Dünya ölkələrini daim yeniliyə, islahata dəvət edən beynəlxalq təşkilatlar və onların əsas üzvləri nədənsə, özlərində islahat aparmağa tələsmirlər. Beynəlxalq təşkilatların yenilənməsinə dair edilən təkliflər illərdir ki, havadan asılı vəziyyətdə qalıb. Bu gün dünyanın sözdə ən nüfuzlu qurumlarından biri hesab olunan BMT çox təsirsiz, formal bir təşkilata çevrilib. Onun qəbul etdiyi qərarlar çağırış və ya qətnamə xarakterli olmaqla kağız üzərində qalır.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiz Alıyev bildirib.
Onun sözlərinə görə, dünyada münaqişələrə son qoymaq, sülh yaratmaq üçün yaradılmış BMT böyük dövlətlərin əlində siyasi vasitəyə çevrilib: “Bu gün dünyada uşaqlar, qadınlar, mülki insanlar müharibənin qurbanına çevrilirlər. Müharibə edən, işğalçılıq siyasəti aparan dövlətlər BMT-nin qərarlarına, çağırışlarına hörmət etmirlər. BMT Təhlükəsizlik Şurası hələ 1990-cı illərin əvvəllərində Azərbaycan ərazilərini işğal edən Ermənistanla bağlı 4 qətnamə qəbul etmişdi. Ermənistan bu qətnamələri qulaqardına vurdu, torpaqlarımızı 30 ilə yaxın işğal altında saxladı. Sonda Azərbaycan Ordusu özü BMT-nin qətnamələrini icra etmək məcburiyyətində qaldı. Bu günlərdə BMT Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı iki iclası çağırıldı. Təbii ki, biz orada öz mövqeyimizi ortaya qoduq, Qarabağda aparılan əməliyyatların məqsədləri, Ermənistanın işğalçılıq siyasəti barədə ətraflı məlumat verdik. Maraqlıdır ki, Azərbaycana qarşı BMT Təhlükəsizlik Şurasını çağıran dövlətlər bu gün Qəzzada baş verənlərə biganə yanaşırlar. Təkcə BMT deyil, Avropa Parlamenti, AŞPA, ATƏT və digər beynəlxalq təşkilatlar da Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılması tələb etsələr də, İrəvanı buna məcbur etmirdilər. Üzdə bir bəyanat verirdilər, bağlı qapılar arxasında isə Ermənistana dəstək olurdular, danışıqlar prosesini uzatmaqla məşğul idilər. Beynəlxalq təşkilatlar zamanında Qarabağ kimi münaqişələrin həllində təsirli rol oynasaydılar, bu gün Yaxın Şərqdə, Qəzzada bu qırğınlar olmazdı”.
Politoloq bildirdi ki, Avropa Parlamenti Azərbaycana qarşı hər zaman qərəzli münasibət sərgiləyib: “Onun öhtan, yalan dolu qətnamələri qurumu yalnız gözdən salır. Beynəlxalq təşkilatlar ikiüzlü siyasətdən əl çəkilməlidirlər. Müsəlman və türk dövlətlərinə qarşı Qərbdə müşahidə olunan qərəzli yanaşma bu gün var gücü ilə davam edir. Onların ikili standartları, yalanları türk dilli və müsəlman dövlətlərini daha da sıx birləşməyə məcbur edir. Prezident İlham Əliyev 24 iyun 2014-cü ildə Avropa Şurası Parlament Assambleyasının sessiyasındakı tarixi nitqində bildirdi ki, demokratiya, qanunun aliliyi və müxtəlif ölkələrdəki vəziyyətə bəzən selektiv yanaşma bizi çox narahat edir. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan dəfələrlə çıxışında “Dünya 5-dən böyükdür” deyərək BMT-nin, xüsusilə də, onun Təhlükəsizlik Şurasının strukturunun dəyişdirilməsi məsələsinə toxunub. Bu təşkilatlar ayrı-ayrı dövlətlərin inhisarındadır. Avropa təsisatlarının aparıcı üzvləri özlərinə yaxın bildikləri ölkələrin işğal, təcavüz siyasətlərinə göz yumublar. Təcavüzkarlara dəstək verən, separatizmi təşviq edən bu qurumlar bu gün hansı haqla bəşəri dəyərlərdən danışırlar. 30 il ərzində Azərbaycanın qaçqın və məvburi köçkünlərinin problemlərinə biganə yanaşan bu qurumlar bu gün Azərbaycana çağırış edirlər ki, ermənilərin Qarabağa qayıdış hüququnu tanısın. Üç il öncə Gəncə, Bərdə, Tərtərdə dinc insanlar qətl ediləndə, terror məruz qalanda niyə o qurumların yadına insan hüquqları düşmürdü? Fransanın göstərişləri ilə hərəkət edən, ədalətsiz və qərəzli bir təşkilatdan obyektiv yanaşma gözləməyə dəyməz. BMT, Avropa İttifaqı, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar belə ədalətlidirlərsə, fundamental hüquqlara sadiqldirlərsə, o zaman 300 mindən artıq Qərbi azərbaycanlının Ermənistana qayıdış məsələsini qaldırsınlar, müzakirə etsinlər. Onların yerləşdirilməsinin təmin edilməsini Ermənistanın qarşısında tələb kimi qoysunlar”.