22 Sentyabr 2023 19:36
406
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı keçirilən iclasında Azərbaycana qarşı səslənən bütün ittihamların absurd olması, bu müzakirələrin təşəbbüskarı olan Fransanın, eləcə də təşkilatın özünün qeyri-ciddi olmasını göstərdi. Avqustda keçirilən müzakirələr artıq Qarabağ mövzusunun Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarılmasının mənasızlığını göstərdi. Təhlükəsizlik Şurası mənasız müzakirələr üçün hər ay eyni mövzu ərtafında toplananda təşkilatın özünü, xüsusilə təşəbbüskarları nüfüzdan salır.

Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Fransa Xarici İşlər Nazirliyi tərəfindən çağırılan və Qarabağdakı lokal antiterror tədbirlərinə aid BMT Təhlükəsizlik Şurasının iclası rəsmi Parisin və İrəvanın növbəti iflasını şərtləndirdi. Belə ki, Fransanın moderatorluğu ilə hazırlanan budəfəki “oyun” da boşa çıxdı. Çünki Fransa XİN-in Azərbaycana müraciət edərək antiterror tədbirlərini “dayandırmaq” və “beynəlxalq hüquq normalarına riayət etmək tələbi” özü yersiz idi. birincisi, Azərbaycan özünün suveren hüquqlarından istifadə edərək və terror təhdidinə qarşı bu lokal antiterror tədbirlərinə başlamışdı. Eyni zamanda, Azərbaycan bu addımı atmaqla beynəlxalq hüquqa və beynəlxalq konvensiyalara əsaslanmışdı ki, bu da rəsmi Parisin “unutduğu” nüanslardan sayıla bilərdi.

Millət vəkilinin sözlərinə görə, Fransa və Ermənistanın apardıqları yalan təbliğat bütövlükdə ifşa olundu. İclasın gedişatı bir daha onu sübut etdi ki, bütün dövlətlər reallıqları görür və reallığı dəyərləndirirlər. Azərbaycanın Cənubi Qafqaz regionunda formalaşdırdığı ən mühüm reallıqlardan birinin isə təhlükəsizlik arxitekturasının gücləndirilməsi olması faktı ortadadır. Bu istiqamətdə atılan addımlar arasında 24 saatlıq antiterror tədbirləri mühüm əhəmiyyət daşıyır. Bir sutka davam edən antiterror tədbirlərinin həyata keçirilməsi isə həm də suveren hüquqlarımızın bərpası baxımından qanunauyğundur. Azərbaycan hər zaman beynəlxalq hüquqa hörmətlə yanaşıb. Sadəcə olaraq, Ermənistan üçtərəli Bəyanatdan ötən müddət ərzində özünün silahlı birləşmələrini Qarabağdan çıxarmamaqla sülhü və təhlükəsizliyi sabotaj edirdi. Sentyabrın 20-də təslim olan erməni silahlıları bəyan edildiyi kimi bütün silah-sursatlarını təhvil verir. Azərbaycan Cənubi Qafqazın sabit və inamlı inkişafı üçün təhdid yaradan bu amili birdəfəlik ortadan qaldırdı.

"Digər bir məqam da var ki, Təhlükəsizlik Şurasının iclasından bir gün əvvəl artıq antiterror tədbirləri başa çatmışdı. Erməni silahlıları ağ bayraq qaldırmışdılar və Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlax şəhərində müsbət atmosferdə görüş keçirilmişdi. Belə olan halda, Fransa kimi regiondan kənar ölkələrin BMT Təhlükəsizlik Şurası müstəvisində hansısa addım atmaq cəhdləri öz lüzumsuzluğunu ortaya qoydu. Eləcə də, Azərbaycanın xarici işlər naziri iclasda real həqiqətləri dünya ictimaiyyətinə çatdırdı. Beləliklə, bu iclas Ermənistan və onun havadarlarının iflası oldu. Bütün əngəllərə baxmayaraq, Qarabağ ermənilərinin reinteqrasiya prosesi başlayıb və bu prosesin uğurla başa çatacağına inanırıq. Ona görə də, kənar qüvvələrin bu prosesə müdaxiləsi yolverilməzdir " - deyə deputat vurğulayıb.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər