Biz çox tarixi günlər yaşayırıq. 3 il bundan əvvəl Azərbaycan son 200 ildən çox ilk dəfə olaraq tarixi torpaqlarını erməni işğalından azad edərək ərazi bütövlüyünü bərpa etdi. Bu il isə cəmi 1 gün ərzində həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi təmin olundu. Nəyi nə zaman və necə etməyin lazım olduğunu bilən Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyəti, müdrik siyasəti nəticəsində biz tam Qələbəyə nail olduq. Biz qəhrəman əsgər və zabitlərimizlə fəxr edirik! Onların peşəkarlığı, igidliyi, cəsurluğu və ləyaqətli davranışı sayəsində mühüm əhəmiyyətli uğurlar əldə olundu. Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında qeyd edir ki, "bizim bütün addımlarımız məntiqlidir, ardıcıldır". Ölkə başçısının Qarabağdakı antiterror tədbirlərinin yekunlarına dair xalqa müraciətini təhlil etsək tək Azərbaycanda deyil, bütövlükdə regionda yaranan reallığı və gələcək perspektivləri təsvir etmək mümkündür.
Bunu Teleqraf.com-a Milli Məclisin komitə sədri, professor Hicran Hüseynova deyib.
Professor bildirib ki, ölkə başçısının da vurğuladığı kimi Azərbaycanın antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində öz suverenliyini bərpa edib: “Bütün çətinliklərə, təzyiqlərə, mürəkkəb vəziyyətə baxmayaraq Azərbaycan dövlətinin məqsəd və məramı Qarabağın hər bir tərəfində mütləq suverenliyi təmin etmək və bundan irəli gələn vəzifələri yerinə yetirməkdir. Azərbaycanın həyata keçirdiyi anti-terror tədbirlərinin real regional nəticələri haqqında fikirlərə gəlincə, bu, separatizmin əzilməsi, məhvi, revanşizm dalğasının yaranmaması üçün böyük əhəmiyyət kəsb edirdi. Çünki Prezident İlham Əliyevin müraciətdə qeyd etdiyi kimi, "əməliyyatın uğurlu gedişatı təbii ki, Ermənistan dövlətini və onun himayəsi altında fəaliyyət göstərən qanunsuz xunta rejimini ciddi təşvişə salmışdır. Əməliyyatdan bir qədər sonra bizə vasitəçilər tərəfindən müxtəlif qeyri-müəyyən siqnallar gəlməyə başlamışdır və bizim Silahlı Qüvvələrimizin uğurlu irəliləyişi nəticəsində bu siqnallar daha intensiv xarakter almışdır. Bu gün səhər beynəlxalq tərəfdaşlardan bizə verilən məlumat ondan ibarət idi ki, qanunsuz silahlı birləşmələr, Ermənistan ordusunun bu birləşmələri artıq bizim şərtlərimizi qəbul etməyə hazırdırlar. Bizim şərtlərimizi isə mən dünən mənə zəng etmiş Amerika Birləşmiş Ştatlarının Dövlət katibinə çatdırmışdım. Məndən soruşuldu ki, antiterror tədbirlərini dayandırmaq üçün nə lazımdır? Mən dedim ki, Ermənistan ordusunun bizim ərazimizdə qanunsuz məskunlaşmış birləşmələri silahları yerə qoymalı, tərk-silah olunmalı, bizim ərazimizdən tamamilə çıxarılmalıdır və eyni zamanda, bütün silahları və texnikaları təhvil verməlidirlər. Ancaq o təqdirdə Azərbaycan antiterror tədbirlərini dayandıra bilər. Əks-təqdirdə sona qədər gedəcəyik və düşmən bizim gücümüzü də, qətiyyətimizi də yaxşı bilir". Bu o deməkdir ki, cinayətkar xunta rejimi, onların revanşist fəaliyyəti üçün heç bir çıxış yeri yoxdur”.
