13 Oktyabr 2023 17:36
2 270
12 Punto 14 Punto 16 Punto 18 Punto

Antiterror tədbirlərindən sonra tərksilah edilən qanunsuz erməni silahlıları və qondarma rejimin tör-töküntülərinin ardınca bölgədə təhlükəsizlik tədbirləri görülür. Amma reallıq odur ki, hələ də Qarabağ ərazisində silahı yeri qoyub təslim olmaq istəməyən terrorçu dəstələr qalıb. Onlar ərazinin coğrafi relyefindən istifadə edib dağlarda, yüksəliklərdə, meşələrin dərinliklərində mümkün qədər gizlənməyə çalışırlar. Bu terror dəstələri özləri üçün hansısa münbit şəraitin yetişəcəyi ehtimalını dəyərləndirmək istəyir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O qeyd edib ki, Qarabağ zonası dağətəyi və dağlıq-meşəlik ərazilərdir:

“Xüsusən də burada keçmiş Ağdərə rayonu ərazisini qeyd etmək olar. Eyni zamanda Şuşanın və Xocalının, Xocavəndin müəyyən hissələrində qanunsuz erməni silahlılarının və terrorçuların bir müddət gizlənməsi üçün təbii relyef var. Dağlıq, meşəlik ərazilərdə erməni silahlılarının qaçıb gizlənərək, partizan hərəkətləri etməsi ehtimalı qalır”.

Deputat hesab edir ki, 30 ildən çox ərazidə olan qanunsuz erməni dəstələri burada təbii coğrafi şəraitdən istifadə edərək gizlin bunkerlər, terror yuvaları qurublar:

“Terrorçular bu ərazilərdə sığınacaqlar yaradıb. Sözsüz ki, ərazilərdə təmizləmə işləri ardıcıl şəkildə aparılır. Gizlin terror yuvalarının və bunkerlərin də aşkarlanması, qanunsuz silahlıların sıradan çıxarılması heç də çətin olacaq porses deyil”.

Elman Məmmədov qış fəslinin yaxınlaşması ilə terrorçuların gizlin bunkerlərdə qalmasının mümkün olmayacağını bildirib:

“Onların təminat yolları tam bağlıdır. Azərbaycanın güc strukturları gizlin terror yuvalarının təmizlənməsi ilə bağlı atdığı addımlar onların sonunu yaxınlaşdıracaq. Adətən müharibələrdən sonra belə silahlı qruplaşmalar qalır. II Dünya müharibəsindən sonra da belə qruplaşmalar var idi. Zaman etibarı ilə bunlar məhv ediləcək, ya da özləri gəlib təslim olacaqlar”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər