20 Sentyabr 2023 13:27
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Elçin Alıoğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Azərbaycan ordusunun davam edən lokal antiterror tədbirlərindən gözləntiniz necədir?

- Bizim məqsədimiz Azərbaycan ərazisini separatçı tör-töküntülərdən təmizləmək və terrorçu xuntanın ləğvinə nail olmaqdır. Bizim məqsədimiz qarabağlı erməniləri hədəfə almaq deyil, qarabağlı erməniləri xilas etməkdir. Bunun üçün də biz hazırda dəqiq zərbə atışları və hədəfvurma əməliyyatları keçiririk. Fikir verirsinizsə, mülki əhaliyə zərər dəyməsinə deyə, antiterror tədbirləri çox ləng və dəqiq həyata keçirilir. Əksi olsaydı, bu məsələni bir sutkanın içində həll etmişdik.

Bizim əsas məqsədimiz həmin 10 min nəfərlik silahı dəstəni tərksilah etməkdir. Silahları indi yerə qoysunlar, təslim olsunlar, ağ bayraq qaldırsınlar və problem bitsin. Müqavimət göstərməyə davam etsələr, məhv ediləcəklər. Bu, qaçılmaz nəticədir. Çünki həmin silahlı dəstələr Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “Böyük qayıdış” proqramına, həmin ərazilərdə aparılan bərpa, quruculuq və dirçəliş layihələrinə, ən başlıcası bu ərazilərdə yaşayan, işləyən dinc insanlarımıza qarşı ciddi təhlükə mənbəyidir. Son terakt onu göstərdi ki, onlar Rusiya sülhməramlılarının nəzarət arealından çıxaraq, rekonstruksiya və infrastruktur layihələrinin həyata keçirildiyi ərazilərə sızaraq, orada qanlı planlarını həyata keçirirlər. Biz bununla barışmayacağıq.

Dünya birliyi, müxtəlif beynəlxalq təşkilat və ölkələr istədikləri qədər bizə təzyiq etməyə çalışacaqlar, Azərbaycan beynəlxalq hüququn norma və şərtlərini yerinə yetirir. Biz öz ərazimizdə antiterror tədbirləri görürük. Kiminsə ərazisinə bir santimetr belə girməmişik, kiminsə ərazisini ilhaq etməmişik, kiminsə vətəndaşlarını ölüm təhlükəsi qarşısında qoymamışıq, biz ərazimizi terrordan təmizləyirik. Belə əməliyyatları ABŞ da, Fransa da, Kanada da, digər ölkələr də həyata keçirirlər. Düşünmürəm ki, məsələn, Kanadanın Kvebek əyalətində separatizm baş qaldırsa və orada 10 min nəfərlik silahlı dəstə olsa, ölkənin hakimiyyəti buna laqeyd yanaşacaq.

- Silahlı separatçılara dəfələrlə “təslim olun” çağırışı edilib. Sizcə, onların seçimi necə olacaq?

- Onların lüğətində “təslim olacağıq” sözü yoxdur. Bu onların debilizmindən xəbər verir. Deyirlər ki, sona kimi mübarizə aparacağıq. Sual olunur: kimin sonuna qədər? “Onların mübarizəsi” yalnız özlərinin sonuna qədər ola bilər. Lap yaxşı, olsun. Biz düşməni bağışlamaq niyyətində deyilik, insanı bağışlamaq Allahın işidir. Biz sadəcə olaraq düşmənin Allahın dərgahına getməsini tezləşdirə bilərik ki, gedib ondan özü xahiş eləsin. Məsələ bu qədər bəsitdir.

Biz terrorçularla danışıq aparmayacağıq. Biz qarabağlı ermənilərin nümayəndələri ilə Azərbaycanın istənilən şəhərində reinteqrasiya dialoqu ilə bağlı şərtləri müzakirə etməyə hazırıq. Qarabağlı ermənilər qorxmasınlar, çəkinməsinlər. Öz dillərində danışacaqlar, öz dillərində təhsil alacaqlar, indikindən fərqli olaraq normal yaşayacaqlar, övladları ali təhsil alacaq, indikindən yüksək maaş alacaqlar və sair. Biz onlarla normal yaşamaq istəyirik, məhv etmək, soyqırımına məruz qoymaq istəmirik. Biz onları xilas etmək istəyirik, imkan versinlər, onları qurtaraq.

- Fransa yenə Azərbaycanla bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edib. BMT-dəki mümkün müzakirələr hansı nəticəni verə bilər?

- Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Fransanın əlinə “fürsət” düşüb və mütləq bundan yararlanmağa çalışacaq. Amma bu müzakirələr beynəlxalq hüququn prinsiplərinə ziddir. Azərbaycan beynəlxalq hüquq çərçivəsində davrandığı üçün hər bir kəsdən də beynəlxalq hüquqa riayət etməsini və imzalanmış dövlətlərarası anlaşmalara töhfə verməsini istəyir. Biz imzaladığımız bütün sənədləri, üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk. İndi BMT Təhlükəsizlik Şurasında müzakirə başlayarsa, hüquqi pozuntu yaranacaq.

2020-ci il noyabrın 20-də Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli bəyanat imzalanıb. Bu, bəyannamə və ya qətnamə deyil, dövlətlərarası, beynəlxalq hüquqi sənəddir. Tərəflərin hər biri bunu reallaşdırmalıdır. Amma bu, Ermənistan tərəfindən bilərəkdən reallaşdırılmadığına görə, biz özümüz həyata keçirməyə başlamışıq. İndi davam edən lokal antiterror tədbirləri həmin bəyanatın 4-cü bəndinin reallaşdırılmasıdır. Şübhə etmirəm ki, BMT Təhlükəsizlik Şurasında bu məsələ qaldırılacaq. Əksi olarsa, onda Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi veto hüququndan istifadə etməlidir, bildirməlidir ki, Fransa beynəlxalq hüquqa və onun imzaladığı sənədə ziddi olaraq bu məsələni qaldırıb.

Bir sözlə, hara baxsaq, bizim mövqeyimiz dəqiq təsbit olunub, raldır. Əksi isə artıq beynəlxalq hüquq yox, beynəlxalq qaydalar məcmusudur. Onda artıq BMT də, Fransa da etiraf etsinlər ki, artıq beynəlxalq hüququ tanımırlar, Parisin, böyük dövlətlərin istəkləri əsasdır, kiçik dövlətlər isə məhv olsalar da olar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər