25 Oktyabr 2023 23:37
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün mühüm təşəbbüslərlə çıxış edib. Məqsəd bölgədə münaqişələrə, qarşıdurmalara son qoymaq və ölkələr arasında normal əməkdaşlığa əsaslanan münasibətləri inkişaf etdirməkdir. “3+3” platforması da bu məqsədə xidmət edir”.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

O qeyd edib ki, “3+3” platforması 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan və Türkiyə tərəfindən təşəbbüs olaraq irəli sürülüb: “Bu təşəbbüs regionun bütün ölkələri üçün faydalıdır. Çünki bu ideya gerçəyə çevrilərsə, regionun həyatında yeni mərhələ başlayacaq. Yəni, bütün qarşıdurma və ziddiyyətlərə son veriləcək, region ölkələri qarşılıqlı əməkdaşlığı daha da gücləndirəcəklər. Yerləşdiyimiz regionun geosiyasi çəkisini nəzərə alsaq, təşəbbüsün reallaşması iqtisadi dividentlərlə yanaşı bütün ölkələr üçün rifah gətirəcək, eləcə də dünya üçün önəmini artıracaq.

Millət vəkili hesab edir ki, oktyabrın 23-də Tehranda “3+3” platforması çərçivəsində xarici işlər nazirlərinin görüşü bu baxımdan önəmli idi: “Şərq-Qərb, Şimal-Cənub dəhlizləri məhz bu coğrafiyada qovuşur. Bu olduqca mühüm amildir və dünyanın iqtisadi münasibətlər sistemində mühüm üstünlüklər formalaşdırır. Digər tərəfdən, platforma Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə də böyük töhfə verə bilər. Regionda iqtisadi münasibətlərin inkişafı və əməkdaşlığın möhkəmləndirilməsi Ermənistanın öz qonşuları ilə münasibətlərini sülh və ədalət çərçivəsində qurmasını tələb edir. Rəsmi İrəvan anlamalıdır ki, indiki halda iqtisadi inkişaf, regional əməkdaşlıq, qarşılıqlı anlaşma onların siyasi müstəqilliyini də təmin etmək iqtidarındadır. Əks halda, Ermənistan bütövlükdə siyasi-iqtisadi dalan olmaqdan xilas ola bilməyəcək”.

Fatma Yıldırım vurğulayıb ki, Tehran toplantısı çərçivəsində Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyə və ermənistanlı həmkarları ilə görüşü, eləcə də Türkiyənin XİN başçısı Hakan Fidanın erməni nazir Ararat Mirzoyanla görüşməsi sülh müzakirələrinin göstəricisidir: “Zəngəzur dəhlizinin açılması regional əməkdaşlığa güclü təkan vermiş olacaq. Ermənistan hələ də bu layihənin reallığa çevrilməsinə mane olmağa çalışır. Nəhayətdə rəsmi İrəvan öz gələcəyinin Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasından keçdiyini anlamalıdır. Zəngəzur dəhlizinin istifadəyə verilməsi, Türkiyə ilə sərhədlərin açılması və Azərbaycanla sülh sazişinin imzalanması Ermənistanın sosial-iqtisadi inkişafında müstəsna rol oynayacaq. Təəssüf ki, rəsmi İrəvan hələ də bunu anlamaq iqtidarında deyil. Bununla belə, bu ölkənin sülhə gəlməkdən başqa şansı yoxdur”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər