Fransanın Cənubi Qafqaz siyasətinin əsas məqsədi bölgədə sülh və sabitliyin bərqərar etmək deyil. Parisi heç ermənilərin durumu da maraqlandırmır. Özünü Ermənistanın hamisi kimi aparan Fransa Cənubi Qafqazı təsir dairəsində saxlamaq istəyir. O, müstəmləkişilik siyasətini burada da yürütmək niyyətindədir. Rəsmi Bakının bu planları pozması Fransanı hiddətləndirir və o üzdən özünün təzyiq rıçaqlarından Azərbaycana qarşı istifadə edirlər.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiz Alıyev bildirib.
Onun sözlərinə görə, tarixə soyıqırımı və müstəmləkə hərisi kimi düşən bir öılkənin Azərbaycanı beynəlxalq hüququ pozmaqda ittiham etməsi gülüncdür: “Cənab Prezidentin də qeyd etdiyi kimi, Fransa Afrikada bir milyona yaxın insanı sırf əlcəzairli və müsəlman olduğu üçün qətlə yetirib. Bu gün də Fransa Afrika ölkələrini öz nəzarətində saxlamaq niyyətindədir. Ona görə də bəzi ölkələr haqlı olaraq etiraza qalxaraq Fransa ordusunun bölgədən çıxmasını tələb edirlər.
21-ci əsrdə uzaq Afrika ölkələrini müstəmləkə altında saxlayan Fransa indi durub bizi beynəlxalq hüququ pozmaqda ittiham edir. Bu gün Ermənistanı silahlandıran, yeni qovğalara sürükləyən Paris 2008-2009-cu illərdə Gürcüstanı da Rusiyaya qarşı silahlandırmışdı. Nəticə Tiflis üçün acınacaqlı oldu.
İndi də Rusiyadan uzaqlaşmaq istəyən Ermənistanı silahlandırmaqla bu ölkəni fəlakətə sürükləyirlər. Bölgədən minlərlə kilometr uzaqlıqda yerləşən hansısa ölkənin burada hegemonluq etməsi mümkün deyil. Fransanın Azərbaycanın beynəlxalq hüquqa, konvensiyalara uyğun qəbul etdiyi qərarlara təsir etmək gücü yoxdur. Bu həm də yolverilməzdir.
Biz öz ərazimizdə separatçılara qarşı antiterror tədbirləri həyata keçirərək suverenliyimizi təmin etmişik. Bunun üçün hansısa ölkədən icazə almalı deyilik. Fransa da Strasburqda, Nantda, Marseldə antiterror tədbirləri keçirərsə, heç bir ölkədən icazə almayacaqdır. Bilirsiniz ki, cənab Prezident Qoşulmama Hərəkatı liderlərinin toplantılarında çıxış edərək Fransanın Əlcəzairdə törətdiyi soyqırıma görə cavab verməli olduğunu bəyan edib. Hesab edirəm ki, dövlətlərinin liderləri cənab Prezidentin bu çağırışına qoşulmalıdır”.
Ramiz Alıyev qeyd etdi ki, Fransanın xarici işləri naziri və digər siyasətçiləri Xankəndi və ətraf rayonlardan könüllü gedən erməniləri geri qaytaracaqlarını və onların Qarabağda yaşaması üçün əllərindən gələni edəcəklərini bildiriblər:
“Son 2 həftədə Qafqazın tarixində hərbi müstəvidə ən sabit dövrdür, bu sabitlik Azərbaycanın mülki əhaliyə zərər yetirmədən, yalnız legitim hərbi hədəfləri zərərsizləşdirməsi və qanunsuz xunta rejiminə son qoyması ilə mümkün olub. Fransa kimi ölkələr bu sabitliyə diplomatik müstəvidə zərər verəcək addımlar atır. Fransanın Ermənistana silah-sursat verməsi, XİN başçısının İrəvandakı və Senatdakı çıxışı olduqca qərəzli və təxribat xarakterlidir.
Fransa rəsmisi bəyan etdi ki, ermənilərin Azərbaycana qayıdışına dair BMT-nin Təhlükəsizlik Şurasında qətnamə qəbul edilməsi istiqamətində təşəbbüs irəli sürəcəklər. Görünür, onlar mətbuatı, Azərbaycan dövlətinin siyasətini izləmirlər. Qarabağ ermənilərinin reinteqrasiyası ilə bağlı xüsusi sayt yaradılıb. Orada reinterasiya şərtləri, müddəalar yer alıb. Başlıca şərt ermənilərin Azərbaycan hökumətini tanıması və vətəndaşlığımızı qəbul etmələridir. Azərbaycan dövləti özü maraqlıdır ki, erməniləri qayıdıb Qarabağda yaşasınlar. Biz onlar üçün hər cür şərait yaratmışıq. Amma heç kimi məcburi şəkildə də geri qaytarmaq olmaz.
Fransa militarizm siyasəti və arxadakı çirkin diplomatik oyunları ilə regionda sülhün bərqərar olmasına imkan verməməyə çalışır. Məqsəd hərbi qarşıdurma və gərginlik fonunda bölgədə möhkəmlənməkdir. Sadəcə Fransa Azərbaycanı siyasi, psixoloji təzyiq altında saxlamaq istəyir. Daha doğrusu Cənubi Qafqazı barıt çəlləyinə döndərmək istəyirlər. Amma region dövlətləri buna imkan verməyəcəkdir. Ermənistanın Rusiya hamiliyindən çıxaraq Fransanın çətiri altına sığınması İrəvanın öz seçimidir və bunun açı nəticələrini də özləri yaşayacaqlar. Yüz illərdir ki, Rusiyanın forpostu olan Ermənistan bu əməllərinə görə Moskva qarşısında cavab verməli olacaq”