azərbaycan demokratiyanı, siyasi plüralizmi, insan hüquq və azadlıqlarının qorunmasnı özünün baza prinsipləri kimi qəbul edib. Bu fəlsəfə, yanaşma ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulub. Hazırda Prezident İlham Əliyev tərəfindən bu strategiya uğurla inkişaf etdirilir. Məhz bu baxımdan siyasi partiyalar haqqında qanunun fəaliyyətə başlaması bir daha Azərbaycanda siyasi fəalliyyət üçün geniş şərait yaratdı, ölkəmizin demokratiyaya bağlılığını sübut etdi. Fərqli fikirlərin, hakimiyyət uğrunda mübarizənin, ilk növbədə seçkilər vasitəsi ilə həyata keçirilməsi reallığını ortaya qoydu”.