26 Oktyabr 2023 18:57
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 26-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Tbilisiyə işgüzar səfəri çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

Nazirlər Kabinetindən Teleqraf.com-a verilən xəbərə görə, Əli Əsədov Gürcüstan paytaxtında keçirilən Tbilisi İpək Yolu Forumuna dəvətə görə təşəkkürünü bildirdi, regional və qlobal gündəlikdə duran iqtisadi və nəqliyyat məsələlərinin müzakirəsi baxımından tədbirin əhəmiyyətini vurğulayıb.

Görüşdə iki ölkə arasında dövlətlərarası əlaqələrin inkişafından məmnunluq ifadə olundu, Prezident İlham Əliyevin və Baş nazir İrakli Qaribaşvilinin birgə səyləri nəticəsində strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli xarakter aldığı bildirilib.

Tərəflər ticarət-iqtisadi əməkdaşlığı təqdir edərək cari ilin 9 ayında qarşılıqlı ticarətin həcminin 12%-dən çox artdığını vurğuladılar.

İnvestisiya əməkdaşlığının artırılmasının vacibliyi qeyd olunaraq Azərbaycanın Gürcüstanın ən böyük investorlarından biri olduğu məmnunluqla vurğulanıb. Həmçinin ölkəmizdə əlverişli investisiya mühiti barədə məlumat verilib.

Enerji sektoru ikitərəfli əməkdaşlığın əsas prioritetlərindən biri kimi qiymətləndirildi. Bildirildi ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi layihələri həm Azərbaycanın, həm də Gürcüstanın iqtisadi tərəqqisinə mühüm töhfə verir.

Azərbaycan və Gürcüstanın birgə həyata keçirdikləri enerji və nəqliyyat layihələrinin Cənubi Qafqazın transformasiyasına xidmət etdiyi, regionun siyasi, iqtisadi, nəqliyyat və enerji xəritəsini dəyişdiyi bildirilib.

Tərəflər hər iki ölkənin ərazilərindən keçən nəqliyyat dəhlizlərinin potensialının genişləndirilməsinə böyük əhəmiyyət verdiklərini təsdiqləyərək Orta Dəhlizin artan əhəmiyyətini xüsusi vurğulayıblar.

Azərbaycan və Gürcüstandakı dəniz limanları Orta Dəhlizin mühüm halqaları kimi qiymətləndirildi. Liman infrastrukturu sahəsində əməkdaşlığın genişləndirilməsinin Orta Dəhlizin inkişafına xidmət edəcəyinə əminlik ifadə olunub. Eyni zamanda hər iki ölkənin iştirakı ilə həyata keçirilən “Yaşıl enerji dəhlizi" layihəsinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verəcəyi bildirilib.

Əli Əsədov Gürcüstanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin geniş qeyd edilməsinə görə təşəkkürünü bildirib. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin oktyabrında Gürcüstana işgüzar səfəri çərçivəsində Tbilisidə Ulu Öndərin anadan olmasının 100 illiyinə həsr edilmiş fotosərginin təşkil edilməsinin əhəmiyyəti vurğulanıb.

Görüş zamanı iki ölkə arasında həyata keçirilən konkret layihələr nəzərdən keçirildi, qarşılıqlı maraq doğuran müxtəlif istiqamətlərdə əməkdaşlığın perspektivləri müzakirə olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər