“Qarabağ sakinlərinə antiterror tədbirləri haqqında məlumat SMS vasitəsilə xəbərdarlıq formasında göndərilmişdi. Məqsəd mülki əhalini hərbi obyektlərdən uzaq tutmaq olub”.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə deyib.
O qeyd edib ki, hərbi obyektlər mülki əhalinin yaşadığı yerə yaxın yerləşdirilməyə başlanılıb.
"Biz mülki əhaliyə hörmət olaraq, həmin ərazilərə zərbələr endirmirdik. Dünən mina partlaması nəticəsində polis zabitlərinin şəhid olması məhdud antiterror tədbirlərinin həyata keçirilməsinə məcbur etdi. Mahiyyət etibarilə məhdud həyata keçirilən tədbirlərdə Azərbaycan tərəfi nümayiş etdirdi ki, konkret və selektiv olaraq heç bir şəkildə mülki obyektlərə zərbə endirmir”.