Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin tribunasından dünyaya Qarabağ Azərbaycandır mesajı verdi. Həmin kürsüdən Türkiyə Prezidenti tərəfindən Ermənistanın son təxribatları da pisləndi və qınanıldı. Azərbaycan uzun müddətdir Qarabağda olan qanunsuz silahlı birləşmələrin ərazidən çıxarılmasını tələb edirdi. Bu, 10 noyabr 2020-ci il üçtərəfli razılaşması ilə də təsbit edilmişdi.
Bunu Teleqraf.com-a Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.
O qeyd edib ki, Azərbaycan səbrlə üç il bu prosesin icrasını gözlədi:
“Amma erməni tərəfinin son təxribatları fonunda Azərbaycan öz ərazisi daxilində lokal antiterror tədbirləri həyata keçirməyə məcbur oldu. Azərbaycanın bu antiterror tədbirlərində heç bir mülki şəxs və obyekt hədəf seçilməyib. Ancaq legitim hərbi hədəflər vurulub və bölgənin silahlılardan təmizlənməsi həyata keçirilib. Çünki Azərbaycan heç vaxt öz torpağında kənar bir gücün, silahlı qanunsuz birləşmənin olmasına imkan verməyəcək. Azərbaycanın qanun və qaydalarına əməl olunacağı şərti ilə erməni əsilli şəxslər burada normal yaşamaq hüququ əldə edə bilər”.
Sabiq səfir hesab edir ki, bu gün Azərbaycanda başqa etnik qruplar da dostluq, mehribanlıq şəraitində yaşayır:
“Erməni əsilli şəxslər də bu gün Azərbaycan vətəndaşı kimi heç bir kənar təsirə məruz qalmadan yaşamaqdadır. Ona görə də, Qarabağın erməni əsilli sakinləri Azərbaycan vətəndaşlığını qəbul etmədən ölkə ərazisində yaşamaları qeyri-mümkündür. Çünki Azərbaycan qanunlarına tabe olmadan kimsə burada yaşaya bilməyəcək”.
Hulusi Kılıç bildirib, Azərbaycan daxilində olan məsələlərlə bağlı qərarları özü verir:
“Bura kənardan hər hansı bir müdaxilə yolverilməzdir. Çünki bu gün Azərbaycan bölgədə sülhü, ədaləti bərpa edir. Bunun da qarşısını heç kim ala bilməz. Hər bir vətəndaşa bu ölkədə böyük bir hörmət və qayğı var. Türkiyə olaraq da bizlər hər zaman Azərbaycanın haqlı davasının yanındayıq”.