Millət vəkili atıq vurğulayıb ki, antiterror tədbirlərinin yekunları, reinteqrasiya məsələləri heç bir vasitəçi olmadan Azərbaycanda Yevlax şəhərində müzakirə olunub: “Prezident İlham Əliyev dəfələrlə qeyd edirdi ki, Qarabağ Azərbaycanın daxili işidir. Bu lokal xarakterli antiterror tədbirlər nəticəsində Qarabağla bağlı açıq qalan məsələlərin həlli xarici siyasətin kontekstindən çıxıb Azərbaycanın daxili işi kimi daha da möhkəmləndi. Nə Ermənistan, nə də Bakı ilə İrəvan arasındakı danışıqlarda vasitəçilik edən tərəflərin artıq Qarabağ məsələsini müzakirələrin predmeti etmək kimi potensialı yoxdur. Prezident İlham Əliyev qeyd etdi ki, bölgədə yeni vəziyyətin yaranması labüddür: "Kriminal xunta rejimi təslim olandan sonra bu gərginlik mənbəyi, bu zəhər yuvası artıq tarixdə qalır və Qarabağda yaşayan erməni əhalisi də nəhayət rahat nəfəs ala bilər. Bunu mən demişəm və bir daha demək istəyirəm, Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır. Sadəcə olaraq, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası rəhbərləri o insanları girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi. Azərbaycan haqqında, Azərbaycan xalqı haqqında olmazın yalanlarını uydurub onların beyinlərinə doldurmuşdur, onların beyinlərini zəhərləmişdir. Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur". Bu sözsüz ki, oduqca mühüm bəyanatdır. Azərbaycanın strateji maraqları kontekstində, postmünaqişə dövrünün yeni reallıqları kontekstində regional vəziyyəti xeyli dəyişdirir. Ölkə başçısının dediyi kimi, "Qarabağ Azərbaycan ərazisidir və bunu bütün dünya tanıyır, o cümlədən Ermənistan rəhbərliyi artıq bunu başa düşüb. Əgər vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyirdisə, indi “Qarabağ Azərbaycandır” deyir və nəinki deyir, hətta bizim ərazimizin ölçülərini də dilə gətirməyi unutmur".
Deputat hesab edir ki, Qarabağdakı xuntanın təslim olmasından sonra Azərbaycanın girə biləcəyi bütün nöqtələrə qapılar açılır: “Prezident İlham Əliyevin bəyanatında bu daha aydın səslənir. Ölkə başçısının “Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik” fikri antiterror tədbirlərinin yekunları kontekstində bir daha təkrarladı və ona belə bir əlavə etdi: "Eyni şəraiti biz Xankəndidə, Ağdərədə, Xocavənddə, kəndlərdə yaradacağıq, Əsgəranda yaradacağıq. Bu, bizim əlimizdədir. Ona görə bizim təklifimiz budur və bu gün dönüş nöqtəsi idi”. Prezident İlham Əliyev xalqa müraciətində kifayət qədər ciddi məsələləri vurğulayaraq Azərbaycanın nə qədər sülhsevər, tolerant olduğunu bildirdi. Azərbaycanda yaşayan heç bir azsaylı xalqa, etnik qrupun nümayəndəsinə ayrı-seçkilik edilmir. Biz bir dövlətin bərabər hüquqlu vətəndaşlarıyıq. Ölkə başçısı bildirdi ki, “Azərbaycan azad cəmiyyətdir, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Bu, bizim böyük sərvətimizdir. Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi bunu görür. Bu, bizim həyat tərzimizdir. Heç vaxt Azərbaycanda dini, milli zəmində ayrı-seçkilik olmayıb və olmayacaq. Azərbaycanda həmrəylik mühiti mövcuddur. Bütün millətlərin nümayəndələri, bütün etnik qrupların, bütün konfessiyaların nümayəndələri İkinci Qarabağ müharibəsi zamanı bir yumruq kimi birləşdi-Azərbaycan uğrunda, ləyaqət uğrunda, Vətən uğrunda". Bununla da, bağlı nümunələr çoxdur”.
Hicran Hüseynova dövlətimizin başçısının Azərbaycanın haqlı təkliflərini bəyan edərək bir daha çağırış etməsinə diqqəti çəkib: “Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuş regionumuza artıq sülh gəlməlidir. Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri tənzimləyəcək, sülh müqaviləsi imzalayacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar". Əslində bu, bölgənin uğurlu gələcəyi, inkişafı, xalqların sülh və təhlükəsizlik şəraitində yaşaması, Cənubi Qafqazın ölkələrinin daha da güclənməsi və hər hansı təhdidlərə birgə reaksiya verməsi baxımından çox mühüm təkliflərdir. Ölkə başçısı bununla bölgənin gələcək perspektiv düsturunu təqdim edir. Ermənistan revanşist fikirlərdən əl çəksə, inkişaf yolunun hansısa uzaq ölkələrdə deyil bölgədə axtarsa, Prezident İlham Əliyevin dediyi kimi, "Biz əmin olmalıyıq ki, qarşı tərəf revanşist fikirlərlə yaşamır və onlar da əmin olmalıdırlar ki, bizim onların torpağında gözümüz yoxdur. Biz onların ərazi bütövlüyünü tanıyırıq və bunu bəyan etmişik, bütün ölkələrin ərazi bütövlüyünü tanıyırıq". Əgər bu olarsa, Cənubi Qafqazda yeni reallıq, uzunmüddətli sülh yaranacaq”.