4 Oktyabr 2023 09:23
1 866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, BMT 30 ildən sonra Qarabağda monitorinq apardı. İlkin bəyanatda ərazidə etnik təmizləmə və zorakılığın olmaması əksini tapdı. Bu faktların ali qurum tərəfindən qeyd edilməsi proseslərin sonrakı gedişinə necə təsir edə bilər?

- BMT missiyasının yanaşması hələlik ümumi xarakterə malikdir. Çünki onlar hələ apardıqları monitorinqin nəticələrini hesablayıb yazacaqlar. Bu və ya digər məsələnin qabardılması hələ qarşıda olan prosesdir. Siyasi sifarişə uyğun olaraq BMT missiyası öz işini görəcək.

Sadəcə olaraq burada vəziyyət BMT missiyası gəlmədən öncə də bəlli idi. Fakt odur ki, Qarabağda olan erməni əsilli sakinlərin ərazini tərk etməsi bu və ya digər səbəblərlə bağlıdır. Vəziyyət təxminən indi eyniləşib.

- Bu eyniləşmə hansı anlamda ifadə olunur?

- Vaxtilə Ermənistandan zorla qovulan azərbaycanlılar var. İndi erməni əsilli sakinlərin Qarabağı tərk etməsi ilə təxminən əhalinin mübadiləsi baş verib. Bunun necə olduğunu hər kəs gördü. Ortada bir reallıq var. Gələcək addımlar bu reallıq əsasında atıla bilər.

- Bunun üçün hansı president var? Proseslərlə bağlı beynəlxalq yanaşmalar necədir?

- ABŞ Dövlət katibi Entoni Blinken demişdi ki, məsələlər sülh sazişi və milli azlıqların problemi ilə həll edilməlidir. Yəni, vaxtilə indiki Ermənistan ərazisində yaşayan azərbaycanlıların problemləri necə həll edilsə, Qarabağdakıermənilərin də məsələsi eyni müstəvidə təmin olunacaq. Görünən odur ki, Azərbaycan tərəfi bu istiqamətdə öz fəalliyyətini davam etdirəcək. Burada kimlərəsə müstəsna hüquqlar verilməyəcək.

- Ermənistanın bu prosesdə əsas niyyəti nədir?

- Ermənistan çalışacaq ki, hay-küylə nəyəsə nail olsun. Azərbaycana qarşı hansısa qərarların qəbul edilməsi ilə bağlı niyyətlər var. Buna nail olmaları gerçək deyil. Amma bu cür qərarların qəbulu heç də vəziyyətdən asılı deyil.

1992-ci ildə Ermənistan Azərbaycan ərazilərini işğal etdiyi vaxtda belə ölkəmizə qarşı sanksiyalar qəbul edilib. Bədnam “907-ci” düzəlişi xüsusi qeyd edə bilərik. Ona görə Ermənistan 30 ilə yaxın Azərbaycan ərazilərini işğalda saxladı. Ərazidə azərbaycanlılara qarşı soyqırımı və etnik təmizləmə aparılıb. Amma bu dövrdə də sanksiyalar qüvvədə qalıb.

- Azərbaycana qarşı sanksiyalar qəbul edilməsi hədələri də səslənir...

- Qərbin bu sanksiyaları səsləndirmək ehtiyacı var. Bu, Azərbaycana təsir göstərmək alətidir. Reallığı indi hamı yaxşı başa düşür. Ona görə də, fərqli bir yanaşmanın olacağına ümid bəsləmək olmaz.

- Qranada görüşləri ilə bağlı da baxışlar müxtəlifdir. Sülh üçün ilkin baza prinsiplərinin razılaşdırılacağı iddiaları səslənir. Ciddi bir nəticənin olacağı gözlənilirmi?

- İki əsas mövzu qalıb. Sülh sazişinə imza atılması üçün Ermənistanın və Azərbaycanın ərazi bütövlüyünün tanınması əsas məqamdır. Ona görə də, bu istiqamətdə irəliləyişin olması mümkündür. Çünki Azərbaycan özünü müdafiə etmək üçün sərhəd məsələsindən ciddi şəkildə istifadə etməli olacaq.

İndiki mərhələdə Ermənistan ərazi bütövlüyü probleminin həllində daha çox maraqlıdır. Amma Paşinyanın bu günə qədər vermiş olduğu açıqlamlarda erməni tərəfinin öz sərhədlərini hansı şərtlər əsasında müəyyənləşdirmək istədiyini anlamaq mümkün olmur. Sonuncu dəfə 1975-ci il xəritələri gündəmə gəlmişdi. Azərbaycan 1920-ci ilin xəritələrini əsas götürəcək. Ona görə də, Qranada görüşü məhz bu məsələlərin müzakirəsi səviyyəsində baş tutacaq.

- Sülh prosesinə kənar təsirlər amilini necə dəyərləndirirsiniz?

- Sözsüz ki, Qərb-Rusiya, Qərb-Çin qarşıdurması bu regionda olan proseslərə təsir edəcək.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər