23 Sentyabr 2023 09:28
2 091
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Zərdüşt Əlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Zərdüşt bəy, son antiterror tədbirləri nəticəsində yeni bir reallıq yarandı. Separatizm sona çatdı. Erməni sakinlərlə bağlı məsələlərin ardıcıl həllini nədə görürsünüz?

- Yevlaxda Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə görüşün nəticəsindən asılı olaraq onlar bir çox şərtləri də qəbul etməlidirlər. Münaqişənin birdəfəlik bitməsi üçün Qarabağda yaşayacaq erməni sakinlərinin mövcudluğu məsələsi də vacibdir. Ermənilərin Qarabağda dinc şəraitdə yaşamasında Azərbaycan tərəfi maraqlıdır. Ona görə də, kimsə Azərbaycanı burada etnik təmizləmədə ittiham edə bilməz. Eyni zamanda ermənilərin burada qalmasında Rusiya da maraqlıdır. Çünki orada ermənilərin mövcudluğu fonunda rus sülhməramlıları təhlükəsizliyin zamini kimi burada mövcudluğunu əsaslandıracaq. Hazırda belə bir gerçəklik var ki, Azərbaycan separatçılar, qanunsuz silahlılardan başqa dinc sakinlərin Qarabağda yaşamasına etiraz etmir. Azərbaycanın siyasi mənafeyi bunu tələb edir.

- Bir günlük antiterror tədbirləri ilə separatçılar ağ bayraq qaldırdı. İrəvanda isə Paşinyanı Qarabağa, separatçılara yardım etməməkdə günahlandırırlar...

- Paşinyan vəzifəsində qalacaq. Ona qarşı olan qüvvələr o qədər də yetərli deyil. Rusiyanın hazırkı mərhələdə Ermənistanla münasibətləri xeyli korlanıb. Beləliklə Paşinyan üçün də imkan yaranıb ki, o, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmasına nail olsun.

- Ermənistanın Azərbaycanla sülh istiqamətində yanaşmalarını necə dəyərləndirmək olar?

- Ola bilsin ki, ilin sonuna kimi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalansın. Çünki sülh müqaviləsinin imzalanmasına mane olan əsas müddəa Qarabağ erməniləri idi. Onların hüquq və təhlükəsizlik məsələləri ilə bağlı tələblər irəli sürülürdü. Bu məsələni artıq Azərbaycan və Qarabağ erməniləri həll edəcək. Proses Ermənistanın iştirakı olmadan baş verəcək. Beləliklə, Paşinyana sülh müqaviləsini imzalamaq üçün yaxşı imkan yaranacaq.

- Sülhdən sonrakı dövrlə bağlı fərqli yanaşmalar, baxışlar var...

- Regionun əsasan hansı istiqamətdə inkişafı ilə baxışlar mövcuddur. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra Ermənistanla Türkiyə arasında münasibətlər bərpa olunacaq. Bundan sonra Ermənistanla Türkiyə əlaqələrində sürətli yaxınlaşma baş verəcək. Bu da bölgədəki ümumi vəziyyəti ciddi şəkildə dəyişdirəcək.

- Separatçı rejimin buraxılması və burada qondarma vəzifə tutmuş şəxslərlə bağlı vəziyyət necə olacaq?

- Heç bir şey olmayacaq. Həmin adamlar çıxıb gedib evlərində oturacaqlar. İnzibati binaları rahat-rahat tərk edəcəklər. Çox güman ki, onların bir hissəsi Qarabağdan qaçmağa çalışacaq, Ermənistana və başqa dövlətə getmək istəyəcəklər. Güman edilir ki, Azərbaycan tərəfi də buna mane olmayacaq.

- Xankəndi ilə bağlı çox suallar verilir...

- Qısa müddətdə Xankəndidə Azərbaycan bayrağı dalğalanacaq. Bu, heç də zor gücü ilə olmayacaq. Müəyyən proseslərdən sonra bu baş verəcək. Azərbaycanın inzibati dövlət qurumları da ora yerləşəcək. Beləliklə də Azərbaycan özünün suverenliyini bərpa etmiş olacaq.

- Sülhməramlılar bağlı gözləntilər nədən ibarətdir?

- Güman olunur ki, rus sülhməramlıları müəyyən müddət burada qalacaq. 2025-ci ildən sonra da onların burada qalıb-qalmayacağı məsələsi tam dəqiqləşməyib. Bu sözsüz ki, yerdəki şəraitdən da asılı olacaq. Burada şərait onların gedib-getməyəcəyini müəyyənləşdirəcək. Həmin vaxta qədər erməni sakinlərinin inteqrasiya məsələsi tamamlanmalıdır.

- Silah-sursatın təhvil verilməsi ilə bağlı məsələlər necə tənzimlənəcək?

- Qanunsuz silahlılar bütün silah-sursatı Azərbaycan Ordusuna təhvil verəcək. Qarabağda harada və hansısa sayda silah-sursatın olması ilə bağlı dəqiq məlumatlar var idi. Antiterror tədbirləri də ancaq legitim hərbi hədəflərə yönəlmişdi. Bir sıra Qərb mənbələri də yazdılar ki, antiterror tədbirlərinin ilk iki saatı ərzində separatçılar və qanunsuz erməni hərbi birləşmələrin texnikaları tamamilə məhv edilib. Orada məhv edilmiş hərbi texnikanın 1 milyad dollardan artıq olduğu bildirilir. Ona görə də, separatçıların əlində heç bir texnika qalmayıb. Əllərində ancaq avtomat silahları qaldığı üçün təslim oldular. Bu o deməkdir ki, antiterror tədbiri Azərbaycan Ordusu tərəfindən yüksək səviyyədə hazırlanıb.


Müəllif: Tapdıq Qurbanlı