24 Oktyabr 2023 22:46
1 610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qubadlı şəhərinin işğaldan azad edilməsindən üç il ötür. Ölkəmizin cənub qərbində yerləşən Qubadlı rayonunun işğaldan azad olunması böyük Qələbəni daha da yaxınlaşdırdı. 44 günlük Vətən müharibəsinin ən əhəmiyyətli və strateji hərbi uğurlarından bir də Qubadlının azad edilməsi hesab edilir. Hər bir qarış torpağımızın azad edilməsi sözsüz ki, xalqımız üçün böyük qürur və iftixar hissi ilə qarşılanırdı. Tarixi ərazilərimizin düşmən tapdağından azad edilməsi uğrunda canını fəda etmiş oğullarımız bu gün böyük hörmət və ehtiramla yad edilir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O qeyd edib ki, Qubadlının 1993-cü il avqustun 31-də Ermənistan tərəfindən işğal olunması tariximizin ən acı səhifələrindən biri idi: “Qubadlı erməni işğalında olduğu zaman digər ərazilərimiz kimi böyük dağıntıya, barbarlıq və vandalizmə məruz qalıb. Rayon ərazisində bütün sosial infrastruktur dağıdılıb, kommunikasiya xəttləri məhv edilib, ermənilər nə mümkündürsə daşıyıb aparıb. Ərazidə ekoloji terror həyata keçirib. Bununla da xalqımıza külli miqdarda maddi-mənəvi ziyan vurulub”.

Deputat 2020-ci il 25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi olduğunu bildirib: “Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Qubadlının işğaldan azad olunması nəticəsində Vətən müharibəsinin gedişatında Ordumuz strateji əhəmiyyətli uğur qazandı. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad olundu”.

Millət vəkili bildirib ki, Qubadlı kənd təsərrüfatı üçün əlverişli olmaqla yanaşı, zəngin faydalı qazıntıları ilə tanınır: “Rayonunun Hacılı kəndində mişar daşı, Bərgüşad çayının sol sahilində yəşəm, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı, Mollabürhan kəndinin cənubunda tuf daş yataqları mövcuddur. Həmçinin rayonun Xanlıq kəndində qum-gil, Eyvazlı kəndində əqiq yatağı var. Sözsüz ki, Qubadlı üçün ən əlamətdar günlərdən biri də 2020-ci il 23 dekabrında Prezident İlham Əliyevin rayonda şanlı bayrağımızı ucaltmasıdır. Təbii ki, ölkə başçısının Qubadlıya hər səfəri mühüm hərbi və infrastruktur obyektlərinin açılışı, təməlqoyma mərasimləri ilə yadda qalır. Bu gün Qubadlı rayonunda böyük quruculuq-bərpa işləri həyata keçirilir. Qubadlının gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır”.

Tamam Cəfərova vurğulayıb ki, döyüş meydanında Müzəffər Ordumuz bütün şəhidlərimizin qisasını alıb: “İndi bütün azad edilmiş bölgələrimiz kimi Qubadlıda da böyük quruculuq işləri icra edilir. Bu da qubadlıların çox qısa zamanda öz yurd-yuvalarına dönüb əbədi, xoşbəxt yaşamasına zəmin yaradır. Sözsüz ki, erməni faşizmi vaxtilə işğalda saxladığı digər rayonlarımız kimi Qubadlıda törətdiyi vəhşiliklərə görə də beynəlxalq hüquq qarşısında cavab verəcək. Çünki Ermənistan digər rayonlarda olduğu kimi Qubadlıda da çoxsaylı hərbi cinayətlər törədib. Cenevrə konvensiyalarına ziddi olaraq işğal edilmiş torpaqlarımızda qanunsuz məskunlaşma aparılıb. Bütün bu faktlara əsasən Ermənistan beynəlxalq hüquq qarşısında cavab verməli olacaq.

Sözsüz ki, tarixi Qələbə günlərinin əbədiləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən olub. Azərbaycan xalqı bu unudulmaz tarixləri bayram günü kimi qeyd edir. Bu münasibətlə xalqımızı təbrik edirəm. Tarixi torpaqlarımızın işğaldan azad olunmasında canından keçmiş şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirəm”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər